Təhlükəsiz əməyə yeni yanaşma

post-img

Əməyin mühafizəsi və təhlükəsizliyi iş yerlərində sağlam, təhlükəsiz əmək şəraitinin təmin olunmasının əsas istiqamətlərindən biridir. Müasir dövrdə əmək münasibətlərinin inkişafı, yeni texnologiyaların tətbiqi və istehsal proseslərinin genişlənməsi iş yerlərində təhlükəsizlik məsələlərini daha da aktuallaşdırır. 
Əməyin mühafizəsi yalnız işçilərin sağlamlığının qorunması deyil, istehsalın səmərəliliyinin artırılması və sosial rifahın təmin olunması baxımından da mühüm əhəmiyyət daşıyır. Təhlükəsiz şəraitin yaradılması işçilərin sağlamlığının qorunmasının əsas təminatıdır. İş yerlərində təhlükəsizlik qaydalarına riayət edilməsi, əmək şəraitinin mütəmadi qiymətləndirilməsi, risklərin müəyyən olunaraq aradan qaldırılması iş qəzalarının və peşə xəstəliklərinin qarşısının alınmasına xidmət edir. 
Ölkəmizdə əməyin mühafizəsi məsələləri, ilk növbədə, Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Sənəddə işçilərin təhlükəsiz və sağlam əmək şəraitində işləmək hüququ, işəgötürənlərin öhdəlikləri və əməyin mühafizəsi sahəsində dövlət təminatları öz əksini tapıb. Qanunvericiliyə əsasən, hər bir işəgötürən müəssisədə əməyin mühafizəsi qaydalarının tətbiqinə, istehsalat risklərinin qiymətləndirilməsinə və işçilərin təhlükəsizlik vasitələri ilə təmin olunmasına cavabdehdir. 
Son illər müəssisələrdə əməyin mühafizəsi sisteminin təkmilləşdirilməsi, işçilərin hüquqlarının qorunması və təhlükəsizlik standartlarının yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb. Bu tədbirlər yalnız işçilərin sağlamlığının qorunmasına deyil, həm də əmək məhsuldarlığının artırılmasına və iqtisadi inkişafın davamlılığının təmin olunmasına xidmət edir. 
Əməyin mühafizəsi yalnız inzibati və texniki tədbirlərlə məhdudlaşmır. İşçilərin təhlükəsizlik qaydaları barədə məlumatlandırılması, fərdi mühafizə vasitələri ilə təmin olunması və riskli işlərdə əlavə qoruyucu tədbirlərin görülməsi sağlam əmək mühitinin formalaşdırılmasına şərait yaradır.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin Əməyin mühafizəsinə nəzarət şöbəsinin müdiri Günel Baxşiyeva XQ-yə açıqlamasında bildirdi ki, əməyin mühafizəsi üzrə standartlar, norma və qaydalar iş yerlərində risklərin müəyyən edilməsi və idarə olunması, təhlükəsizlik tədbirlərinin tətbiqi və işəgötürənlərin məsuliyyətinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə beynəlxalq təcrübəyə uyğun standartların tətbiqi, işəgötürənlər və işçilər arasında maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, həmçinin monitorinq və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi üzrə ardıcıl işlər görülür.
Milli standartlaşdırma üzrə Dövlət Proqramına uyğun olaraq “Fərdi mühafizə vasitələrinin təhlükəsizliyi haqqında” milli texniki reqlament layihəsi hazırlanmış və bu sahə üzrə 478 istinad standartı müəyyən edilmişdir. AZSTAND/TK21 Texniki Komitəsi çərçivəsində 110 yeni dövlət standartı qəbul olunmuş və bununla da 2024–2025-ci illər ərzində əməyin təhlükəsizliyi sahəsində təsdiq edilmiş dövlət standartlarının sayı 167-yə çatdırılmışdır. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Onu da qeyd etmək lazımdı ki, AZS ISO 45001 “Əmək sağlamlığı və təhlükəsizliyinin idarə edilməsi sistemi. Tələblər və tətbiq üzrə izahlar” ölkəmizdə bu sahədə qəbul edilmiş ilk dövlət standartıdır.
Müasir dövrdə əmək münasibətlərinin və istehsal proseslərinin dəyişməsi əməyin mühafizəsi sahəsində yeni çağırışlar formalaşdırır. Bu baxımdan rəqəmsal texnologiyaların tətbiqi, riskəsaslı yanaşmanın gücləndirilməsi, psixososial risklərin idarə olunması və təhlükəsizlik mədəniyyətinin inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Yeni yanaşmaların tətbiqi iş yerlərində təhlükəsizliyin artırılmasına və əməyin mühafizəsi sisteminin daha effektiv fəaliyyətinə imkan yaradır.
Əməyin mühafizəsi və təhlükəsizliyi əmək münasibətlərinin mühüm tərkib hissəsi olmaqla yanaşı, insan kapitalının qorunması və inkişafı baxımından da strateji əhəmiyyət daşıyır. İş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin təmin olunması həm işçilərin sosial rifahını artırır, həm də müəssisələrin dayanıqlı inkişafına və iqtisadi səmərəliliyin yüksəlməsinə mühüm töhfə verir.

Mustafa KAMAL
XQ



İqtisadiyyat