Bakı–Lissabon: Avrasiyada yeni geostrateji körpü

post-img

Azərbaycan və Portuqaliya arasında ikitərəfli münasibətlər Avrasiya materikinin iki fərqli coğrafi qütbündə yerləşən dövlətlərin qarşılıqlı maraqlar, beynəlxalq hüquq prinsipləri və strateji enerji təhlükəsizliyi əsasında qurduğu dinamik tərəfdaşlıq modelini təmsil edir. Otuz ildən artıq bir dövrü əhatə edən əlaqələr yeni mərhələyə qədəm qoyur. Söhbət Portuqaliyanın ölkəmizdə səfirlik açmaq niyyətindən gedir.
Portuqaliya müstəqilliyimizi 1992-ci il yanvarın 7-də tanıyıb. Həmin il avqustun 4-də isə diplomatik münasibətlər qurulub. 2022-ci il avqustun 4-də iki ölkənin Xarici İşlər nazirlikləri diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş birgə bəyanat yayıblar. Bu sənəddə ötən üç onillik ərzində əldə edilmiş nailiyyətlər yüksək qiymətləndirilərək siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə dair qarşılıqlı sadiqlik ifadə olunub. Bakı və Lissabon arasında ikitərəfli münasibətlərin praktiki müstəvidə dərinləşməsi 2015-ci ildə Bakıda Portuqaliya diplomatik missiyasının fəaliyyətə başlaması ilə yeni nəfəs qazanıb. 
Bu günlərdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Portuqaliyanın dövlət və xarici işlər naziri Paulo Rangel arasında baş tutan telefon danışığında Bakı-Lissabon əməkdaşlığının cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub. Portuqaliya tərəfi Azərbaycandakı diplomatik statusun keyfiyyətcə yeni mərhələyə keçidi və ölkəmizdə rezident səfirliyin təsis olunması ilə bağlı strateji qərarını bəyan edib. 
Azərbaycan və Portuqaliya arasında siyasi dialoqun formalaşmasında dövlət başçılarının ötən dövrlərdə keçirilmiş mütəmadi görüşləri və beynəlxalq sammitlər çərçivəsində aparılan müzakirələr mühüm rol oynayıb. 1994-cü il ATƏT-in Budapeşt sammiti, 1995-ci il BMT Baş Assambleyasının sessiyası və xüsusilə 1996-cı il ATƏT-in Lissabon sammiti çərçivəsində reallaşan təmaslar iki dövlət arasında siyasi etimadın fundamental əsaslarını formalaşdırıb. Lissabonda keçirilən sammit Azərbaycanın çoxvektorlu diplomatiya tarixində milli maraqların beynəlxalq müstəvidə təsbit olunması baxımından müstəsna əhəmiyyət kəsb edib. Məhz Lissabon sammitinin qəbul edilən yekun sənədi Ermənistan–Azərbaycan münaqişəsinin həlli üçün beynəlxalq hüquqi çərçivəni müəyyən etdi.
* * *
Prezident İlham Əliyevin rəhbərliyi dövründə Bakı və Lissabon arasında münasibətlər keyfiyyətcə yeni və şaxələnmiş inkişaf trayektoriyasına qədəm qoyub. Xüsusilə 2010-cu il noyabrın 19-21-də NATO-nun Lissabon sammiti çərçivəsində baş tutan yüksəksəviyyəli təmaslar ikitərəfli əməkdaşlığın gündəliyini daha da zənginləşdirib. İkitərəfli əlaqələrin institusionallaşması baxımından 2010-cu ilin iyulun 15-də Portuqaliyanın xarici işlər naziri Luis Amadonun rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri xüsusi çəkiyə malikdir. Səfər zamanı “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Portuqaliya Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu” iki ölkə arasında sistemli dialoqun bünövrəsini təşkil edib. Münasibətlərin dinamikasında ötən ilin sentyabrında Nyu-Yorkda, BMT Baş Assambleyası çərçivəsində Prezident İlham Əliyev və Portuqaliya Prezidenti Marselo Rebelo de Souza arasında keçirilən görüş strateji əhəmiyyət kəsb edir. 
İki ölkə arasında uzun illər siyasi münasibətlərin mühüm spektrini qlobal platformalarda nümayiş etdirilən qarşılıqlı həmrəylik təşkil edib. BMT, ATƏT və Avropa Şurası müstəvisində tərəflər bir-birinin suverenliyini və strateji maraqlarını ardıcıl şəkildə dəstəkləyirlər. Lissabonun Azərbaycanın 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyünə verdiyi dəstək, eləcə də Bakının Portuqaliyanın COVID-19-la mübarizəyə dair beynəlxalq təşəbbüslərinə ilk reaksiya verən paytaxtlardan biri olması bu tərəfdaşlığın müsbət məcrada inkişafı üçün əlverişli mühitin olduğunu göstərir.
Regional təhlükəsizlik müstəvisində Portuqaliyanın ATƏT-dəki rolu xüsusi qeyd edilməlidir. ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi, portuqaliyalı deputat Lüis Qrasanın fəaliyyəti regionda davamlı sülhün qurulmasına yönəlib. O, 2025-ci ilin avqustunda Ermənistan və Azərbaycan arasında Vaşinqtonda imzalanan sülh sənədini tarixi addım kimi qiymətləndirərək prosesin gələcək nəsillər üçün sabitlik vədlərini diqqətə çatdırıb. 
Nəticə etibarilə Portuqaliyanın ölkəmizdə səfirlik açmaq niyyətini Azərbaycanın regionda formalaşdırdığı yeni geosiyasi reallığın Qərbi Avropanın mühüm siyasi mərkəzlərinin biri tərəfindən qəti şəkildə qəbul edilməsi kimi qələmə verə bilərik. Yeni mərhələ ölkələr arasında münasibətləri qlobal enerji təhlükəsizliyi və suverenliyə hörmət müstəvisindən çıxararaq, daha operativ, birbaşa və strateji dialoq müstəvisinə daşıyır. Beləliklə, qitənin iki fərqli qütbünü birləşdirən Bakı–Lissabon xətti gələcək onilliklərdə praqmatik tərəfdaşlığın uğurlu modellərindən biri olmağa iddialıdır. 

Tacir SADIQOV
XQ

Ekspert rəyi

Hər iki dövlət BMT və ATƏT kimi mühüm beynəlxalq platformalarda sıx əməkdaşlıq edərək, bir çox məsələlərdə qarşılıqlı dəstək nümayiş etdirirlər. İkitərəfli əlaqələrin dərinləşməsində müxtəlif illərdə dövlət başçıları və xarici işlər nazirləri səviyyəsində keçirilən görüşlər, habelə parlamentlərarası səmərəli əməkdaşlıq mexanizmləri xüsusi rol oynayıb. Bu siyasi dialoq iqtisadi sahədəki tərəfdaşlıq üçün də möhkəm zəmin yaradıb.
Məlumat üçün deyim ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanın Portuqaliya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 2,3 faiz artaraq 114,1 milyon dolları üstələyib. Mövcud dinamika nəqliyyat, turizm, kənd təsərrüfatı və enerji sektorlarında hələ də böyük əməkdaşlıq potensialının olduğunu göstərir. Bu sahələr üzrə perspektivlərin dəyərləndirilməsi yaxın gələcəkdə hər iki ölkənin iqtisadi bağlarının daha da diversifikasiya olunmasına imkan verəcək. İki ölkə arasında ticari əlaqələr əsasən Azərbaycanın ixrac etdiyi enerji resursları hesabına formalaşır və son illər ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsi müşahidə olunur. İqtisadi tərəfdaşlıqla yanaşı, mədəniyyət və təhsil sahəsində əlaqələr də hazırda yeni inkişaf mərhələsinə qədəm qoymaqdadır.
Azərbaycan üçün Avropa İttifaqına üzv dövlətlərlə əlaqələrin gücləndirilməsi strateji əhəmiyyət daşıyır. Bu ­kontekstdə, Portuqaliyanın nüfuzlu Avropa İttifaqı ölkəsi statusu onunla münasibətlərin daha ciddi və genişmiqyaslı platformada qurulmasını Azərbaycanın xarici siyasəti üçün prioritet məsələlərdən birinə çevirir.
Onu da qeyd edim ki, uzun müddət Portuqaliyanın Azərbaycanda, Azərbaycanın isə Portuqaliyada diplomatik nümayəndəliyi olmayıb. Münasibətlər əsasən qeyri-rezident səfirliklər vasitəsilə idarə edilib. Portuqaliyanın Azərbaycanda səfirlik açmaq qərarı təbii olaraq iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə xidmət edəcək.

Samir VƏLİYEV, 
Milli Məclisin deputatı, 
Azərbaycan-Portuqaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri



Siyasət