Ağcabədinin Pərioğullar və Hacıbədəlli kəndlərinin elektrik şəbəkəsi yenidən qurulur. Yenidənqurma nəticəsində 396 abonenti olan Pərioğullar kəndində 4 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. On iki kilometrə yaxın 10 kV-luq, 28 kilometrdən çox 0,4 kV-luq elektrik xətti yenilənəcək.
Ağcabədinin Hacıbədəlli kəndində də yenilənmə işləri davam etdirilir. 843 abonenti olan kənd ərazisində 9 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. İyirmi iki kilometrə yaxın 10 kV-luq, otuz iki kilometrdən artıq 0,4 kV-luq elektrik xətti dəyişdiriləcək.
Hər iki kənddə elektrik sayğacları yenisi ilə əvəz olunacaq.
Pərioğullar və Hacıbədəlli kəndlərində işlərin yekunlaşması ilə 1300-ə yaxın abonent keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz ediləcək. Qeyd edək ki, investisiya layihəsinin birinci mərhələsində Ağcabədinin Mehrablı, Ağabəyli, Cəfərbəyli, Şənlik və Qaradolaq kəndlərinin elektrik şəbəkəsi yenidən qurulub.
Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir.
“Xalq qəzeti”