İdman xəbərləri

post-img

Təl-Əvivdə gümüş medal


İsrailin Təl-Əviv şəhərində keçirilən “Böyük dəbilqə” turnirində Azərbaycan cüdoçusu Orxan Səfərov gümüş medal qazanıb. 
Turnirin ilk günündə tatami üzərinə çıxan Orxan Səfərov finala gedən yolda ardıcıl olaraq Hoakin Tovalyari (Argentina), David Qarsiya (İspaniya) və Denislav İvanovdan (Bolqarıstan) üstün olub. 66 kq çəkidə mübarizə aparan idmançımız yarımfinalda gürcüstanlı idmançı Laşa Nadiradzeni məğlub etsə də, final görüşündə onun həmyerlisi Vaja Marqvelaşviliyə məğlub olaraq gümüş medalla kifayətlənib.
Xatırladaq ki, Azərbaycan milli komandası turnirdə 10 cüdoçu ilə təmsil olunur.
Qeyd edək ki, 3 gün davam edəcək yarışda 52 ölkədən 398 idmançı iştirak edir.


Müqavilə yenilənib 


Misli Premyer Liqası təmsilçisi “Şamaxı” klubunun qapıçısı Rəşad Əzizlinin müqavilə müddəti artırılıb. Bildirilir ki,  29 yaşlı  qolkiperlə yeni müqavilə imzalanıb. Yeni müqavilənin müddəti  il yarım təşkil edir.
Qeyd edək ki, “Şamaxı” daha əvvəl Rövşən Şahmuradov, Fuad Bayramov, Rəhman Daşdəmirov və Bahadur Həziyevlə müqavilə yeniləyib, Emil Qasımov, Emin Zamanov, Zahid Mərdanov, Əli Səmədov, Abdulla Seyidəhmədov və Ramin Əhmədovu heyətinə qatıb.

Hakimlər müəyyənləşib


Futzal üzrə dünya çempionatının əsas mərhələsinin 6-cı qrupunda keçiriləcək Polşa – Azərbaycan görüşünə təyin edilən hakimlər müəyyənləşib. Bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.
Martın yeddisində Koszalin idman zalında keçiriləcək oyunu Estoniya və Latviyadan olan hakimlər briqadası idarə edəcəklər.
Oyunun baş hakimi estoniyalı Yaqnar Yakobson olacaq. Ona latviyalı İnqus Purins və həmyerlisi Qriqori Oşomkov kömək edəcəklər. Matçın hakim-inspektoru Silvo Borosak (Sloveniya), UEFA nümayəndəsi Joao Roça (Portuqaliya) olacaqlar.


Kikboksçular mötəbər yarışlarda 


Azərbaycan Kikboksinq Federasiyası idmançılarının 2023-cü ildə iştirak edəcəyi beynəlxalq yarışlardan bəziləri təsdiqlənib. Federasiyanın mətbuat xidmətinin məlumatına görə, Azərbaycan kikboksçuları bu il 5 mötəbər yarışda iştirak edəcək.
Bildirilir ki, kikboksçularımız  mayın 18-dən 21-dək Türkiyənin İstanbul şəhərində təşkil olunacaq VIII Türk Açıq WAKO Dünya Kubokunda, iyunun 30-dan  iyulun 2-dək Polşanın Mavopolska bölgəsinin Krakuv şəhərində təşkil olunacaq III Avropa Oyunlarında iştirak edəcəklər. Bundan başqa, idmançılarımız avqustun 25-dən sentyabrın 3-dək İstanbulda təşkil ediləcək Yeniyetmə və gənclərin Avropa çempionatında,  oktyabrın 23-dən 28-dək Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində keçiriləcək III Ümumdünya Döyüş Oyunlarında iştirak edəcəklər. Həmçinin noyabrın 17-dən 26-nadək Portuqaliyanın Lissabon şəhərində Böyüklərin dünya çempionatında ölkəmizi təmsil edəcəklər. 

 


Elçin AĞAMİRZƏ, 
“Xalq qəzeti”



İdman