Onlar beş nəfərdir. Beşi də ölkəmizdə yaxşı nüfuz sahibidir, demək olar, hamıya tanışdır. Aralarında yaş fərqi çox deyil. Ən yaşlısı ən kiçiyindən yeddi yaş böyükdür. Ən azı iyirmi beş ildir bir yerdədirlər, eyni məqsədə xidmət edir, doğma vətəndə şahmatın uğurları üçün düşünür, çalışır və bu işin öhdəsindən gəlməyi bacarırlar. Əzmkarlıqlarına, möhkəm iradələrinə mükafat olaraq fəxrlə qrossmeyster adı daşıyırlar, uzun illərdir milli komandamızın şərəfini layiqincə qoruyurlar. Ən başlıcası isə beşi də bahar oğludur, yəni hamısı ilin ən mülayim, həmişə hər birimizin sevinclə, təbəssümlə gözlədiyimiz və qarşıladığımız bahar fəslində dünyaya göz açıb.
Əgər Azərbaycanda kişi şahmatının bu qızıl beşliyindən hər hansı biri ilin başqa fəslində doğulmuş olsaydı, bəlkə də, indi oxuduğunuz sətrlər öz mənasını müəyyən dərəcədə itirərdi və ya bu gün qəzet səhifəsinə çıxarılmazdı. Amma, təkrar edək, beşi də bahar oğullarıdır – kimisi martda, kimisi də apreldə və mayda doğulub.
Aralarında ən yaşlısı beynəlxalq şahmat dairələrində ilk dəfə kiminsə, nə vaxtsa çox dəqiq işlətdiyi "Şah" ləqəbi ilə tanınan Şəhriyar Məmmədyarov aprelin 12-də (1985-ci il), Teymur Rəcəbov martın 12-də (1987), Rauf Məmmədov aprelin 26-da (1988), Qədir Hüseynov mayın 21-də (1986), nəhayət, beşliyin "sonbeşiyi" Eltac Səfərli mayın 18-də (1992) həyata "biz gəldik" demişlər.
Çox səmimi və mübariz komandadır. Millimizin indiyə qədər əldə etdiyi uğurlarda, xüsusən də üç Avropa çempionatında – Novi Sad-2009 (Serbiya), Varşava-2013 (Polşa) və Krit adası-2017 (Yunanıstan) qızıl medallar qazanmasında hər birinin xidməti böyük olmuşdur. Deməli, parlaq zəka sahibləri olduqlarını tam sübuta yetirmişlər.
Yenə elimizə-obamıza bahar gəlib. Həyat daha fəallıqla davam edir. Avropa çempionatlarının üçqat qızıl komandasının üzvlərini qarşıda yeni sınaqlar gözləyir. Beynəlxalq Şahmat Federasiyasının 2023-cü ilin yarışlar təqvimində nəzərdə tutulan ən məsul turnirlərdən biri iyulun sonu–avqustun əvvəlində Bakının ev sahibliyi edəcəyi və planetin bir-birindən məşhur qrossmeysterlərini paytaxtımıza toplayacaq Dünya kuboku yarışı olacaq. Beşlik bu turnirdə geniş təmsil olunmaq, "doğma divarlar" arasında yüksək yerlər uğrunda layiqincə mübarizə aparmaq əzmindədir. Dostlara uğurlar arzulayaq!
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist