Hüseyn Cavidin ev-muzeyində “Erməni terroru muzey fondlarında” mövzusunda elmi sessiya keçirilib.
Muzeyin direktoru filologiya elmləri doktoru Gülbəniz Babaxanlı qeyd edib ki, 1918-ci ilin mart-aprel aylarında ermənilər Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və başqa bölgələrdə azərbaycanlılara qarşı amansız soyqırımı aktı törədiblər.
G.Babaxanlı 1918-ci ilin mart ayında ermənilərin törətdiyi qırğınlar zamanı görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin də ölüm təhlükəsi ilə üzləşdiyini qeyd edib. Bildirilib ki, cəlladlar Hüseyn Cavidi və onunla bərabər “Təbriz” mehmanxanasında olan digər insanları da ələ keçirib, onların əksəriyyətini güllələyiblər. Hüseyn Cavid isə təsadüf nəticəsində ölümün pəncəsindən xilas ola bilib.
Sonra mövzu ilə bağlı məruzələr dinlənilib. Məruzəçilər muzeyin fondunda qorunan materiallar əsasında ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımından bəhs ediblər. Tədbir iştirakçıları ermənilərin xalqımıza qarşı həyata keçirdikləri soyqırımı ilə bağlı təşkil edilən kitab və sənəd sərgisi ilə tanış olublar.
“Xalq qəzeti”