Gənc prodüser Turan Etibaroğlu “Facebook”da və digər sosial şəbəkələrdə fəal vətəndaş mövqeyi ilə seçilən istedadlı gənclərdəndir. Onun iki gün əvvəl paytaxt teatrlarının birində verilən bir xeyriyyə tamamaşı barədə paylaşımı diqqətimi cəlb etdi. Orada yazılır:
“Türkiyədə baş verən zəlzələdən zərər görmüş ailələrə yardım məqsədilə fevralın 14-də müstəqil “M.Teatr”ın (“Mənim teatrım”-T.E) səhnəsində tanınmış yazıçı Rövşən Ağayevin “Bir gecənin nağılı” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa növbəti dəfə oynanılıb.
Qeyd edək ki, melodrama janrında hazırlanan tamaşada əsas rolları gənc istedadlı aktyorlar Aydan Həsənzadə və Cavid Baba ifa ediblər. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Vidadi Həsənov, rejissoru Ziya Ağa, musiqi tərtibatçısı Amid Qasımov, rejissor assistenti Səbinə Süleymanovadır.
Böyük uğurla keçən tamaşanın quruluşçu rejissoru bildirdi ki, Türkiyədə baş verən dəhşətli zəlzələ bütün dünyanı şoka salıb. Bu fəlakət hamı kimi, “M.Teatr”ın kollektivini də çox təsirləndirib. Teatrın yaradıcı və texniki işçiləri yekdil surətdə qərara gəliblər ki, zəlzələdən zərər çəkən ailələrə yardım məqsədilə xeyriyyə tamaşası təşkil etsinlər. Vidadi müəllim həmçinin qeyd etdi ki, tamaşadan toplanan vəsait qardaş ölkədə zəlzələdən zərər çəkən insanlara yardım olaraq göndəriləcək.
Tamaşada əsas rolları ifa edən Aydan Həsənzadə və Cavid Baba ilə söhbət etdik. Hər ikisi bildirdilər ki, xeyriyyə tamaşasını xüsusi bir həvəslə və şövqlə oynayıblar. Bununla da, onlar qardaş ölkədə fəlakətlə üzləşən insanlarla öz həmrəyliklərini bildirmək istəyiblər. Aydan xanım vurğuladı ki, hər birimizin qəlbini sızladan bu hadisə bir daha sübut etdi ki, Azərbaycan və Türkiyə xalqlarının qardaşlığı əbədidir. Bu gün bütün türk xalqlalrı qardaş ölkənin yanındadır.
Məlumat üçün bildirək ki, “M.Teatr” son illər paytaxtımızda yaranan və uğurla fəaliyyət göstərən müstəqil teatr kollektivlərrindən biridir. Teatr “Qanun” nəşriyyatının binasının üçüncü mərtəbəsində fəaliyyət göstərir.
P.S. Turan Etibaroğlunun paylaşımını izləyən sosial şəbəkə bir çox izləyiciləri “M.Teatr”ın bu xeyirxah addımını birmənalı olaraq alqışladıqlarını və başqa yaradıcı kollektivlərin də bu təşəbbüsə qoşulacaqlarına ümid etdiklərini bildiriblər.
Təqdim etdi: M.HACIXANLI, “Xalq qəzeti”