Hər bir dövlət beynəlxalq və milli hüquq çərçivəsində mövcud olan bütün vasitələrlə öz suverenliyini digər dövlətlərin mənfi təsirindən qorumağa çalışır. Çünki əks halda o, suveren hüquqlarının bu və ya digər hissəsini itirmək riski ilə üzləşir ki, bu hüquqi vəziyyət də dövlətin suveren hüquqlarının dəyişdirilməsinə gətirib çıxarır. Bunu gözəl bilən Qərb dövlətləri də qeyri-hökumət təşkilatları adı altında başqa dövlətlərə təsir göstərməyə, vətəndaş-dövlət münasibətlərini öz mənafelərinə uyğun formalaşdırmağa çalışırlar.
Son illərin təcrübəsi göstərdi ki, dövlətlər birbaşa təsir tədbirləri (hərbi işğal, iqtisadi sanksiyalar və s.), habelə dolayı təsir tədbirləri ilə bir-birinin işlərinə müdaxilə edə bilirlər. Müasir dövrümüzdə bu cür dolayı təsir tədbirlərinin məcmusu “yumşaq güc” adlanır. Əlbəttə, xarici siyasət problemlərinin həlli üçün “yumşaq güc” alətlərindən, ilk növbədə, vətəndaş cəmiyyətinin imkanlarından, informasiya-kommunikasiya, humanitar və digər metod və texnologiyalardan istifadə edilməsi, ənənəvi diplomatik metodlarla yanaşı, müasir beynəlxalq siyasətin tərkib hissəsidir. “Yumşaq güc” alətləri nəzərə alınmaqla xarici siyasət prioritetləri formalaşdırılır. Bunlar etimadın yaradılması, bütün dünya üçün ümumi olan təhdidlərlə mübarizə, iqtisadiyyat, ticarət, təhsil, mədəniyyət, elm və texnologiya sahələrində əməkdaşlığın genişləndirilməsi, iqtisadi inkişaf yolunda maneələrin aradan qaldırılmasıdır.
Tədqiqatçıların fikrincə, praktikada müasir reallıqlarda “yumşaq güc” anlayışının mahiyyəti hədəf dövlətlərlə birbaşa hərbi toqquşmaların risklərini və maliyyə xərclərini minimuma endirmək məqsədi ilə şərait və imkanların yaradılması üçün vasitələrdən istifadə etməkdir. Son zamanlar elmi ictimaiyyətdə belə bir fikir formalaşıb ki, qeyri-hökumət təşkilatları “yumşaq güc” alətlərindən biridir, sosial və humanitar kontekstin yayılması isə onların fəaliyyətinin ən populyar sahələrindən birini əhatə edir. Bir tərəfdən qeyri-hökümət təşkilatları vətəndaş cəmiyyətinin mühüm tərkib hissəsidir, digər tərəfdən onların fəaliyyəti “yumşaq təsir” yollarındandır. Əgər bir dövlətdə fəaliyyət göstərən qeyri-kommersiya təşkilatı xaricdən maliyyələşirsə, o zaman ondan bu dövlətə qarşı əlverişsiz qərarlar qəbul etmək üçün istifadə oluna bilər. Postsovet ölkələrində də məhz bu tendensiya müşahidə edilir. Qərb dövlətləri öz maraqlarını qəbul etdirmək üçün qeyri-hökumət təşkilatlarından yararlanmağa çalışırlar. Belə təşkilatlar vətəndaş cəmiyyətinin inkişafına töhfə verməkdən daha çox, ölkənin daxili siyasi həyatına müdaxilələr etməklə məşğul olurlar.
Ötən müddət ərzində Azərbaycanda da eyni tendensiya müşahidə olunurdu. Ölkəmizdə fəaliyyət göstərən ABŞ-ın və Avropanın bəzi beynəlxalq təşkilatları ictimai-siyasi prosesləri manipulyasiya etməyə çalışırdılar. Onlar Azərbaycan dövləti ilə müəyyən sahələrdə əməkdaşlıq etsələr də, əsas “missiyalarını” unutmurdular. Belə ki, USAİD, NED, Fridrix Nauman, Marşall, İREX və digər beynəlxalq təşkilatlar özlərinə sadiq qeyri-hökumət təşkilatları, media qurumları yaratmaqla, radikal siyasi qüvvələrin dövlət əleyhinə fəaliyyətlərini dəstəkləyirdilər. Heç kimə sirr deyil ki, başda USAID olmaqla, ABŞ və Avropanın bir çox siyasi institutları cəmiyyəti yanlış tərəfə istiqamətləndirib ictimai-siyasi proseslər üzərindən manipulyativ mühit formalaşdırmağa can atırlar. Əsas hədəflərinin Azərbaycanda “beşinci kolon” formalaşdırmaqdan ibarət olduğu bu təşkilatların xüsusi xidmət orqanlarına bağlılığı da məlumdur.
Artıq heç kəsə sirr deyil ki, bəzi beynəlxalq təşkilatlar ABŞ-ın maraqları üzərində qurulmuş xətt üzrə irəliləyir, qərarlar qəbul edir və ya Qərb dövlətlərinin müxtəlif adlar altında yardımlar ayırması hansısa gizli maraqlara söykənir. Belə təşkilatlardan biri də, ABŞ Beynəlxalq İnkişaf Agentliyidir (USAİD). Bu agentliklə bağlı onun indiyədək Vaşinqtonun maraqlarına xidmət edən gizli işlərdə əli olduğunu sübut edən materiallar mövcuddur. Belə ki, USAİD-ın yüksək vəzifəli məmuru etiraf etmişdi ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) onların əməliyyatlarına yardım göstərən üçüncü tərəflərin pul vəsaitləri və müqavilələrlə təmin olunmasında USAİD-dən istifadə edir. Bu barədə İspaniyanın “Rebelion” qəzetində Yeva Qolinqerin “Mərkəzi Kəşfiyyat İdarəsi USAİD-dən pərdələnmək üçün istifadə edir” adlı məqaləsində bildirilmişdi. Məqalədə uzun illər USAİD-də çalışan və regional proqramlarla işləyən məmura istinadən bildirilmişdi ki, MKİ bu təşkilatın adından müqavilələr bağlayır, özü isə mövcud prosesdən kənarda qalır. “New York Times” qəzetinin yazdığına görə, MKİ və Pentaqonun podratçı şirkəti olan “Development Alternatives, Inc” (DAI) təşkilatının əməkdaşı Kubada müxalifət qruplarına təbliğat materialları verərkən yaxalanmışdı. Qərb ekspertlərinin fikrincə, USAİD-ın layihələri Mərkəzi Kəşfiyyat İdarəsinin əməliyyatları üçün sığınacaq rolunu oynayır.
Amma bütün ifşalara baxmayaraq, adı sadalanan təşkilatlar “missiyalarından” əl çəkməyi düşünmürlər. Hələ də MKİ-nin alt qolu kimi fəaliyyət göstərən USAİD fəal şəkildə başqa dövlətlərin işlərinə müdaxilə etməyə çalışır. Təşkilatın 2023–2025-ci illərdə müxtəlif ölkələrdə “vətəndaş cəmiyyəti” qurculuğuna 9,5 milyard dollar vəsait ayırması dediklərimizi təsdiqləyir. Bu günlərdə açıqlanmış “Demokratiya doktrinası” çərçivəsində bu vəsaitin müxtəlif ölkələrdə çevriliş planlarının reallaşdırılmasına yönəldiləcəyi şübhə doğurmur. Yeri gəlmişkən, hazırda USAİD-a ermənipərəst Samanta Pauer rəhbərlik edir. Bu, həmin qadındır ki, erməni yalanlarına “sədaqətini” sübuta yetirmək üçün sentyabrın 21-də dünyaya göz açmasına baxmayaraq, 24 apreli– qondarma soyqırımı “gününü” özünün doğuluş günü elan etmişdi. Xatırladaq ki, hələ 2015-ci ildə ölkənin BMT-dəki nümayəndəsi S.Pauer ABŞ-ın o vaxtkı vitse-prezidenti Co Baydenlə birlikdə Vaşinqtonda qondarma “soyqırımı”nın 100-cü ildönümünə həsr olunmuş mərasiminə qatılmışdı. Ermənistanın sabiq quldur prezidenti Serj Sarkisyan da orada olmuşdu. Buna görə belə qatı ermənipərəst mövqe tutan qadını rəsmi İrəvan “dəyərli tərəfdaş” adlandırması təsadüfi deyil.
USAİD Azərbacyanda 1991-ci ildən fəaliyyət göstərir. Rəsmi saytlarında qeyd olunur ki, əsas missiyası zəif inkişaf etmiş, ehtiyacı olan ölkələrə dəstək göstərməkdir. SSRİ-nin dağılmasından sonra postsovet məkanında sosial-iqtisadi vəziyyət ağır olduğundan, bu təşkilatın fəaliyyət göstərməsi müəyyən suallar doğurmurdu. İndi vəziyyət tam başqadır. Hazırda Azərbaycan başqa ölkələrə yardım göstərir. Pandemiya dövründə dünya bunun şahidi oldu. Belə olduğu halda məntiqli sual ortaya çıxır: USAİD-in ölkəmizdə faəliyyət göstərməsinə ehtiyac varmı? Missiyası zəiflərə kömək etməkdirsə, o zaman təşkilatın rəhbərinin amerikalı vergiödəyicilərin pullarını çox sevdiyi zəif və yoxsul Ermənistana istiqamətləndirməsi daha məqsədəuyğun olardı.
“Xalq qəzeti”