Məşğulluq xidmətləri də rəqəmsallaşır

post-img

Hazırda süni intellekt texnoloji inkişafın əsas istiqamətlərindən biri kimi çıxış edir və cəmiyyətin müxtəlif sahələrində dərin transformasiyalara səbəb olur. Rəqəmsallaşmanın sürətlənməsi, “böyük verilənlər” bazasının formalaşması və hesablama gücünün artması nəticəsində süni intellekt artıq yalnız elmi-tədqiqat mövzusu deyil, iqtisadiyyatın, idarəetmənin və sosial həyatın ayrılmaz elementinə çevrilir. 
Artıq süni intellekt cəmiyyətin inkişafına güclü təsir göstərən strateji texnologiya kimi qiymətləndirilir. Müxtəlif sahələrdə tətbiqi iqtisadi səmərəliliyin artmasına, sosial xidmətlərin keyfiyyətinin yüksəlməsinə və idarəetmə proseslərinin daha effektiv həyata keçirilməsinə imkan yaradır. 
Ölkəmizdə də rəqəmsal transformasiya prosesində süni intellekt texnologiyalarının tətbiqinə xüsusi diqqət yetirilir. Bu kontekstdə məşğulluq xidmətlərində süni intellekt texnologiyalarının tətbiqi son illərdə əmək bazarının idarə olunması və işaxtaranlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması baxımından mühüm istiqamətlərdən birinə çevrilməkdədir. 
Rəqəmsal transformasiya və “böyük verilənlərin” analizi nəticəsində məşğulluq xidmətləri daha çevik, fərdiləşdirilmiş və effektiv mexanizmlərlə təmin olunur. Müasir dövrdə bir çox ölkələrdə dövlət məşğulluq xidmətləri süni intellekt əsaslı platformalar və innovativ layihələr vasitəsilə əmək bazarının tələblərinə uyğun yeni yanaşmalar tətbiq edir.
Ekspertlər qeyd edirlər ki, beynəlxalq təcrübədə dövlət məşğulluq xidmətlərinin təxminən yarısı artıq süni intellekt əsaslı texnologiyalardan istifadə edir. Bu texnologiyalar əsasən işaxtaranların profilinin təhlili, vakansiyaların uyğunlaşdırılması, əmək bazarı məlumatlarının analizi və vətəndaşlara məlumat xidmətlərinin göstərilməsi kimi sahələrdə tətbiq olunur. Süni intellekt alqoritmləri işaxtaranların bacarıqlarını, təcrübəsini və əmək bazarının tələblərini analiz edərək daha uyğun iş yerlərini müəyyənləşdirir və məşğulluq xidmətlərinin effektivliyini artırır.
Əmək bazarında innovativ yanaşmaların genişləndirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məşğulluq xidmətlərində süni intellekt texnologiyalarının tətbiqi istiqamətində yeni layihələrin həyata keçirilməsi planlaşdırılır. Nazirlikdən verilən məlumatda bildirilir ki, bu çərçivədə gələcəkdə məşğulluq bazarına uyğun tövsiyə sisteminin yaradılması nəzərdə tutulur. Planlaşdırılan sistem vətəndaşın təhsil səviyyəsini, iş təcrübəsini, bacarıq və maraqlarını nəzərə alaraq ona uyğun vakansiya təkliflərini avtomatik şəkildə təqdim edəcək.
Sistemin işləmə mexanizminə əsasən istifadəçinin şəxsi anket məlumatları, bacarıq siyahısı və əvvəlki iş təcrübəsi sistemə daxil ediləcək. Süni intellekt modeli həmin məlumatları mövcud vakansiya bazası ilə müqayisə edərək uyğunluq göstəricisini hesablayacaq. Aparılan təhlillər nəticəsində vətəndaşlara ən uyğun və yaxın vakansiyalar tövsiyə ediləcək. Bu tətbiq gələcəkdə işaxtaran vətəndaşların əmək bazarında daha düzgün istiqamətləndirilməsinə, vakansiyalara çıxış imkanlarının genişlənməsinə və məşğulluq xidmətlərinin səmərəliliyinin artırılmasına xidmət edəcək. Eyni zamanda, işəgötürənlər üçün uyğun namizədlərin daha operativ müəyyənləşdirilməsinə dəstək verəcək və işaxtaranları onların bilik və bacarıqlarına uyğun vakansiyalara yönləndirəcək.
Süni intellekt texnologiyalarının tətbiqi məşğulluq xidmətlərinin fəaliyyətində yeni imkanlarla yanaşı, müəyyən çağırışlar da yaradır. Nəticə etibarilə, məşğulluq xidmətlərində süni intellekt texnologiyalarının tətbiqi əmək bazarının daha effektiv idarə olunmasına, işaxtaran və işəgötürən arasında əlaqələrin gücləndirilməsinə, məşğulluq siyasətinin daha dəqiq planlaşdırılmasına imkan yaradır. Bu sahədə həyata keçirilən yeni layihələr sayəsində süni intellekt gələcəkdə məşğulluq xidmətlərinin əsas texnoloji dayaqlarından birinə çevriləcək və əmək bazarında innovativ idarəetmə modellərinin formalaşmasına mühüm töhfə verəcək.

Mustafa KAMAL
XQ

İqtisadiyyat