III məqalə
Beynəlxalq davranış strukturuna təhdid
Cənubi Qafqazda regional sabitlik və təhlükəsizliyin qlobal miqyasda əməkdaşlığa yaratdığı imkanlar kontekstində iki əhəmiyyətli məqama nəzər salmaq lazım gəlir. Bu məqam Azərbaycan Prezidentinin müəyyən etdiyi üçüncü təməl prinsipdə dəqiq ifadə edilmişdir. Üçüncü prinsip aşağıdakı kimidir.
Üçüncü prinsip: “Zənnimcə, dünyada hazırda baş verənlər – yeni gərginlik nöqtələrinin yaranması və uzunmüddətli mövcud münaqişələr beynəlxalq davranış strukturuna təhdid təşkil edir. Bu, həmçinin beynəlxalq hüquqa təhdiddir. Beynəlxalq hüquqa və normalara hörmət edilməyəndə və beynəlxalq təşkilatların qətnamələri nəzərə alınmayanda ölkələrin ərazi bütövlüyü pozulur” (Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev).
Bu prinsip Azərbaycanın müasir siyasi təcrübəsinin çox mühüm cəhətini aydınlaşdırır. Dövlət başçısının yanaşmasında müstəqil dövlətin ərazi bütövlüyünün bütün hallarda təmini şərtinin olduğu aydın görünür. Ərazi bütövlüyünün pozulması beynəlxalq hüquq və normalara hörmət edilməyəndə və bunun təzahürlərindən biri olan beynəlxalq təşkilatların qətnamələri nəzərə alınmayanda baş verir.
Deməli, Azərbaycan təcrübəsində dünya üçün qiymətli olan məqamlardan biri beynəlxalq hüquq və normalara əməl olunmasının müasir milli dövlətçiliyin təməl şərtlərindən olan ərazi bütövlüyünün pozulmaması üçün xüsusi əhəmiyyət daşıdığının təsdiqi ilə bağlıdır.
Buradan belə alınır ki, Azərbaycan Prezidentinin ifadə etdiyi siyasi təcrübə prinsipi – beynəlxalq hüquqi normalara əməl etmənin mücərrəd deyil, hər bir cəmiyyət üçün tarixi əhəmiyyəti olan dövlətçiliyin təmini ilə sıx əlaqəlidir. Yəni dünya ictimaiyyəti və beynəlxalq təşkilatların uzun illər Azərbaycana təcavüz edib ərazi bütövlüyünü pozanlara dəstək vermələri “dünyanın öz ayağının altını qazması” oldu. İndi hansı dövlətin ərazi bütövlüyünün hansı beynəlxalq təşkilat tərəfindən qoruna biləcəyi sualına kimsə cavab verə bilməz!
Bütün bunlardan Azərbaycan təcrübəsinin üçüncü prinsipinin ana tezisi – “yeni gərginlik nöqtələrinin yaranması və uzunmüddətli mövcud münaqişələr beynəlxalq davranış strukturuna təhdiddir”, alınır. Bu, məntiqi olaraq, Azərbaycan liderinin dahiyanə surətdə dünyaya həm xəbərdarlıq etməsidir, həm də uğurlu təcrübəni paylaşmağa hazır olduğunun ismarışıdır. Bu məqam xüsusilə, son zamanlar dünyada baş verən gərgin proseslərin fonunda arxiaktual görünür.
İndi siyasilər, diplomatlar, hərbçilər, analitiklər və ekspertlər dünyanın həqiqi anlamda xaosun astanasında olduğundan bəhs edirlər. ABŞ və İsrailin İrana qarşı başladığı hərbi əməliyyatlar nəzərdə tutulan çərçivədən çıxaraq, bütün dünya üçün təhdid yaradan vəziyyətə gəlmişdir. Qarşılıqlı hərbi zərbələr intensivləşir və həm də miqyası genişlənir. Belə görünür ki, bəşəriyyət artıq 3-cü dünya müharibəsi içindədir.
Bunların fonunda Azərbaycanın siyasi təcrübəsinin növbəti prinsipinin vacibliyini dərk etmək çətin deyildir. Bu prinsip aşağıdakı kimidir.
Savaşçılarla paylaşa biləcəyimiz təcrübə
Dördüncü prinsip: “Bəzən bunu etmək zəruridir, xüsusilə də əmin olduğunuz halda ki, haqlısınız. O zaman sizi əngəlləməyə çalışanları, maraqlarınıza xələl gətirmək istəyənləri nəzərə almamalısınız. Həmçinin hesab edirəm ki, bu, müharibə aparanlarla paylaşa biləcəyimiz daha bir təcrübədir” (Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev).
Bu prinsipdə lider üçün mühüm olan iki psixoloji şərt ifadə edilmişdir. Birincisi, lider haqlı olduğuna tam əmin olmalıdır. İkincisi, belə bir əminlik şəraitində qarşıya çıxa biləcək hər növ əngəli aşmaq iradəsinə, zəkasına və diplomatik məharətinə malik olmalıdır.
Vurğulanan 2 vacib zəkavi-psixoloji-iradi keyfiyyətin indi müharibə aparanlarla paylaşmaya Azərbaycan Prezidentinin hazır olmasının tam əsası vardır. Çünki artıq daha aydın olur ki, müharibəyə başlayanlar tam haqlı olduqlarına dərinlərdə əmin deyillərmiş. Buna görə də qarşıya çıxan müqaviməti keçmək üçün sona qədər qətiyyətli olmaya bilərlər. Bunun nəticəsi isə bütün dünya üçün faciəvi ola bilər. Artıq buna uyğun ehtimalları hətta Qərbdəki bir sıra ekspertlər belə ifadə edirlər.
Deməli, Azərbaycan təcrübəsi sübut edir ki, haqlısansa, sona qədər gedə bilərsən. Bu yolda səni dayandıra biləcək qüvvə meydana çıxa bilmir. Əks halda, müxtəlif ssenarilər və qeyri-müəyyən proqnozlar ağıla hakim kəsilir.
Bunlar Azərbaycanın siyasi təcrübəsində ayrıca yeri olan növbəti prinsipi aktuallaşdırır.
Qlobal nizam və enerji təhlükəsizliyi
XIII Qlobal Bakı Forumunda Azərbaycan dövlət başçısı bəyan etmişdir: “Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır. Azərbaycan bütün enerji seqmentlərinin – neft, qaz, neft məhsulları, neft-kimya məhsulları və elektrik enerjisinin istehsalı və ixracı ilə məşğuldur. Bazarda tələb və tədarük coğrafiyasının genişlənməsi ilə bağlı biz ixracımızı, xüsusilə təbii qaz və elektrik enerjisinin ixracını artırmağı planlaşdırırıq”.
Azərbaycan Prezidentinin vurğulanan qənaəti indiki qlobal vəziyyəti tam dəqiqliklə ifadə edir. Sözün həqiqi mənasında, hazırkı mərhələdə hər bir ölkə üçün “enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır”. İndi Hörmüz boğazının açıq və ya qapalı qalması enerji ilə təminat məsələsində ölüm-dirim mücadiləsi kimi qəbul edilir. Hindistan İrana boğazı bağladığına görə rəsmi etiraz etmişdir. ABŞ özünün Hörmüzdən asılı olmadığını bəyan edir. Vaşinqton hətta Avropanı hədələmişdir ki, “məsələni özünüz həll edin”. D.Tramp “qorxaqlar”, “NATO oyuncaq şirdir” kimi ifadələr işlətmişdir. Avropa ölkələri isə həyəcan təbili çalmaqdadırlar.
Enerji infrastrukturunun dağıdılması ərəb ölkələrini son dərəcə çətin vəziyyətə salmışdır. Onlar böyük zərər görürlər, lakin proses dayanmaq bilmir. Bunun fonunda ABŞ-ın 1 ay müddətinə İran neftinə tətbiq etdiyi sanksiyanı ləğv etməsi maraqla qarşılanmışdır. Bütün bunların fonunda beşinci təməl prinsip Azərbaycan Prezidentinin aşağıdakı fikirləri böyük önəm daşıyır.
Dövlət başçısı demişdir: “Xüsusilə indi paylaşa biləcəyimiz digər vacib bir təcrübə enerji təhlükəsizliyidir, hansı ki, hazırda müəyyən dərəcədə pozucu təsir göstərir. Biz görürük ki, neft və qaz qiymətlərinin kəskin yüksəlişi yalnız istehlakçılar üçün deyil, geniş mənada, bir çox problemlər yaradır. Kimsə düşünürsə ki, bu tarazlaşdırılmamış qiymət neft istehsalçıları və ixracatçıları üçün faydalıdır, bu yanlışdır. Çünki bir çox ölkələrin, neft və digər faydalı yanacaq istehsal və ixrac edən ölkələrin suveren fondları var və bu fondlar müxtəlif maliyyə alətlərinə, o cümlədən istiqrazlara investisiya qoyurlar. Birjalar çökdükdə isə bu ölkələr yüksək neft qiymətindən qazandıqlarından daha çox itkiyə məruz qalırlar. Buna görə də biz OPEC+ formatının məsuliyyətli üzvü olaraq, tarazlı və proqnozlaşdırılabilən neft qiymətinin tərəfdarıyıq, ortaq həllin tapılmasına böyük səylər göstərmişik və OPEC+-dakı vasitəçilik fəaliyyətimiz yüksək qiymətləndirilir”.
Bağlılıq və nəqliyyat marşrutları
Belə qənaət alınır ki, artıq dünyanın xilası məsələsi nəzəri-konseptual məsələdən praktiki reallaşma mərhələsinə keçid etmişdir. Liderlərin siyasi-diplomatik manevr imkanları tükənmək üzrədir. Bəşəriyyət əvəzinin ödənilməsinin çox çətin ola biləcəyi fəlakət həddinə yaxınlaşmaqdadır. Bunun fonunda uğurlu siyasi təcrübənin qlobal miqyasda yeri və rolu yeni prizmada daha aktual görünür. Azərbaycanın siyasi təcrübəsi fonunda bu məsələ necə görünür?
Prezident İlham Əliyevin forumda ifadə etdiyi aşağıdakı fikirlərinə bir daha diqqət edək. Ölkə rəhbəri bəyan etmişdir: “Mövcud çağırışlar kontekstində bu gün əhatə etmək istədiyim üçüncü mövzu isə bağlılıqdır. Biz görürük ki, münaqişələr ənənəvi nəqliyyat marşrutlarının pozulmasına səbəb olur və bu, həm insanlar, həm ölkələr, həm iqtisadiyyat, həm də tədarük zəncirləri üçün böyük çətinliklər yaradır. Bağlılıq və nəqliyyat marşrutları pozulduqda dünya ölkələrinin əksəriyyəti çox çətin vəziyyətlə üzləşir”.
Ölkələrarası bağlılığın müasir qloballaşma mərhələsində çox əhəmiyyətli olduğuna kimsənin şübhəsi yoxdur. Hətta son illər qlobal bağlılıqda müxtəlif regional qrupların yeri və rolu ilə əlaqədar geosiyasi və siyasi-nəzəri konseptual araşdırmalar intensivləşmişdir. Belə hesab edirlər ki, regional bağlantılardan dayanıqlı qlobal əlaqələr şəbəkəsinə uğurlu keçid etmək olar.
Bu o deməkdir ki, regional miqyasda ölkələr arasında dayanıqlı və davamlı bağlantı sistemi qurmaq olduqca vacib məsələdir. Azərbaycan təcrübəsi məhz bu aspektdə çox qiymətli ola bilər. Çünki Azərbaycan insanlar və ölkələr miqyasında iqtisadiyyat, mədəniyyət, enerji, tədarük, loqistika, informasiya və təhlükəsizlik sferalarında müsbət nəticə verən geniş təcrübəyə malikdir. Bu təcrübə Çindən tutmuş Avropaya qədər geniş bir geosiyasi məkanda yerləşən onlarla dövlətlə qarşılıqlı əlaqələr sistemində toplanmışdır. Nümunələrə baxa bilərik.
Azərbaycan Çinin “Yeni İpək Yolu” layihəsi çərçivəsində Mərkəzi Asiya ölkələri, Türkiyə, Yaxın Şərq və Avropa dövlətlərinə qədər uzanan Orta Dəhliz layihəsi çərçivəsində dayanıqlı və faydalı əlaqələr şəbəkəsi qura bilmişdir. İndi bu layihənin Yaxın Şərqdən başlayaraq Qafqaza qədər olan hissəsində hərbi gərginlik hökm sürür. Proseslər bu istiqamətdə davam etsə, yaradılmış əlaqələr sisteminin zərər görəcəyi şübhə doğurmur.
Bu kontekstdə Azərbaycanın ölkələrarası əlaqələr şəbəkəsi yaratmaq fəlsəfəsi ilə nəqliyyat-loqistika proqramlarının işləməsi arasında yeni şərtləri nəzərə alaraq malik olduğu təcrübədən faydalanmaq zərurət kimi görünür.
Siyasi təcrübədən sabaha baxış
Azərbaycan liderinin yuxarıda vurğuladığımız siyasi təcrübənin təməl prinsipləri yalnız mövcud geosiyasi vəziyyəti adekvat dərk etmək üçün deyil, həm də gələcəyin mümkün ssenrailərini proqnozlaşdırmaq baxımından əhəmiyyətlidir. Bu təcrübə müsbət nəticəverici və faktiki olaraq qlobal miqyasda tətbiq edilə bilən konseptual özəlliyə malik olduğundan ciddi elmi proqnozlaşdırmada əhəmiyyətli faktor kimi istifadə oluna bilər.
Geosiyasi proseslərin regional miqyasından regionlararası səviyyəyə və oradan da qlobal miqyasa qədər geniş bir geosiyasi mühitdə sülhü, barışı, əməkdaşlığı və təhlükəsizliyi davamlı təmin etmənin ümumi formulu axtarışında çox fayda verər.
Onu unutmaq olmaz ki, söhbət bütövlükdə XXI əsrdə dünyanın dayanıqlı düzəninin formalşmasından gedir. Azərbaycan təcrübəsi bu aspektdə də regional miqyasdan qlobal səviyyəyə proyeksiya oluna biləcək və konkret tətbiqi potensialı geniş olan töhfələr verə bilər!
Füzuli Qurbanov,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

