Bu gün Şuşada Azərbaycanla Latviya arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclası keçiriləcək.
XQ xəbər verir ki, iclasda Azərbaycan tərəfdən Xarici İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Energetika Nazirliyi, Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Turizm Agentliyi, Dövlət Gömrük Komitəsi və Mərkəzi Bankın, Latviya tərəfdən də aidiyyatı qurumların rəhbər şəxslərinin iştirakı nəzərdə tutulur.
İclasda Azərbaycanla Latviya arasında ikitərəfli əməkdaşlığın istiqamətləri, enerji, nəqliyyat, kənd təsərrüfatı, texnologiya transferi, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi və digər məsələlər müzakirə olunacaq, iclasın yekunlarına dair protokol imzalanacaq.
Xatırladaq ki, Hökumətlərarası Komissiyanın 8-ci iclası 2022-ci ilin mayında Riqada keçirilib. 9-cu iclas ötən il mayın 12-də keçirilməli olsa da, əvvəlcə ötən ilin payızına qədər, daha sonra isə qeyri-müəyyən müddətə təxirə salınmışdı.

