Planetimiz hərbi-siyasi təhlükənin astanasındadır
Planetimiz ciddi gərginlik içindədir. ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibə fonunda Yaxın Şərqdə yaşananlar “böyük güclər”in görünməyən enerji daşıyıcıları uğrunda mübarizəsi eskalasiyanı səngiməyə qoymur. Körfəz ölkələrinin müharibəyə qarışması diqqəti müəyyən qədər Rusiya–Ukrayna müharibəsindən yayındırıb. İntəhası, həm Yaxın Şərq, həm də Ukrayna müharibələri eskalasiyanın praktiki olaraq qaçılmaz olduğu nöqtələrdir. İlk baxışda iki qitədə iki cəbhənin yaratdığı və bütün dünyanı sarsıdan hərbi-siyasi, iqtisadi-ticari gərginliyi mümkün sayılan vasitələrdən istifadə etməklə azaltmaq olar. Amma həmin vasitələrin uğurla həyata keçirilməsi qarşı duran tərəflərdən siyasi iradə və cəsarət tələb edir.
Problem ondan ibarətdir ki, hər iki münaqişədə müharibə alovunun yeni ərazilərə və ölkələrə yayılması riskini daşıyan üfüqi eskalasiya ehtimalı artır. Görünən odur ki, ABŞ və İsrailin İrana qarşı hərbi kampaniyası Vaşinqton və Təl-Əvivin əvvəlcədən düşündüyü və ümid etdiyi ssenari üzrə inkişaf etmədi. Tandemin hansı siyasi və hərbi məqsədləri güdməsinə baxmayaraq, birləşmiş qüvvələrini İran üzərinə yeritməklə tez nail olmaq istədikləri hədəflərə çata bilmədi. Nəticədə, “A” planının təşəbbüskarları hazırda böyük qüvvə və resurslar istəyən, prinsipial olaraq onları uzunsürən və gözlənilməz müharibəyə cəlb edən və getdikcə daha da mürəkkəbləşən “B” ssenarisinə keçmək məcburiyyəti ilə üz-üzə qoyub.
Diqqətçəkən məqamlarıdan biri də raket və anti-raket ehtiyatlarının kritik tükənməsi ABŞ siyasət dairələrində və mediasında əsas müzakirə mövzusuna çevrilib. Bu zaman Tehran özünün əsas geoiqtisadi arqumentindən – Hörmüz boğazı vasitəsilə daşınmaları məhdudlaşdırmaq üsulundan istifadə etməyə başladı. Nəticədə dünyanın enerji ixrac edən əksər ölkələri Yaxın Şərq müharibəsinin fəsadlarını daxili bazarlarında və öz ciblərində hiss etdilər. Bu isə qlobal tənəzzülün əlaməti kimi qəbul oluna bilər. Arzuolunmaz prosesin qarşısını almağa çalışan rəsmi Vaşinqton öz üzərində siyasi təzyiqləri hiss etməkdədir. Donald Tramp administrasiyası üçün ideal alternativ hərbi əməliyyatların aktiv fazasını mümkün qədər tez bitirmək, məqsədlərinə çatdığını elan etmək və böhranı İranla siyasi razılaşma yolu ilə həll etmək olardı. Amma indiki durumda tərəflərin dialoq üçün zəruri sayılan qarşılıqlı kompromislərə nə dərəcədə hazır olduğunu müəyyən etmək çətindir. Ağ Ev Tehrana münaqişəyə son qoymaq üçün 15 bəndlik plan göndərsə də, qarşı tərəf bu planı qeyri-real, maksimalist plan kimi rədd edib. Buna baxmayaraq, kompromisə doğru qarşılıqlı hərəkət zəruridir. Belə gərgin mərhələdə kompromis ya siyasi iradə, ya da hərbi qarşıdurmanın daha da kəskinləşməsi nəticəsində əldə edilir. Ən pisi, hər iki tərəfin eskalasiya potensialına malik olmasıdır. Belə arzuolunmaz variantda ABŞ-ın hərəkətləri və ən çox ehtimal olunan yolu İrana qarşı hava hücumlarının dağıdıcılığını və uzunmüddətli həssaslığını artırmaqdır. Burada yerüstü işğal planına da start verilə bilər. Fəqət quru əməliyyatını başlatmaqdan ötrü ABŞ-dan böyük canlı qüvvə, texniki-maddi və bəlkə də siyasi resurslar tələb olunur.
İranın da öz növbəsində hərbi eskalasiyanı daha da artırmaq üçün öz variantları var. Birincisi, Tehranın körfəz ölkələrində eskalator zərbələrinə tuş gələ biləcək çoxsaylı potensial hədəfləri var. Üstəlik və ən qorxulusu, İran hakimiyyəti İsrailin nüvə obyektlərinə raket hücumlarını istisna etmədiyini açıq şəkildə bildirib. Təxminən 1 həftə bundan əvvəl İran raketləri İsrailin nüvə başlıqlarının saxlanıldığı anbarın yerləşdiyi Dimona şəhərinə zərbə endirib. Ekspertlər hesab edirlər ki, İranın bu obyektlərə zərbə endirmək üçün texniki imkanları var. Bundan ötrü, sadəcə, müvafiq siyasi qərarın qəbul edilməsi lazımdır.
***
Beləliklə, hər iki müharibədə mümkün eskalasiyanın nəticələrini ancaq təxmin etmək mümkündür. Hazırda nə münaqişənin bilavasitə tərəfləri, nə də sonradan nəzarətsiz eskalasiyanın nəticələrini yaşayacaq ölkələr fəsadları heç bir ağlabatan dəqiqliklə hesablaya bilməzlər. Açıq demək lazımdır ki, məhz bu, beynəlxalq ictimaiyyətin xüsusi həssaslıqla yanaşdığı və artıq üzləşdiyi əsas təhlükədir. Ukrayna və Yaxın Şərq müharibələrinin getdikcə bir-birinə bənzəyən bəhanə qarışıq məntiqlərini və hərəkətverici qüvvələrini nəzərə alsaq, təhlükənin nə qədər real olduğunu təsəvvür etmək belə qorxuludur. Bəzi analitik və şərhçilərin irəli sürdükləri fərziyyələrə görə, bu, heç də planetin III Dünya müharibəsinə doğru mümkün sürüşmə astanasında olması anlamına gəlmir.
Canlı şahidi və zorən iştirakçısı olduğumuz dövrün iki əsas döyüş meydanının bir-birinə qarışmış məntiq və dinamikasını Üçüncü Dünya müharibəsi adlandırmaq üçün hələlik heç bir əsas yoxdur. Sadəcə olaraq, “dünya müharibəsi” termininə bütün tarixi ciddiliklə yanaşsaq, həm Ukrayna, həm də İran müharibələrini sistemli və “xüsusi hərbi əməliyyatlar” adlandırmaq üçün əsaslar daha çoxdur. Danılmaz həqiqət ondan ibarətdir ki, dünyamızın gələcək nizamı bu iki münaqişənin nəticəsindən birbaşa asılı olacaq. Təəssüf ki, hazırda planetin “ən böyük gücləri” belə sadə hərəkətlərlə növbəti beynəlxalq düzənin dəqiq formasına təsir edə bilməzlər. Yəni hər şeyi çoxsaylı mürəkkəb və gözlənilməz hadisələr zənciri və proseslər müəyyən edəcək. Bunu isə ancaq zaman göstərəcək. Bununla belə, maraqlı dövlətlər İran və Ukrayna müharibələrində eskalasiya perspektivlərinə, xüsusən də yeni ölkələrin eskalasiya potensialına təsir göstərə bilərlər. Eskalasiya risklərini məhdudlaşdırmaq üçün atılması tələb olunan zəruri addımlar bəllidir: siyasi və hərbi dialoq, qarşılıqlı güzəştə gedilməsi, etimad və təhlükəsizliyin möhkəmləndirilməsi tədbirləri, hərbi şəffaflığın artırılması.
Effektiv təsirə malik bu alətlər dəsti yaxşı işlənib hazırlanmış, institusionallaşdırılmış və uzunmüddətli ikitərəfli və çoxtərəfli sazişlərdə təsbit edilib. Amma problem onu həyata keçirmək üçün siyasi iradədədir. İndiki təhlükəli şəraitdə siyasi iradə və cəsarət qızıl dəyərindədir.
İmran BƏDİRXANLI
XQ
Ekspert rəyi
İran 90 milyondan çox əhaliyə malik böyük dövlətdir. Tarixi inkişaf mərhələləri var. Beş-altı raket atıb hədə-qorxu gəlməklə İranın təslim olacağını güman etmək qeyri-ciddi düşüncə idi. Amma onu da deməliyik ki, ABŞ və İsrail qarşılarına qoyduqları məqsədlərin böyük əksəriyyətinə nail olublar. İranın nüvə proqramı neçə on illər geri atılıb. Onları bərpa etməkdən ötrü yüz milyardlarla dollar vəsait tələb olunacaq. Raket proqramı ilə bağlı da eyni sözləri demək olar. Bunlardan başqa, bu ölkənin hərbi infrastrukturu darmadağın edilib. Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə sistemləri, eləcə də donanması sıradan çıxarılıb. Məhz bu baxımdan ABŞ-İsrail tandemi öz məqsədlərinə çatıb.
Sadəcə olaraq, İranda faktiki olaraq hakimiyyəti ələ alan SEPAH mövcud vəziyyətə “əgər təslim olmamışıqsa, deməli, münaqişədən qalib çıxmışıq” prizmasından yanaşır. Amma nəticə göz qabağındadır. Hörmüz boğazını bağlamaqla dünyanın şantaj edilməsi də uzun sürməyəcək. Elə məqam gəlib çatıb ki, tərəflər papaqlarını qarşılarına qoyub fikirləşməlidirlər: bundan sonra nəyi qazana, nəyi isə itirə bilərlər?
Onu da deyim ki, İranda insanlar artıq ayılıb və onlar boğazından kəsilən trilyonlarla vəsaitin lazımsız məqsədlər üçün xərcləndiyinin fərqindədirlər. Əlbəttə ki, davam edən eskalasiyadan təkcə bölgə ölkələri deyil, bütün dünya narahatdır. Hesab edirəm ki, aprelin sonunadək əməliyyat davam etdiriləcək. ABŞ Konstitusiyasına görə, prezident Konqresin icazəsi olmadan hərbi əməliyyat 60 gündən artıq aparıla bilməz. O vaxtadək eskalasiyanın zəifləyəcəyini, hücumların intensivliyinin azalacağını güman edirəm. İstisna olunmur ki, “böyük güclər”, xüsusilə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ABŞ və Çin hansısa ortaq məxrəcə gələcəkləri halda TŞ-nin müvafiq qətnaməsi ilə məlum hərbi münaqişənin həm tamamlanması, həm də gələcəklə bağlı hüquqi çərçivələr müəyyənləşdiriləcək.
Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq


