Avropa çempionatı başa çatır

post-img

Serbiyanın Vrnyaçka Banya şəhərində kişi şahmatçılar arasında keçirilən şəxsi Avropa çempionatı bu gün başa çatır. Artıq çempionatda on tur geridə qalıb. Gərgin mübarizə şəraitində keçən yarışın onuncu turunda maraqlı anlar yaşanıb. 

Belə ki, onuncu turun nəticələrinə əsasən, FİDE bayrağı altında çıxış edən rusiyalı şahmatçı Aleksey Sara­na liderliyi ələ keçirib. Onuncu turda Aleksey Sarana həmyerlisi Andrey Esipenko ilə heç-heç edib. Hazırda onun hesabında 8 xalı var. İkinci yerdə rumıniyalı Kiril Şevçenko qərarlaşıb. On turdan sonra K.Şevçenko da 8 xal toplayıb. Doqquzuncu turda Aleksey Saranaya məğlub olaraq liderliyi əldən verən ukraynalı Anton Korobov onun­cu turda isə heç-heçə edib. Hazırda Anton Korobov 7,5 xalla ilk üçlüyü ta­mamlayır.

Azərbaycanlı qrossmeyster Aydın Süleymanlı doqquzuncu turda ermə­ni Şant Sarksyanla heç-heçə edib. Onuncu turda isə həmyerlimiz bolqar şahmatçı İvan Çeparino ilə sülh bağ­layıb. Onun hesabında 6,5 xal var. Digər təmsilçimiz Məhəmməd Murad­lı isə türkiyəli Ərdoğmuş Yavuz Kaan üzərində qələbəyə sevinən tərəf olub. Məhəmməd Muradlının da aktivində 6,5 xal mövcuddur. 

Turu qalib başa vuran şahmatçıları­mızdan biri də Ülvi Sadıqovdur. O, çer­noqoriyalı Stefan Tadiç üzərində qələ­bə qazanıb. Ülvi Sadıqov 6 xal toplayıb. 

Həmyerlimiz Xəzər Babazadə də onuncu turda Niderland təmsilçisi Van Dael Sien üzərində qələbə əldə edib. Babazadənin aktivində 5,5 xalı var. 

Serbiyada Azərbaycan şahmatçı­larının daha bir dueli isə Abdulla Qə­dimbəyli və Eltac Səfərli arasında baş tutub. Görüş sülhlə yekunlaşıb. Şah­matçılarımız hərəyə yarım xal qaza­nıblar. Onların hər ikisi 6,5 xal toplayıb.

Doqquzuncu turda monteneqrolu şahmatçı Cukic Nikolaya qalib gələn Azərbaycan şahmatçısı Misrətdin İs­gəndərov (6,5 xal) onuncu turda ispa­niyalı Santos Latasaya məğlub olub. 

Doqquzuncu turda ispaniyalı San­tos Latasa ilə heç-heçə edən həmyer­limiz Namiq Quliyev isə onuncu turu məğlub başa vurub. O, Çexiyanı təmsil edən vyetnamlı Nquen Tay Day Vana uduzub. Onun hesabında 6,5 xalı var. 

Onuncu turda Əhməd Xaqan (4,5 xal), Vüqar Rəsulov (5,5 xal), Ülviyyə Fətəliyeva (4,5 xal) və Nicat Abasov da (6,5 xal) oyundan məğlub ayrılıblar. Ümumiyyətlə, on tur ərzində çempio­natda təmsilçilərimiz arasında ən yaxşı nəticə Nicat Abasova məxsusdur.

Qeyd edək ki, ümumi mükafat fon­du 100 min avro olan çempionatda ən yaxşı nəticə göstərən 23 şahmatçı bu il yayda Bakıda keçiriləcək dünya kubo­kuna vəsiqə əldə edəcək.

 

Elçin ABBASOV, “Xalq qəzeti”

İdman