Gənclik çağlarımızda onun kitablarının əl-əl gəzdiyini gözəl xatırlayıram. “Qış gecəsi”, “46 Bənövşə”, “Kəndimizdə bir gözəl var”, “Sevdasız aylar” kimi romanları xəyallarımızı göylərə qanadlandırırdı. Təxminən 45 il əvvəl Sumqayıtda keçirilən tədbirlərin birində Salam Qədirzadənin özü ilə görüşüb tanış olanda hədsiz dərəcədə sevindim. Birlikdə çəkildiyimiz şəkli də əziz xatirə kimi qoruyub saxlayıram. Onunla, həmçinin İshaq İbrahimov, Fikrət Qoca, Pənah Xəlilov, Vaqif İbrahim və başqaları ilə birlikdə çəkilən həmin şəkildə unudulmaz bir an əbədiləşib.
İndi 100 yaşı tamam olan Salam Qədirzadə hələ uşaq yaşlarından ədəbiyyata böyük həvəs göstərib. Şeir və hekayələr yazıb, ədəbi dərnəklərə gedib. Orta məktəbdən sonra məhz bu sahədə təhsil almağı planlaşdırırdı. Lakin İkinci Dünya müharibəsi həmin arzuları ertələdi 18 yaşında könüllü şəkildə cəbhəyə yola düşdü. Davanın od-alovundan keçdi. Cəbhələrdə göstərdiyi şücaətə görə III dərəcəli Şöhrət ordeni, “İgidliyə görə” və sair medallarla təltif olundu.
Müharibənin arzularını düz 5 il təxirə saldığı gənc Salam ordudan tərxis edildikdən sonra elə həmin səbəbdən tikintisi yarımçıq qalmış Sumqayıta gələrək fabrik-zavod təhsili məktəbində müdir müavini vəzifəsinə təyin edilib. 1948-ci ildə universitetinin filologiya fakültəsinin qiyabi şöbəsinə daxil olub və respublika radiosunun yerli verilişləri üzrə məsul redaktoru vəzifəsində çalışıb. Daha sonra M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutuna təhsil almağa göndərilib. Moskvada tələbə ikən diplom işi olaraq yazdığı “Gənclik” povestini “Detgiz” nəşriyyatı ayrıca kitab şəklində nəşr edib. Qəlbi yaradıcılıq həvəsi ilə döyünən gənc Bakıya qayıdandan sonra Azərbaycan Yazıçılar İttifaqının orqanı olan “Azərbaycan” jurnalında çalışıb. Uzun illər “Kirpi” satirik jurnalında işləyib, beş il jurnalın baş redaktoru da olub. Onunla birlikdə işləmiş sumqayıtlı qələm dostum Zümrüd Baloğlanova həmişə Salam Qədirzadənin yüksək insani keyfiyyətlərindən, yumşaq ürəkli, lakin prinsipial bir rəhbər olmasından ağızdolusu danışır.
Salam Qədirzadə 35-dək kitabın müəllifidir. Oxucuların səbirsizliklə gözlədiyi əsərləri ən yüksək tirajlarla nəşr olunub. O, dramaturq kimi də tamaşaçıların rəğbətini qazanıb, pyesləri təkcə Azərbaycanda deyil, Ukrayna, Moldova və digər ölkələrdə səhnəyə qoyulub. “Hardasan, ay subaylıq?”, “Həmişəxanım”, “Gurultulu məhəbbət”, “Şirinbala bal yığır” kimi komediyaları indi də gündəmdədir.
Unudulmaz yazar yaradıcılıq baxımından çox dolgun, ömür baxımından isə cəmi 64 illik bir bir həyat yaşayıb. “Hər gün ömürdən gedir” adlı son kitabını görmək ona qismət olmasa da, inamla deyə bilərik ki, Salam Qədirzadə ömrünün hər gününün qədrini bilib, yaradıcılığının şəhdini, şirəsini kitab səhifələrinə sıxaraq oxucularına ərməğan edib.
Bu yazını hazırlayarkən övladları Ruslan və Leyla ilə zəngləşib danışdıq, sevə-sevə andıq onu. Qeyd etməyi borc bilirəm ki, onlar Salam Qədirzadənin ədəbi irsini böyük məhəbbətlə qoruyurlar.
Ə.NƏCƏFXANLI, “Xalq qəzeti”