Həmsöhbətimiz – taleyinə 56 ildir ki, didərginlik yazılmış Bəylər Heydərov 10 may 1950-ci ildə Qərbi Azərbaycanın Dərələyəz mahalının Zeytə kəndində anadan olub. Ermənilərin soydaşlarımıza qarşı düşmənçiliyi ilə üzləşib, hüquqları tapdalanıb, mütəmadi olaraq təhqir edilib. Aramsız davam edən qeyri-insani münasibətə dözməyərək 1967-ci ilin payızında öz doğma yurd-yuvasını tərk etmək məcburiyyətində qalıb. Ata, ana, 3 qardaş və 5 bacısı ilə birlikdə Sabirabad rayonunun Şıx Salahlı kəndində məskunlaşıb.
– Bəylər dayı, gəlin əvvəlcə, kəndinizlə bağlı xatirələri yada salaq...
– Mən orta məktəbi orada bitirmişəm. O vaxt Dərələyəzdə iki rayon olmasına baxmayaraq, Azərbaycan dilində orta məktəb bir kənddə idi. Bu da Exeqnadzor (Keşkənd) rayonunun Qovuşuq kənd orta məktəbi idi. İki rayonun azərbaycanlı şagirdləri doqquz-onuncu sinifləri Qovuşuq kəndində oxumalı olurdular. Biz həmin məktəbə getmək üçün bir neçə erməni kəndindən keçirdik. Hər dəfə məktəbə gedib-gələndə erməni dığaları yolumuzu kəsərək bizimlə dalaşırdılar.
Ermənilər bizə “türk” deyirdilər və onların bu sözü deyəndə üzlərindəki nifrət, qəzəb ifadəsini heç cür unuda bilmirəm. Bundan başqa, rayon mərkəzinə bazarlığa gedərkən bizi təhqir edirdilər. Heç yadımdan çıxmır, kəndimizdə yaşayan Sonasər adlı erməni üzümə qarşı dedi ki, sovet höküməti olmasa sizin hamınızı öldürüb qanınızı içərdim. Bu söhbətdən sonra başa düşdük ki, əgər qalmalı olsaq, burada bizi yaxşı aqibət gözləmir. Ona görə də, nə qədər çətin olsa da, doğma vətənimizdən köçməyə qərar verdik və Sabirabadın Şıx Salahlı kəndinə gəldik.
– Dədə-baba yurd-yuvanızdan köç edəndə bütün kənd camaatı eyni yerə yerləşdirildi, yoxsa hərə bir tərəfə dağıldı?
– Qərbi Azərbaycandakı kəndimiz 50–60 evdən ibarət idi. Hazırda Azərbaycanın 30-dan çox rayonunda məskunlaşmışıq. Dediyiniz kimi, hərə bir tərəfə dağılıb. Necə deyərlər, nə öləndən xəbərimiz olur, nə itəndən. Hamı yadlaşır, ən yaxın qohum-əqraba bir-birini tanımır. Bax bu da bizim aldığımız zərbələrin, məncə, ən ağırıdır.
– O yerlərdən ötrü heç darıxırsanmı?
– Darıxmamaq olarmı, gecələr yuxularımda Dərələyəzi görürəm. 56 ildir elə bilirəm ki, kəndən dünən çıxmışam. Doğulub-böyüdüyün, babalarının məzarları kimsəsiz qalmış yurdu necə unudasan? Yuxularımız bizdən də sədaqətlidir... Oranın dağlarını, yamyaşıl ormanlarını, buz bulaqlarını, nərgizini, bənövşəsini, baldırğanını mən nə cür unudum? Mənim üçün nə qədər ağır olsa da, deməliyəm: uşaqlıgımın və gənclik illərimin ən yaxşı xatirələri Zeytədə qaldı.
– Bəylər dayı, nə vaxtsa o yerlərə qayıdacağına inanırsanmı?
– İnanıram! İnanmasam, yaşaya bilmərəm axı. İnandığım kimi də böyük ümidlərlə gözləyirəm. 44 günlük müharibədə Qarabağda torpaqlarımızı erməni işğalçılarından azad etdik. İnanıram ki, Ali Baş Komandan, dövlət başçısı məhtərəm İlham Əliyevin apardığı uğurlu siyasət bizi tezliklə Qərbi Azərbaycana da qaytaracaq.
– İnşallah, o günü hamımız səbirsizliklə gözləyirik.
Söhbəti hazırladı:
Səməd HÜSEYNOĞLU,“Xalq qəzeti”nin bölgə müxbiri


