Azərbaycan teatrı həmişə ictimai fikrin ön sıralarında dayanaraq cəmiyyətin mədəni tərəqqisinə və milli şüurun inkişafına böyük töhfələr verib. Xalqımızın mədəni sərvəti olan teatrın qorunması və inkişaf etdirilməsi Azərbaycan dövlətinin mədəniyyət siyasətinin əsas istiqamətlərindəndir. 2023-cü ildə yaradılmasının 150 ili tamam olan Azərbaycan peşəkar milli teatrı ilə bağlı bir sıra tədbirlər təşkil edilir.
Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində milli teatrın yaradılmasının 150 illiyi çərçivəsində yazıçı-publisist Reyhan Mirzəzadənin məşhur rus dramaturqu A.N.Ostrovskinin 200 illik yubileyinə həsr etdiyi “Bəşəriyyətə şölə saçan teatr günəşi” adlı kitabının təqdimatı keçirilib.
Tədbirdə çıxış edən Yasamal Rayon Mərkəzləşmiş Kitab Sisteminin direktoru Lətifə Məmmədova ədəbi fikir tariximizin görkəmli nümayəndələrinin xalqa müraciət üçün teatr səhnəsindən yüksək xitabət kürsüsü kimi istifadə etdiklərini diqqətə çatdırıb. L.Məmmədova qeyd edib ki, A.N.Ostrovski rus ədəbiyyatında bütün həyatını dramaturgiyaya həsr edən yeganə yazıçıdır və o, milli realist teatrın, dramaturgiyanın yaradıcılarından biridir.
Kitabın redaktoru, yazıçı-publisist Zöhrə Əsgərova bildirib ki, R.Mirzəzadə rus ədəbiyyatının qüdrətli sənətkarları A.S.Puşkin, M.Y.Lermontov, İ.A.Krılov, N.V.Qoqol, V.A.Jukovski, N.A.Nekrasov, İ.S.Turgenev, F.M.Dostoyevski, L.N.Tolstoy, N.Q.Çernışevski, A.P.Çexov, M.Qorki, V.V.Mayakovski, A.Axmatova və digər yazarların yaradıcılığını, fəlsəfi baxışlarını, vətəndaş mövqelərini dərindən öyrənərək oxuculara təqdim edib.
Kitabın müəllifi Reyhan Mirzəzadə A.N.Ostrovskinin həyatı və zəngin yaradıcılığının bəşəriyyətə sədaqətlə xidmət nümunəsi olduğunu bildirib: “İstedadlı dramaturq bütün ruhu, zehni, qəlbi, mənəviyyatı ilə hər zaman rus xalqının həyatına bağlı bir şəxsiyyət olub. O, bütün yaradıcılığı boyu yanar ürəklə bərabər, yanar zəkanı da tərənnüm edib. Ostrovskinin zəngin məfkurəsi, qiymətli irsi bəşəriyyətin qəlbində silinməz izlər qoyub.
Onun “Cehizsiz qız”, “Tufan” və başqa əsərləri uzun illər Azərbaycan səhnəsində özünəməxsus yer tutub. Eyni zamanda, yeni aktyor nəslinin yetişməsində də bu tamaşaların əvəzsiz rolu olub. A.N.Ostrovskinin əsərləri Azərbaycan teatrının inkişafına öz mühüm təsirini göstərib, bu gün də göstərməkdədir. Bu kitab rus teatrının çətin, mübarizəli yollarından bəhs edir”. Müəllif, eyni zamanda, dramaturqun Bakı səfərindən də tədbir iştirakçılarına məlumat verib.
Daha sonra Milli Məclisin deputatı, Azərbaycan-Rusiya parlamentlərarası işçi qrupunun üzvü Aydın Mirzəzadə, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktrisası, Xalq artisti Natalya Şarovskaya, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Nofəl Vəliyev, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru Sevinc Mikayılova, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının truppa müdiri Ələsgər Muradxanlı, Rusiyanın Azərbaycandakı səfirliyinin birinci katibi Pavel Kuznetsov, Azərbaycan Dövlət Akademik Dram Teatrının ədəbi hissə rəhbəri Çingiz Ələsgərli, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rejissoru İradə Gözəlova çıxış edərək müəllifi təbrik ediblər, ona xoş arzularını bildiriblər. Sonra A.N.Ostrovskiyə aid videoçarxlar nümayiş olunub.
Bədii hissədə aktrisa Natalya Şarovskaya A.N.Ostrovskinin “Krasaves mujçina” və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi “Tufan” əsərindən monoloqları təqdim edib.
H.FİDAN, “Xalq qəzeti”