Novruz bayramına qədər dörd çərşənbənin qeyd edilməsi həmişə xoş əhval-ruhiyyə yaşadır. Rəmzi məna daşıyan çərşənbələri də ulularımız bayram hesab etmişlər. Çünki torpağa nəfəs gəlir, təbiət, eləcə də, bütün canlılar oyanır.
Çərşənbələr sırasında bu gün qeyd etdiyimiz sonuncu – Torpaq çərşənbəsinə el arasında “İlaxır çərşənbə”, “Yer çərşənbəsi”, “Çərşənbə–suri” də deyilir. Torpaq çərşənbəsində torpağa istilik gəlir və bütün təbiət oyanmağa başlayır. Bununla bağlı xalq arasında bir çox inanclar yaranmışdır. Dörd ünsürdən sonuncunun oyanması ilə Sel, Atəş, Yel və Torpaq daha böyük güc alır. İnsanlar yoxsulluq və qıtlıqdan, çətinlik və məhrumiyyətdən xilas olurlar.
Bu inamla bağlı xalq arasında yayılmış mifoloji təsəvvürə görə insanların qıtlıqdan, yoxsulluqdan əziyyət çəkdiyi bir zamanda Sel, Atəş, Yel, Torpaq Xatunun yeraltı məbədinə qonaq gəlirlər.
Axır çərşənbə mərasim, ayin, etiqad, oyun və şənliklərlə daha çox zəngindir. Bu çərşənbədə əvvəlki çərşənbələrdə icra olunan bütün ayinlər kütləvi xalq şənlikləri kimi qeyd olunur.
Adətlər, inanclar...
Çərşənbə axşamı ailədə könül açan sözlər danışıb, dava-dalaş etməzlər ki, qulaq falına çıxan şəxs xoşagəlməz ifadələr eşidib evinə ümidsiz dönməsin. Qədim el adət və inanclarına görə, ilaxır çərşənbədə uşağa beşik düzəldərlər, gün çıxmamış su üstündən hoppanar, tonqal yandırar, kəlin buynuzuna qırmızı bağlayarlar. Bu gündə qorxanların başından su töküb qorxuluğunu alarlar, ailə üzvlərinin sayına görə şam yandırar, onu yarımçıq söndürməzlər, evdən od, kibrit, neft, ağartı, un, çörək verməzlər. Axır çərşənbə gecəsi tez yatmazlar, evdə qazan asar, vəfat etmiş yaxın adamları yada salar, onların adını çəkib “filankəslərin adına qazan asdım” – deyib qazana ət, düyü və digər ərzaqlardan tökərlər. Çərşənbə günü ev-eşikdə ertədən lampa yandırarlar.
İlaxır çərşənbədə həyət-bacada qalanan tonqalın üstündən atılıb ağrı-acılarının oda tökülməsini arzu edirlər: “ağırlığım-uğurluğum, qadam-balam tonqalda yansın”, yaxud “ağırlığım odlara, tonqaldan mənimlə atılmayan yadlara”. Burada məqsəd qışdan qalan dərdin, ağrı-acının adamın canından tökülməsi, insanın sağlam ruhla, saf qəlblə bayrama qovuşmaq istəyidir.
Süfrəmiz bol olsun...
Həmin gün səməni halvası hazırlanır, 7 növ xörək və ya şirniyyat bişirilir. Bayram süfrəsində balığın olması bərəkət rəmzi hesab edilir. Bişmiş və ya qurudulmuş bütöv balığı süfrəyə gətirər, bir tərəfinə su, digər tərəfinə isə düyü qoyar, balığın gözünə baxıb, arzu tutarlar. Sonra balıqdan bir az yeyər və inanarlar ki, arzular tezliklə çin olacaq. Süfrənin əsas bəzəyi al-əlvan boyadılmış şadlıq rəmzi olan yumurta, bir də baharın gəlişini əks etdirən səmənidir. Evimizin xeyir–bərəkəti, bol ruzili, gur yanan ocaqlı olması diləyilə İlaxır çərşənbəmiz mübarək olsun!
Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”