Gimnastikamıza qızıl medal qazandıran Dünya yarışı

post-img

Azərbaycan daha bir bir nüfuzlu turnirə – kişi və qadın idman gimnastikası üzrə Dünya Kuboku yarışına böyük uğurla ev sahibliyi etdi. 

Milli Gimnastika Arenasında baş tutan və ölkəmizdə gimnastika növləri üzrə keçirilən sayca ikinci beynəlxalq turnir bir sıra hadisələrlə əlamətdar oldu. Belə ki, bu növ üzrə ölkəmizdə təşkil olunan dünya kuboku yarışları tarixində iştirakçı ölkə sayına görə re­kord göstərici (48 ölkə, 173 idmançı) qeydə alındı. 

Digər tərəfdən yığma komanda­mızın üzvləri bu turnirdə iştirak edən dünya şöhrətli gimnastika ulduzları ilə əzmkarcasına mübarizə apardılar ki, bu da komandamızın yüksək hazırlıq səviyyəsindən xəbər verirdi. 

Yığmamızın üzvlərindən ən yaxşınəticəyə isə Nikita Simonov imza atdı. Təsnifat mərhələsində çıxışı ilə fərqlənərək hakimlərdən ən yüksək xal almağı bacaran atletimiz həlledici mərhələdə də bütün rəqiblərindən üs­tünlüyünü nümayiş etdirdi. N.Simonov fəxri kürsünün birinci pilləsinə yüksəl­məklə Azərbaycan bayrağını qaldırıb, himnimizi səsləndirdi. Qeyd edək ki, o Dohadakı Dünya Kuboku yarışında isə üçüncü yeri tutub. 

Komandamızın digər üzvləri də özünəinamlı çıxışları ilə yadda qaldılar. Belə ki, daha iki gimnastımızın bu nü­fuzlu yarışın final mərhələsinə vəsiqə qazanması yaxşı nəticə hesab oluna bilər. Həlledici mərhələdə İvan Tixonov turnikdə 8-ci oldu. Bu ildən böyüklərin yarışında gücünü sınayan Nazənin Teymurova da sərbəst hərəkətlərin ic­rasında eyni nəticə göstərdi. 

Bununla da komandamız Dünya Kuboku yarışını bir qızıl medalla başa vurdu.

 

L.QURBANOVA

15-3.jpg

İdman