“Heydər Əliyev İli” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib

post-img

Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən "Heydər Əliyev İli" çərçivəsində silsilə tədbirlərin keçirilməsi davam etdirilir. 

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq Agentlik tərəfindən ağacəkmə aksiyası baş tutub. 

Ağacəkmə aksiyası Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Göygöl, Şəmkir və Tovuz rayonundan keçən hissələrində keçirilib. Aksiya zamanı yolun kənarı və ağac əkiləcək ərazi tullantılardan təmizlənilib, ərazidə olan ağaclara, bitkilərə mövsümi qulluq göstərilib, yaşıllıq zonasında təmizlik işləri aparılıb.

Aksiya çərçivəsində yerli iqlim şəraitinə uyğun 4 500-ə yaxın Eldar şamı, bundan başqa 7 minə yaxın sərv, küknar və digər həmişəyaşıl ağaclar əkilib, suvarılması təmin edilib. Mövsüm ərzində magistral yol boyunca 20 minə yaxın ağacın əkilməsi planlaşdırır.

Aksiyanın təşkil edilməsində əsas məqsəd Azərbaycanda ətraf mühitin və meşə zolaqlarının qorunması və mühafizəsini hər zaman diqqətdə saxlamış ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ekoloji mədəniyyətin formalaşması prosesinə töhfə vermək, ətraf mühitə qarşı qayğı ilə yanaşma hisslərini aşılamaq və ekoloji problemlərə qarşı mübarizəyə səsləməkdir.

Qeyd edək ki, avtomobil yollarının təhkim zolağında 2020-2021-ci illərdə 258 157 ədəd, 2022-ci ildə isə 147 075 ədəd, ümumilikdə 674.3 hektar ərazidə 404 595 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib. Hazırda 18,82 hektar ərazidə yaradılmış 9 tinglik sahəsində 135 827 ədəd ağac və kol bitkisi yetişdirilir.

Ağacəkmə-2.jpg

Sosial həyat