Rusiya baş nazirinin müavini İrəvana nəyi xatırladır?
Rusiya Baş nazirinin müavini Aleksey Overçukun Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvaya səfəri əsnasında səsləndirdiyi fikirlər maraq doğurub. Əslində, cənab Overçuk TASS-a müsahibəsində böyük ölçüdə yeni söz deməyib. O, sadəcə, Ermənistanla bağlı düşüncələrini təzələyib. Amma mövzuya sərt ritorika qatmağı da unutmayıb. Overçukun bildirdikləri fonunda diqqət yetirmək istədiyimiz məqamlardan biri var ki, onu sonda açıqlayacağıq. Hələlik diqər məqamlardan söz açaq.
Ümumən, Paşinyanın səfəri əsnasında yüksək ranqlı Rusiya rəsmisinin Ermənistana yönəlik fikirlərindəki amiranə ton erməni hökumət rəhbərinin Moskva danışıqlarının müsbət məcrada keçmədiyindən xəbər verir ki, bunu digər nüanslardan da duymaq mümkündür. O zaman sual olunur: Paşinyan Rusiyaya nə üçün getmişdi? Hər halda, getməyə, ölkə rəhbərliyi ilə görüşməyə bilərdi. Deməli, ortada başqa nə isə var. Nə var, bu, qeyri-müəyyəndir.
Görünüən budur ki, Paşinyan Prezident Vladimir Putinlə görüşdə Ermənistanın üzvü olduğu və Rusiyanın hakim rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına zidd xəttini bir daha açıqladı. O, keçmişi yada saldı və bildirdi ki, KTMT Ermənistanın təhlükəsizlik ehtiyaclarını ödəyə bilməyib. Söhbətin nədən getdiyinə qısaca nəzər salaraq xatırladaq ki, 2022-ci ildə Azərbaycan Silahlı Qüvvələri Ermənistanın davamlı təxribatına cavab olaraq şərti sərhəddəki bəzi yüksəklikləri nəzarətə götürdü. Rəsmi İrəvan bunu suverenliyə qəsb olaraq qiymətləndirdi və KTMT-dən kömək istədi.
Dediyimiz kimi, sərhəd şərti olduğundan, KTMT eskalasiya şəraitinin doğurduğu vəziyyəti işğal qismində qiymətləndirməkdən uzaq durdu və bu, Paşinyan və tərəfdarlarında ciddi qəzəb yaratdı. O zamandan Ermənistan və KTMT arasında hələ də aradan qalxmayan soyuqluq var. İndi isə soyuqluğun başqa fazası aktivdir. Yəni Paşinyan yada keçmişi salırsa, Overçuk hazırda baş verənlərdən söz açır. Əlbəttə, Paşinyan–Putin danışıqlarında digər məqamlara da toxunuldu və onları bir kənara qoyaraq, A.Overçukun bilavasitə nəyin üzərində dayandığına nəzər salaq.
Beləliklə, Overçuk deyib ki, Moskva Ermənistanın Rusiya üçün artıq düşmən blok halına gəlmiş Avropa İttifaqına qoşulmağa hazırlaşmasından narahatdır: “Ermənistan dəmir yolları ilə bağlı konsessiya ətrafında baş verən proseslərin nümunəsində müşahidə etdiklərimiz Ermənistan rəhbərliyinin iqtisadi tənəzzül yaşayan və Rusiya üçün düşmən hərbi-siyasi bloka çevrilən Avropa İttifaqı ilə yaxınlaşma kursunun siyasi məntiqinə uyğun gəlir”.
Ona görə də Overçuk İrəvana gəldiyi nöqtəni xatırladır və mesaj verir. O mesajı ki, onu Prezident Putin də vermişdi. Məsələn, Rusiya dövlət başçısı Paşinyanla görüşdə demişdi ki, ölkəsi Ermənistana qiyməti 600 dollar olan qazı cəmi 170 dollara satır. Satmasa, necə olacaq? Hesab edirik ki, Ermənistan üçün kifayət qədər ciddi problem yaranacaq. Overçuk da problemlə bağlı xəbərdarlıq edir. Yəni Putinin açıq şəkildə demədiyini diqqətə çatdırır: “Ermənistan elə bir nöqtəyə yaxınlaşıb ki, bundan sonra Rusiyanın onunla iqtisadi münasibətləri başqa cür qurmalı olacağı qaçılmazdır”.
Şübhəsiz, “münasibətləri başqa cür qurmaq” məntiqində Ermənistana 170 dollara aldığı qazı 600 dollara satmaq ola bilər. Buna görə də A.Overçuk rəsmi İrəvanın seçim etməli olduğunu vurğulayır. Seçimə gəldikdə, onun siyasi təzahürü aydındır. İrəvan Qərbyönümlü xətt yürütməkdə, iqtisadi planda isə Rusiyadan asılıdır. Paşinyan administrasiyasının bu asılılığı aradan qaldırmaq üçün müxtəlif üsul və vasitələrə əl atdığı məlumdur. Amma...
“Əmma” var və böyükdür. Axı A.Overçuk hazırda Ermənistan dəmir yolları ilə bağlı məsələdən əbəs yerə söz açmır. Qeyd edək ki, Rusiya baş nazirinin müavini əvvəllər mövzuya daha əhatəli nəzər salmışdı. Məsələ ondadır ki, “Cənubi Qafqaz Dəmir Yolu” şirkəti “Rusiya Dəmir Yolları” ASC-nin törəmə qurumu kimi Ermənistanın dəmir yolu şəbəkəsinin idarə olunması üzrə konsessiyaya malikdir. Müvafiq olaraq, regionda Rusiya dəmir yolunun ölçüsü istifadə olunur. Overçukun vaxtilə dedikləri onu söyləməyə əsas vermişdi ki, təkcə bu sistemin özünün sıradan çıxması, yaxud əvəzlənməsi Ermənistanı Rusiya qarşısında borclu çıxaracaq. Bu barədə bir qədər ətraflı söz açaq.
Rəsmi Moskvanın yanaşmasına görə, Ermənistan öz dəmir yollarını Rusiyanın patronajlığından çıxarmaq istəsə, birincinin ikinciyə elə bir borcu yaranacaq ki, həmin borcu nə onun özü, nə də xaricdəki dostları ödəyə biləcək. Nəzərə alaq ki, Rusiya tərəfi 1990-cı illərin əvvəllərində Ermənistanın dəmir yolu şəbəkəsinin vəziyyətinin acınacaqlı olduğunu və Moskvanın mövcud sahəyə ciddi investisiya yatırdığını rəqəmlərlə göstərməyi də yaddan çıxarmır.
Yəni obrazlı desək, Ermənistanın Rusiya ilə “məcburi nigahdan” ayrılmasının təzminatı böyük olacaq və bunu Paşinyan administrasiyası anlamamış olmaz. Amma Nikol və tərəfdarları qəsdən əsl mahiyyətdən uzaq dururlar. Onların düşüncələrindən gəlinən iki qənaət var. Birincisi, Ermənistan KTMT ilə pis keçinə bilər, amma Avrasiya İqtisadi İttifaqı ilə yaxşı olacaq. İkincisi, İrəvan Aİİ-də qala-qala, Avropa İttifaqına can atacaq.
A.Overçukun fikirləri belə bir dünyanın mümkünsüzlüyünün vurğulanmasıdır. Ən əsası, o, İrəvan üçün çəmbərin daraldığını deyir və Paşinyan administrasiyasını səmimi davranmağa çağırır. Məsələn, Overçuk bildirib ki, həm ikitərəfli görüşlərdə, həm də Avrasiya İqtisadi İttifaqı formatında erməni rəhbərləri Rusiya ilə dostluqdan danışır və Aİİ-yə sadiq olduqlarını bildirirlər. Halbuki onların sözləri ilə əməlləri üst-üstə düşmür. Sözlə əməl üst-üstə düşmürsə, deməli, baxış dəyişməlidir. Overçuk Rusiyanın Ermənistanla iqtisadi münasibətləri fərqli şəkildə qurmalı olacağını məhz buna görə vurğulayır.
Sonda diqqət yetirəcəyimizi anons etdiyimiz məqama gələk. Deməli, Overçuk ermənilərin Rusiyaya düşmən bir blokun tərkib hissəsinə çevrilmək istəyib-istəməməsinin onların öz işi olduğunu vurğulayıb. “Bizim üçün isə aydındır ki, onları buna hazırlayırlar və hadisələrin bu cür inkişafının uzunmüddətli ağır nəticələri də aydındır”, – deyən Kreml təmsilçisinin fikirlərindəki ən böyük təhdid tonu məhz budur.
Ən başlıcası, Overçukun tonunda müəyyən subliminalizm elementi var. Məsələ ondadır ki, Rusiya uzun müddət forpostu olmuş Ermənistanın nəzarətdən çıxması reallığını qəbul etmir. Ölkənin həm rəsmi dairələrində, həm də ictimai fikrində belə düşüncə var ki, sadə ermənilər ayrıdır, Paşinyan hakimiyyəti bir ayrı.
A.Overçukun diqqətə çatdırdığımız fikirləri də məhz diqqətə çatdırdığımız baxışa əsaslanır. O, faktiki olaraq, Ermənistan vətəndaşlarının Rusiya ilə yolları ayırmaq istəmədiklərini deyir. Amma onu da deyir ki, Rusiya ilə yolları ayırmaq istəməyən ermənilər hərəkətə gəlməli və ölkələrini Rusiyaya düşmən münasibətdə olan birliyə aparan hökuməti tarixin arxivinə göndərməlidirlər. Göndərməsələr, vəziyyətləri pis olacaq.
Ə.CAHANGİROĞLU
XQ

