Böyük qarma-qarışıqlıqlarla başlayan XX əsr özünün 90-cı illərinə ciddi hərbi-siyasi qarşıdurmalarla, milli-mənəvi böhranlarla gəlib çıxdı. Dünyanın bir çox xalqları kimi Azərbaycan xalqı da tarixin ən sərt sınaqlarından keçmək məcburiyyətində qaldı. Millətin və dövlətin suveren hüquqları, ölkənin ərazi bütövlüyü, vətəndaş qarşıdurması, xaos və özbaşınalıqla müşayiət edilən müxtəlif təhdidlər müstəqil Azərbaycan Respublikasının varlığını, dövlətçiliyimizin mövcudluğunu çətin suallar qarşısında qoydu. Belə mürəkkəb və qarışıq dövrdə xalqa liderlik və millətə öndərlik edən şəxsiyyətə böyük ehtiyac var idi. Düz yüz il bundan əvvəl Naxçıvanda dünyaya gələn və əsrin təlatümlərindən keçib bərkiyə-bərkiyə XX əsrin zirvəsinə gəlib çatan ulu öndər Heydər Əliyev millətin ümidinə, dövlətin dayağına, xalqın ehtiyacına çevrildi.
Respublikada 1990-cı ilin Yanvar faciəsi yaşanılarkən Moskvanın düz mərkəzində təqiblərə və təzyiqlərə baxmayaraq böyük siyasi səhnədə milli lider kimi görünən Heydər Əliyev inanılmaz cəsarətlə imperiya siyasətinin əleyhinə çıxaraq Bakıda qanlı hadisə törədənləri ifşa etdi, SSRİ rəhbərliyini kəskin tənqid edərək, doğma xalqı ilə bir yerdə olduğunu nümayiş etdirdi. Dünya məhz, onun dilindən əsl həqiqətləri eşitdi. Hadisələr məhz, onun dilindən özünün ilk siyasi qiymətini aldı. Həmin çətin anlarda Moskvadan Naxçıvana gələn ulu öndər Heydər Əliyev blokada şəraitində mövcudluğunu az qala itirmək təhlükəsi qarşısında qalan muxtar respublikaya yeni həyat verdi. Azərbaycanın azadlıq bayrağı ilk dəfə olaraq Naxçıvandan dünyaya açıldı.
Hərbi-iqtisadi, mənəvi-siyasi böhran bütün ölkəni bürümüşdü, ərazilər parça-parça qoparılırdı. Azərbaycan dövlətçiliyinin dağılmaq ərəfəsində olduğu bir vaxtda Heydər Əliyev xalqın isralı tələbi ilə Bakıya gəlib məkrli qüv-vələrin rəvac verdiyi separatizmin və vətəndaş qarşıdurmalarının önünə keçdi. Xalqı parçalanmaqdan, dövləti dağılmaqdan xilas etdi. Bu, sözün əsl mənasında, xalqın qurtuluşu, dövlətçiliyin xilası idi. Elə o zaman ulu öndər müstəqil Azərbaycan dövlətinin əsas prioritetlərini bir vəzifə kimi qarşıya qoydu: “Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir".
Cəmiyyət quruculuğunun əsas prinsipləri bəyan edildikdən sonra qarşıda ölkənin uzunmüddətli strategiyasının müəyyənləşdirilməsi dayanırdı. Heydər Əliyevin genişmiqyaslı yorulmaz beynəlxalq fəaliyyəti nəticəsində 1994-cü ilin sentyabrın 20-də Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə tarixi müqavilə imzalandı.
Artıq cəmiyyətin ictimai-siyasi hədəfləri bəlli idi, ölkənin uzunmüddətli iqtisadi strategiyası da beynəlxalq hüquqi müqavilə və sazişlərlə yaradılmışdı. Lakin demokratik cəmiyyət quruculuğunda Əsas qanunun hazırlanması, mükəmməl hüquq sisteminin və səmərəli məhkəmə hakimiyyətinin yaradılması ən vacib məsələlərdən biri kimi gündəlikdə dururdu. Hüquqi cəmiyyət quruculuğunda Konstitusiya əsas hüquqi baza idi. Ona görə də yeni Konstitusiya layihəsinin hazırlanması kimi cox ciddi və məsuliyyətli vəzifəni bilavasitə üzərinə götürən ulu öndər Heydər Əliyev xüsusi yaradılmış Konstitusiya komissiyasına şəxsən özü rəhbərlik etdi. O, "Konstitusiya yaratmaq üçün, şübhəsiz ki, tarixi keçmişimizə nəzər salmalıyıq, amma, eyni zamanda, ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən, təcrübədən istifadə etməliyik" kimi müdrik tezislərini irəli sürdü və bu istiqamətdə bütün problemləri öyrənərək, Azərbaycan Respublikasının ilk milli Konstitusiyasını yaratdı. Beləliklə, ümummilli liderimizin müəllifliyi ilə 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə ilk Konstitusiya qəbul edildi. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında demokratik hüquqi dövlətin bütün prinsipləri – qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunmuş, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilmişdir. Konstitusiyanın demək olar ki, üçdəbir hissəsi məhz bu məsələlərə aid idi.
Yeni Konstitusiyaya əsaslanaraq, mükəmməl hüquq sistemi formalaşdırmaq üçün ulu öndər qabaqcıl beynəlxalq təcrübəni, ümumbəşəri demokratik prinsipləri rəhbər tutaraq Azərbaycan xalqının dövlətçilik tarixi və ənənələri əsasında islahatlar aparmağa başladı və bu məqsədlə 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaratdı. Yaradılmış bu komissiyaya da şəxsən özü rəhbərlik etdi. "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanunlar və hüquq sisteminin mahiyyətini müəyyən edən əsas məcəllələrin layihələri hazırlanaraq nüfuzlu beynəlxalq qurumlarda ciddi ekspertizadan sonra qəbul edildi.
İnsan hüquqlarının qorunmasına müstəsna əhəmiyyət verən ümummilli liderimizin 1998-ci ildə imzaladığı "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanı ilə bu sahənin istiqamət və konsepsiyası müəyyən edildi, insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırıldı.
Ulu öndərin insan hüquqları sahəsində atdığı ən mühüm addımlardan biri də, heç şübhəsiz ki, ölüm cəzasının ləğvi olmuşdur. 1993-cü ildən ölüm cəzasının icrasına veto qoyulması, 1998-ci ildə isə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növünün tamamilə ləğv edilməsi ulu öndər Heydər Əliyevin nə qədər humanist olduğunu və onun mənəvi böyüklüyünü bir daha təsdiqləyirdi.
Gərgin və yorulmaz fəaliyyəti ilə gələcək nəsillərə güclü bir hüquqi dövlət qoyan ulu öndərin siyasi və mənəvi irsi bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük inam və uğurla davam etdirilir. Qlobal transmilli layihələrlə beynəlxalq əməkdaşlığın yeni səhifələrini yazan Prezident İlham Əliyev praqmatik siyasəti ilə Azərbaycanı həyatın bütün sahələrində yeni inkişaf mərhələlərinə çıxartdı. Ümummilli liderin böyük uzaqgörənliklə “Bizim görə bilmədiyimiz işləri bizdən sonra gələn nəsillər həyata keçirəcək, mən buna inanıram” dediyi dahiyanə fikirlər müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun Şuşaya, Laçına və işğal olunmuş bütün digər ərazilərimizə sancdığı bayraqlarla özünü təsdiqlədi.
Ulu öndərin adını daşıyan Heydər Əliyev Fondu və fondun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı humanitar layihələr isə min illik yaşı olan Azərbaycanın maddi və mənəvi irsinə sığal çəkərək qədim və zəngin tarixi mədəniyyətimizin bərpasında və dünyada tanıdılmasında müstəsna rol oynayır. Ulu öndər cismən dünyadan köçsə də onun mənəvi irsi bu gün də xalqa öz dəyərli töhfəsini verməkdə davam edir.
Ümummilli lider Heydər Əliyevin tarixi öndərlik dövrü ilə bağlı müxtəlif məqalələr, cild-cild kitablar yazılsa da, mükəmməl araşdırmalar aparılsa da bu böyük şəxsiyyət dövlətçilik tariximizdə özündən sonra elə bir irs qoymuşdur ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaqdır və bu irs heç zaman tükənməyəcəkdir.
Hikmət EYVAZOV,
Polis Akademiyasının şöbə rəisi, hüquq üzrə fəlsəfə doktoru, dosent