Heydər Əliyev ilə tez-tez görüşmürdüm. Amma hər görüşün bir ömürlük xatirəsi var. O, demək olar ki, mənim müəllimim idi. Heydər Əliyev və Dinmuhammed Kunayev – bu insanlar mənim siyasi və ümumtürk dünya görüşümü formalaşdırıblar.
Oljas SÜLEYMENOV,
Qazax yazıçısı, ictimai xadimi
Bəli, el məsəlidir, dağa uzaqdan baxanda onun həqiqi möhtəşəmliyini asanlıqla görə bilirsən. Mən xoşbəxt adamam ki, türk dünyasının Heydər Əliyev zirvəsinə, təxminən, 40 il uzaqdan baxmışam. Ona görə də ümummilli liderimizin böyüklüyünü daha yaxşı görənlərdən biri də mənəm. Əslində, Azərbaycandan kənarda yaşasam da, həm coğrafi həm də mənəvi bağlılıq baxımından Vətəndən o qədər də uzaqda deyiləm.
... 1972-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu neft və qaz quyularının qazılması ixtisası üzrə (neft-mədən fakültəsi) bitirmiş və Qazaxıstanın Manqışlaq vilayətində yerin təkinin mənimsənilməsində iştirak etmək üçün gənc mütəxəssis kimi bu ölkəyə göndərilmişdim. Əmək fəaliyyətinə Uzen Qazma İşləri İdarəsində qazmaçı köməkçisi kimi başlamışdım.
Ulu öndər haqqında qələmə almaq istədiyim sətirlərin əvvəlində öz tərcümeyi-halımdan faktları xatırlatmağım səbəbsiz deyil. Belə ki, mən Uzendə işləməyə başlayanda cəmi 23 yaşım var idi. Ona görə də həmin illərdə Azərbaycan haqqında hansısa xoş sözü eşidəndə nəinki fəxr edirdim, hətta, qürrələnirdim. Belə hallar isə çox olurdu. O zaman Qazaxıstanda SSRİ-dəki xalqların bəlkə də hamısının təmsilçisi var idi. Hansı idarəyə, müəssisəyə, sexə getsəm, azərbaycanlı olduğumu biləndə mütləq kimsə deyirdi: “O, Aliyev!” Fəxr edirdim.
Ancaq Heydər Əliyevin adıyla, böyüklüyü ilə ən çox fəxr etdiyim fakt 1986-cı ildə olmuşdu. O vaxt SSRİ rəhbəri Mixail Qorbaçov qazax xalqının iradəsinə zidd olaraq, bu respublikaya öz dostu Gennadi Kolbini rəhbər göndərmək istəyirdi. Məlum faktdır ki, SSRİ rəhbərinin bu əcaib qərarına etiraz edən yeganə Kreml təmsilçisi Heydər Əliyev olmuşdu. Yadımdadır, Alma-Atada Qorbaçov “yenidənqurma”sının ilk qanı tökülmüşdü. Respublikanın rəhbəri vəzifəsində qazax Dinmühəmməd Kunayevin Ulyanovskdan gətirilən rus Gennadi Kolbinlə əvəz edilməsindən narazı qalan minlərlə insan Qazaxıstan paytaxtının küçə və meydanlarına çıxmışdı. Qanlı toqquşma olmuşdu.
O zaman qazax həmkarlarımızdan hansı ilə salamlaşsaq, bu faktı yada salır, ulu öndərimizin türk təəssübkeşliyini alqışlayırdı. İşlədiyim idarənin rəhbər işçilərindən biri demişdi ki, Heydər Əliyev bu məsələ ilə bağlı Qorbaçova etiraz etməklə kifayətlənməyib, hətta onun əcaib kadr qərarını dəyişdirməsinə də cəhd göstərmişdi. Amma nəticəsi olmadı. Qorbaçov dostunu Alma-Ataya göndərdi. Bunun necə qurtardığı məlumdur. Çox keçmədi ki, Kreml Kolbini Qazaxıstandan geri çağırmalı oldu. Onda hamı məni təbrik edirdi.
Ulu öndər SSRİ-nin çökməsindən sonra da türk dünyasının əsas himayədarlarından biri idi. Yadımdadır, Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı il noyabrın 6-da Bakıda TÜRKSOY-un toplantısı çərçivəsində Türk dünyası yazıçılarının III qurultayı da keçirilmişdi. Həmin qurultayda iştirak edən qazax yazıçılar öz vətənlərinə qayıdandan sonra mətbuatda Azərbaycan haqqında elə ürəkdolusu söz açırdılar ki, ürəyim dağa dönürdü.
İndi yaşadığım və işlədiyim Aktauda dəfələrlə eşitmişəm ki, Heydər Əliyev müstəqil Azərbaycanın rəhbərliyinə qayıdandan sonra təkcə Azərbaycan dövlətçiliyi üçün deyil, eyni zamanda, yeni müstəqillik əldə etmiş digər türk dövlətlərinin inkişafı üçün də əlindən gələni etmişdir. Heç kəsə sirr deyil ki, türk xalqlarının mükəmməl dövlət qurmasını istəməyənlər çox idi. Ona görə də Heydər Əliyev Azərbaycanın müstəqilliyini və dövlətçiliyini qorumaqla digər türk dövlətlərinin bərabərliyi, gələcək tərəfdaşlığı üçün tarixi xidmət göstərmiş oldu.
Ulu öndər 1993-cü ilin yayında Azərbaycan Ali Sovetinin sədri seçiləndə demişdi ki, keçmiş Sovetlər İttifaqına daxil olan türkdilli ölkələrlə əlaqələrimiz sürətlə inkişaf etməlidir: “Bizim bu dövlətlərlə əlaqələrimiz uzun illər çox yaxın olub. Bu əlaqələri qırmaq olmaz, əksinə, inkişaf etdirmək lazımdır”.
Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkəmizin təkcə yetmiş il eyni dövlətin tərkibində olduğumuz Orta Asiya respublikaları ilə deyil, türk dünyasının ən qüdrətli dövləti olan Türkiyə Cümhuriyyəti ilə münasibətlərini də məhz lazım olan səviyyəyə qaldırmışdı. O, müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 ildə dəfələrlə Türkiyədə səfərlərdə olmuş, Türkiyənin dövlət və hökumət rəhbərləri Azərbaycana çoxsaylı səfərlər etmişdilər. Xüsusilə qeyd edək ki, Heydər Əliyev on illik prezidentliyi dövründə xarici ölkələrin rəhbər şəxsləri ilə 500-dən çox görüş keçirmiş, bu görüşlərin təxminən 100-ü Türkiyənin payına düşmüşdü.
Mən ixtisasca neftçi olduğuma görə istənilən mövzuda söhbət zamanı mütləq neft məsələsinə də qayıdıram. Yadımdadır ki, 1994-cü ildə Azərbaycan xarici neft şirkətləri ilə “Əsrin müqaviləsi”ni imzalayanda Türkiyə şirkəti TPAO-nun payı cüzi – 1,75 faiz idi. Müvafiq materiallardan oxumuşdum ki, bunun səbəbi türk şirkətinin müqavilə üzrə danışıqlara gec qoşulması, Qərb sərmayədarları ilə müqayisədə astagəllik etməsi olmuşdu. Lakin sonradan Heydər Əliyev Azərbaycanın layihədəki payı hesabına Türkiyəyə əlavə 5 faiz ayrılması barədə qərar verdi. Nəticədə Türkiyə “Əsrin müqaviləsi”nin mühüm iştirakçılarından birinə çevrildi. Azərbaycanın 1996-cı ildə imzaladığı ikinci böyük müqavilə – “Şahdəniz” layihəsində isə Türkiyəyə daha yüksək – 9 faiz pay ayrılmışdı.
Başqa bir fakt. 1999-cu ilin noyabrında İstanbulda Bakı –Tbilisi –Ceyhan neft kəmərinə dair həlledici qərar verilmiş və ilkin hökumətlərarası saziş imzalanmışdı. “İstanbul bəyannaməsi”nə Azərbaycan, Türkiyə və Gürcüstanın dövlət başçıları, eləcə də, layihəyə dəstək verən ABŞ rəhbəri Bill Klintonla yanaşı, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin də imza atması kəmərə daha böyük regional önəm qazandırmışdı. O zaman qazax mətbuatında oxuyurdum ki, Qazaxıstanın bu layihəyə qoşulmasında Heydər Əliyevin mühüm, təşəbbüskar rolu olmuşdu. Bu fakt Aktauda məni göylərə qaldırırdı.
Xatırladılmalı olan başqa bir fakta nəzər salaq. Ümummilli liderimiz 1994-cü il noyabrın 18-də türk dövlət başçılarının İstanbul sammitində demişdi: “Ötən müddətdə Azərbaycan tərəfinin buraxdığı səhvlər nəticəsində Azərbaycanın Qazaxıstanla, Özbəkistanla, Türkmənistanla, Qırğızıstanla əlaqələri çox zəif olub. Bildirmək istəyirəm ki, Azərbaycan bu əlaqələrin gücləndirilməsinə çalışır və çalışacaqdır. Bizim əməkdaşlığımız zamanın hökmüdür. Bizim əməkdaşlığımız xalqlarımızın, ölkələrimizin tarixi kökləri, əsrlər boyu toplanmış adət-ənənələrinin birliyi, dil birliyi və fəaliyyət birliyi əsasında qurulub. Bu, çox böyük əsasdır və biz bu imkanlardan səmərəli istifadə etməliyik”.
Heydər Əliyev bu sözləri dedi və reallaşdırdı. O, ölkəmizin Beynəlxalq Türk Mədəniyyət Təşkilatının – TÜRKSOY-un formalaşmasında fəal iştirakını təmin etməklə yanaşı, türk xalqlarının mədəni abidələrinin, böyük ədiblərinin, şəxsiyyətlərinin yubiley mərasimlərində yaxından iştirak edir və xalqlarımızın ümumi mədəni sərvətinin bizi birləşdirən tarixi dəyər olduğunu diqqətə çatdırırdı. Onun 1994-1996-cı illərdə türkmən şairi Məhdimqulunun, qazax ədəbiyyatının klassiki Abayın, böyük özbək hökmdarı Əmir Teymurun, qırğız eposu “Manas”ın yubiley mərasimlərindəki çıxışları bütün türk dövlətlərində maraqla qarşılanırdı.
Ulu öndər 1996-cı ilin noyabrında dahi şairimiz Məhəmməd Füzulinin 500 illiyi, 2000-ci ilin aprelində isə böyük türk eposu “Kitabi-Dədə Qorqud”un 1300 illiyi ilə bağlı türk dünyasının təmsilçilərini, dövlət və hökumət adamlarını, alim, şair və yazıçıları, mədəniyyət xadimlərini Bakıya toplamışdı. Həmin yubileylər ümumtürk mədəniyyətinin təntənəsi idi.
Bəli, Heydər Əliyev türk dünyasının bir amal uğrunda birləşdirilməsi üçün heç kəsin ata bilməyəcəyi addımları atmışdı. Nə yaxşı ki, həmin addımlar bu gün türkdilli ölkələrin hamısında qətiyyət və qədirbilənliklə davam etdirilir.
Yusif QULİYEV,
texnika elmləri doktoru, professor
Qazaxıstan Respublikası, Aktau şəhəri
Məqalə “Xalq qəzeti” redaksiyasının “Heydər Əliyev ili” münasibətilə elan etdiyi müsabiqəyə təqdim edilir.