Hayastan bu il aprelin 1-dək Qarabağla Ermənistanı birləşdirən yolu inşa etməli, əvvəlki yol tamamilə Azərbaycanın nəzarətinə keçməli, Rusiya sülhməramlı kontingenti isə oradan çıxmalı idi. İndi İrəvanın və sülhməramlıların boynuna götürdükləri öhdəliyi yerinə yetirmələrinin məqamıdır.
2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 6-cı maddəsində göstərilir: “Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 km. enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur”.
Dövlətimizin başçısının tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində icra olunan yol infrastrukturu layihələrindən biri də Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun çəkilişi idi. 2021-ci ilin iyulunda tikintisinə start verilən, Laçın rayonunun 6 kəndindən keçən, uzunluğu 28 kilometr olan yeni yolun inşası bir ilə tamamlandı və 2022-cü il avqustun əvvəlində təhvil verildi. Həmin vaxt Bakı və İrəvan arasında əldə olunmuş razılaşmaya əsasən, Ermənistan səkkiz ay ərzində öz ərazisindən keçəcək 11 kilometrlik yeni yolun çəkilişini başa çatdırmalı idi. Bunun ardınca əvvəlki yol tamamilə Azərbaycanın nəzarətinə keçməli və Rusiya sülhməramlı kontingenti isə oradan çıxmalı idi. Ermənistan müdafiə nazirliyi bu öhdəliyin yerinə yetirildiyini, göstərilən yolu inşa etdiyini açıqlayıb. Amma Rusiya sülhməramlı kontingenti nədənsə, üçtərəfli Bəyanatın şərtinə əməl etməyə, köhnə yoldakı nəzarət postlarını götürməyə tələsmir.
* * *
Yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar rayonun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə yüksəkliyi, əsas və yardımçı yolları, eləcə də sərhədboyu bir sıra əraziləri Azərbaycan Ordusu özünün nəzarətinə götürüb.
Həllini gözləyən ikinci vacib məsələ Ermənistan ordusunun tör-töküntüsünün Qarabağdan hələ də çıxarılmamasıdır. 10 noyabr üçtərəfli Bəyanatın 4-cü maddəsini İrəvanın yadına salaq: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”.
Hayların baş naziri isə üç gün bundan öncə kabinetin iclasında Qarabağda Ermənistan ordusunun olmadığını, bölgəyə silah daşınmadığını həyasızcasına bəyan etdi və hətta beynəlxalq təşkilatların, Aİ mülki missiyasının bu faktı yoxlaya biləcəyini irəli sürdü. Qarabağ iqtisadi rayonunda Ermənistan ordusunun marıqda dayandığını bizim kimi, burada sülhməramlılarını müvəqqəti yerləşdirmiş Kreml də yaxşı bilir. “Hayastan ordusunun” Azərbaycan ərazindəki “legion”unun sayı da məlumdur: 10 min hərbçi. Bu faktı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinkenlə telefon danışığında rəsmən bildirib. Yəni, gizlədilməsi mümkün olmayan bu reallıqdan beynəlxalq ictimaiyyətin də xəbəri var.
* * *
Yalanın hər rəngindən, çalarından faydalanan Paşinyanı indi, hətta, yaxın müttəfiqləri belə sülhə aparan yola dəvət edir. O isə vaxtın getdikcə daraldığını, sonda ilgəyə dönüb onun boğazına keçəcəyini sanki görmək və qəbul etmək istəmir. Axı, Qərbin və Şərqin arasında dəstəksiz qalmış baş nazirin son vaxtlar daxili problemləri də boğazına dirənib. Onun özünün və iqtidar partiyasının erməni ictimaiyyəti arasında reytinqi kəskin şəkildə aşağı düşməkdədir. Bəli, özü-özünü dalana dirəyənin vəziyyəti heç də qibtə ediləsi deyil.
Fərhad MƏMMƏDOV,
politoloq:
– Yeni yolla bağlı öhdəliyi Azərbaycan il yarım ərzində tam həcmdə yerinə yetirdi. Ermənistan tərəfi isə öhdəsinə düşən və öz ərazisindən keçən 11 kilometrlik yolu səkkiz ay ərzində tikib, aprelin 1-dək təhvil verməli idi. İndi onlar yeni Laçın yolundan istifadə etməlidirlər. Burada əsas məqam odur ki, həmin yolun bir neçə yerində bu və ya digər formada artıq Azərbaycanın nəzarət mexanizmi formalaşıb. Yəni, bu nəzarət Şuşa yaxınlığında ekoaksiya, eləcə də 20/54 yüksəkliyi vasitəsi ilə həyata keçirilir. O ki qaldı Ermənistanla şərti sərhədimizə, düşünürəm ki, bu proses də tezliklə öz həllini tapacaq.
Bakının əsas məqsədi odur ki, Laçın yolu 2025-ci ilə qədər Rusiya sülhməramlılarının nəzarətində qalmaq şərtilə ancaq humanitar xarakterli daşımalar üçün istifadə edilsin. Bunun müddəti, iş rejimi məlumdur və Azərbaycan bu yoldan keçəcək yüklərin və insanların təhlükəsizliyinə zəmanət vermək öhdəliyini yerinə yetirəcək. Bunun üçün isə Azərbaycan sərhəddən ərazimizə bütün giriş-çıxışlara nəzarət funksiyasına malik olmalıdır. Çünki 10 noyabrdan sonrakı iki il dörd ayda bu yoldan Qarabağa silah-sürsatın, təbii ehtiyatlarımızın kənara daşınması, eləcə də İran terrorçularının, Qərbin ermənipərəst, üzdəniraq siyasətçilərinin ərazimizə daxil olması üçün istifadə olunub. Belə faktlar kifayər qədərdir. Ona görə bütün bu problemləri kökündən həll etməkdən ötrü beynəlxalq hüquqa uyğun rəsmi qaydada nəzarət forması yaradılmalıdır. Azərbaycan isə öz üzərinə düşən öhdəlikləri lazımi səviyyədə yerinə yetirəcək.
İmran BƏDİRXANLI, “Xalq qəzeti”