Əştərəkdə qalan silinməz-pozulmaz izlərimiz...

post-img

Qərbi Azərbaycanın qədim bölgələrindən biri də Əştərəkdir. Tarixi qaynaqların verdiyi məlumata, burada yaşamış yerli xalqın mənşəyini, soy-kökünü əks etdirən yer adlarına əsaslandıqda aydın olur ki, Əştərək qədimdən oğuzların məskəni olmuşdur.

Əştərək İrəvan şəhərinin mərkəzin­dən cəmi 20 kilometr məsafədə yerlə­şir. Bu bölgənin də əhalisinin əksəriy­yəti azərbaycanlılar olmuşdur. Vaxtilə, Əştərək rayonuna daxil olan 50 kəndin 46-da azərbaycanlılar yaşamış, yer adları da türk mənşəli olmuşdur. Ermə­nilərin zaman-zaman Cənubi Qafqaza köçürülmələri isə onların bu ərazinin köklü sakinləri olan azərbaycanlıla­ra qarşı “etnik təmizləmə” və “türksüz Ermənistan” siyasətini həyata keçir­məsinə, torpaqlarımıza sahib çıxmaq uğrunda məkrli mübarizəsinə zəmin yaratmışdır. 

Bu proses hələ XV–XVl əsrlərdə başlanmışdır. Sonrakı dövrdə isə er­mənilər özləri üçün əlverişli və tarixi şəraitdən hər zaman öz milli maraqları naminə məharətlə yararlanmağa çalı­şıblar. Belə ki, XVI əsrdə Səfəvi dövləti ilə Osmanlı Türkiyəsi arasında başlan­mış müharibə dağınıq şəkildə yaşayan ermənilərin bu ərazilərdə müstəqil döv­lət yaratmaq xülyasını gücləndirmişdir. 

Görkəmli tarixçi alim professor Süleyman Məmmədov ermənilərin Əştərək bölgəsinin Hovhanəvəng (Xənəvəng), Batrinç, Kirəcli, Muğni, Oşakan (Üşəyən) Yeğvard (Yağaverd) kəndlərini azərbaycanlılardan satın al­ması barədə sənədlərin mövcudluğu­nu göstərmişdir. Ermənilərin bu çirkin niyyətləri və yağmaçı əməlləri sözsüz ki, gələcəkdə azərbaycanlıların tarixi torpaqlarında “Ermənistan” dövləti ya­radılmasına yönəldilmişdi.

İrəvan quberniyasının ən qədim kəndlərindən biri də Hamamlıdır. Əv­vəllər bu kənd İrəvan quberniyasının Abaran mahalının inzibati-ərazi böl­güsünə aid idi. Rusiya İrəvan xanlığını zəbt etdikdən sonra yeni inzibati-ərazi bölgüsü yaratmışdı. Həmin dövrdə Ha­mamlı Eçmiədzin qəzasının tərkibinə daxil edilmişdi. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra isə hə­min kənd Əştərək rayonuna aid edil­mişdir. Hamamlı kəndi dəniz səviyyə­sindən 1770 m yüksəklikdə yerləşirdi. 

Hamamlıdan cənuba baxanda in­sanın gözü Araz çökəkliyinə, Araz çayı yamaclarına və Ağrı dağının ətəklərinə qovuşurdu. İrəvan çökəkliyinin “hökm­darı” Böyük və Kiçik Ağrı dağlarıdır. Hamamlı kəndindən cənub-qərbə, şi­maldan cənuba doğru Ağmanqan sil­siləsinin zirvələri qatarlanaraq Zəngə­zur dağlarına doğru uzanır. Qarnıyarıq dağının zirvəsindən Göyçə gölü aydın görünürdü. Bir sözlə, Hamamlı kəndi elə bil ki, dağların daş qəfəsinin mərkə­zi idi. İlahinin yaratdığı bu qeyri-adi tə­bii gözəllik burada yaşayan əhalinin qanına, zəkasına və ruhuna qarışmış­dı. Hamamlıda hər şey insanla təbiətin vəhdətindən xəbər verirdi.

Təəssüf ki, Hamamlıda bir çox tarixi yerlər: məsələn “Dəmirdirək arxı”, “Qa­çaq Kərəm otağı”, “Ağoğlan ziyarətga­hı” kimi tarixi abidə, bir çox yazılı daş kitabə, qəbilə-tayfa və yer adları var idi ki, bunlar da kifayət qədər araşdırılma­mışdır. Ümumiyyətlə, Qərbi Azərbay­canın, eləcə də bu regionun tarixi, coğ­rafiyası, mədəniyyəti sovet dövrünün sərt qadağa və məhdudiyyətləri səbə­bindən lazımi səviyyədə öyrənilməmiş və diqqətdən kənarda qalmışdır.

Ermənilər bu ərazidə yaşayan azər­baycanlı əhaliyə qarşı soyqırımı və de­portasiya cinayətləri törədərək maddi və mənəvi irsimizi məhv etməyə ça­lışmışlar. Lakin onlar bu zəngin bütün izlərini silməyə nail olmamışlar. Coğ­rafi adlar yurd yerlərinə vurulan milli möhür, tatrixin yaddaşıdır. Hamamlı da belə onomastik vahidlərdən biridir. Hamamlı sakinləri ermənilər tərəfindən 1905,1915, 1918-1920,1948-1953-cü illərdə olmazın məşəqqətlərə, soyqı­rımlarına, deportasiyalara düçar olmuş və bir çox faciələrlə üzləşmişlər. 

Bu qanlı cinayətlər azərbaycanlılar yaşayan Əştərək, o cümlədən Təh­kiyə və Kirəşli kəndində daha aman­sız şəkildə həyata keçirilmişdir. Yaşlı nəslin nümayəndələrinin dediklərin­dən aydın olur ki, ermənilərin Təhkiyə kəndinə hücumu zamanı köməksiz, əliyalın qalan əhali məscidə toplaşa­raq elə zənn ediblər ki, ermənilər Alla­hın evində onlara toxunmazlar. Lakin qəddar düşmən Allahın evini camaat ilə bərabər yandırmışlar. Qonşu Üşü kəndinin azərbaycanlı əhalisi də hə­min faciənin dəhşətlərini, qətliamlarını yaşamışlar. 

Ermənilərin azərbaycanlıları sıxış­dırma və təqibetmə siyasəti XX əsr boyunca bir anda olsun belə sən­giməmişdir. Hamamlı faciəsi haqqında eşitdiklərim və vaxtilə bu müsibətləri yaşamış insanların dəhşət saçan şə­hadətlərindən məlum olur ki, 1918-ci ilin soyuq qış günlərinin birində qonşu Haxış kəndini ermənilər qılıncdan ke­çirmişlər. Hamamlı kəndini də eynilə qılıncdan keçirməyə çalışmışlar. Ha­mamlı camaatının güclü müqaviməti nəticəsində erməni qüvvələri çox agır itkilər verərək geri çəkilməyə məcbur olmuşlar. Amma ermənilərin aramsız hücumları nəticəsində azərbaycanlı əhali doğma yurd yerlərini tərk etməyə məcbur olmuşdur. Onlar əvvəlcə Zən­gibasarın Çobankərə və Mehmandar kəndlərinə getmişlər.

Bir müddət burda qaldıqdan sonra erməni quldur dəstələri bu bölgəyə də hücumlar təşkil etmişlər. Hamamlı ca­maatı zəngibasarlılarla, o cümlədən bölgənin bütün azərbaycanlı əhalisi ilə birlikdə Türkiyə ərazisinə keçmək üçün cənub-qərbə Araz çayına doğru üzlərini çevirmişlər. Babam bu dəhşətli mənzərəni göz yaşlarını saxlaya bilmə­yib, ağlaya-ağlaya danışardı ki, insan seli, uşaqların ağlaşması, böyüklərin qışqırtısı, dəhşətli səslər insanların ca­nını lərzəyə salır, adamın bədənində qanı donurdu: “Arxadan erməni topla­rının atəşindən canını qutarmaq üçün özlərini araza atanların bir hissəsini sel apardı, o taya keçənlərin bir hissəsi Türkiyə və Güney Azərbaycanda tələf oldu. Sağ qalanlar isə sonra çətinliklə geri qayıda bildilər”.

1920-ci ildə Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalmış azərbaycanlı əhali öz doğma ocağına qayıdır. 1918-1920-ci illərdə Hamamlı kəndini tərk etmiş 660 nəfər azərbaycanlıdan 1922-ci ildə cəmi 46 nəfəri öz doğma yurduna geri dönmüş­dür. Ermənilər bundan sonra düşmən­çiliklərini “bolşevizm”, “beynəlmiləlçilik” pərdəsi altında həyata keçirmişdir. So­vet rejiminin sonunda isə soydaşları­mızı Qərbi Azərbaycandan zorakılıqla çıxarmağa nail olmuşlar.

Cəlal ALLAHVERDİYEV,
filologiya üzrə fəlsəfə doktoru, dosent

filo.jpg

Sosial həyat