Paşinyanın namizədliyi fonunda Karapetyanın süni güc nümayişi
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, hakim “Mülki müqavilə” partiyası onu iyunun 7-də keçiriləcək parlament seçkilərində hökumət başçısı postuna namizəd kimi irəli sürüb. O, “Facebook” hesabında yerləşdirilən bəyanatında qeyd edib ki, partiya daxilində keçirilən 2 mərhələli praymeriz başa çatıb və nəticələr yekunlaşdırılıb.
Səsvermə nəticələrinə etiraz etmək üçün müəyyən edilmiş müddət ərzində heç bir müraciət daxil olmadığını bildirən Paşinyan: “Hesablama komissiyasının sədri, parlament sədrinin müavini Akop Arşakyanın rəhbərliyi altında qapalı – gizli səsvermənin iki mərhələsinin yüksək səviyyədə və demək olar ki, qüsursuz təşkilinə görə komissiyanın bütün üzvlərinə təşəkkür edirəm. Partiya yoldaşlarıma mənə yenidən etimad göstərdikləri, “Mülki müqavilə” partiyasının seçki siyahısına rəhbərlik etməyi həvalə etdikləri və Ermənistan Respublikasının baş nazirliyinə namizəd kimi irəli sürmək şərəfinə layiq gördükləri üçün minnətdaram” – deyə vurğulayıb.
Səsvermənin ilkin nəticələrinə görə, Paşinyan 933 səs toplayıb. Xarici işlər naziri Ararat Mirzoyan 853, müdafiə naziri Suren Papikyan 842, iqtisadiyyat naziri Gevork Papoyan – 806, parlament sədrinin müavini Ruben Rubinyan 782 səs alıb. İlk onluqdakı sonrakı yerlərdə səhiyyə naziri Anait Avanesyan (780 səs), deputat Vaaqn Aleksanyan (777 səs), hökumət aparatının rəhbəri Raki Arutyunyan (766 səs), parlamentdəki “Mülki müqavilə” fraksiyasının rəhbəri Ayk Koncoryan (747 səs) və əmək və sosial məsələlər naziri Arsen Torosyan (745 səs) qərarlaşıb. Əlavə edək ki, partiyanın seçkiqabağı proporsional siyahısı səsvermənin yekunları əsasında formalaşdırılmalıdır, lakin bu zaman siyahıdakı hər 4 yerdən ən azı biri qadın olmalıdır.
Ancaq hakim partiya daxilində keçirilən ilkin seçkilər ictimai-siyasi fəaliyyətlə məşğul olan şəxslər tərəfindən birmənalı qarşılanmayıb. Məsələn, siyasi texnoloq Armen Badalyan praymerizin saxta olduğunu və N.Paşinyanın maraqlarına xidmət etdiyini bildirib. O, “Sputnik Ermənistan” agentliyinə açıqlamasında bildirib ki, proses Paşinyana öz mövqelərini möhkəmləndirməsi üçün lazım idi: “Bu prosesin sözün əsl mənasında praymerizlə heç bir əlaqəsi yoxdur, çünki burada real rəqabət və ideoloji mübarizə mövcud deyildi: “Əks təqdirdə biz Nikol Paşinyanın, Ararat Mirzoyanın və ya digər siyasi fiqurların debatlarını görərdik. Səsvermənin mövcud nəticələri isə partiyanın strukturundan irəli gəlir. “Mülki müqavilə” klassik lider partiyasıdır, orada qərarları bir nəfər qəbul edir. Bu cür sistemdə nəinki rəqabət stimullaşdırılmır, həm də lider üçün təhlükəli sayılır, çünki alternativ mərkəzlərin peyda olmasına gətirib çıxara bilər”.
A.Badalyan hesab edir ki, bu tip partiyalarda vəzifələrin bölgüsü də səsvermə ilə deyil, rəhbərin subyektiv qərarı ilə müəyyən olunur: “İndiki situsiyada da ilk onluğa Paşinyana sədaqət meyarı ilə seçilmiş şəxslər daxil ediliblər. Siyahı baş nazirin istəyinə uyğun şəkildə formalaşdırılıb; o belə istəyib. Avtoritar sistemdə rəqabət olmur. Partiyada baş verənləri ölkədəki ümumi siyasi atmosferdən kənar qiymətləndirmək mümkün deyil. Əgər ölkədə mərkəzləşdirilmiş idarəetmə sistemi formalaşırsa, eyni məntiq partiya daxilində də işləyir. Ermənistanda hakimiyyət avtoritar idarəetməyə doğru gedir, deməli, hakim partiyada demokratiya ola bilməz”. O, həmçinin Ermənistanda seçkilərin rəqabətli olmasına şübhə ilə yanaşdığını bildirib və qeyd edib ki, ölkədə seçki nəticələri çox vaxt digər amillərlə müəyyən olunub. Onun sözlərinə görə, son onilliklərdə keçirilən demək olar ki, bütün seçkilərdə hakim partiyanın real rəqabət qabiliyyətindən asılı olmayaraq, qalibiyyət rəsmən həmişə mövcud hakimiyyətlərin adına yazılıb.
***
Əlbəttə, hakim partiyanın Paşinyanı növbəti dəfə baş nazirliyə namizəd irəli sürməsi siyasi sistemin davamlılığı və sabitliyi baxımından mühüm addımdır. İkimərhələli praymerizin keçirilməsi həm partiyadaxili prosedurların rəsmiləşdirilməsi, həm də qərarların şəffaf mexanizm üzərindən qəbul edilməsi istiqamətində irəliyə doğru addım kimi dəyərləndirilə bilər. Səsvermənin nəticələrinə etirazın olmaması, prosesin qapalı-gizli formatda, texniki qüsursuzluq şəraitində təşkil edilməsi hakim komandanın idarəçilik mədəniyyətinin formalaşdığını göstərir. Lakin bu prosesə kölgə salmağa çalışan bəzi siyasi fiqurlar, xüsusilə Armen Badalyan, praymerizi “saxta” adlandırmaqla subyektiv yanaşma sərgiləyir. Badalyanın iddiaları faktlara deyil, şəxsi fərziyyələrə əsaslanır. O, nə real sübut gətirir, nə də səsvermədə iştirak edən minlərlə partiya üzvünün iradəsini nəzərə alır. Paşinyanın mövqeyinin güclü olması rəqabətin olmaması deyil, ermənilərin onun liderliyinə duyduqları etimadın göstəricisidir. Badalyanın Ermənistanın avtoritarizmə getdiyi barədə ittihamları isə siyasi reallıqdan uzaqdır. Ölkədə müxtəlif siyasi qüvvələr seçkilərdə iştirak edir, geniş koalisiya imkanları mövcuddur və bu, səsvermənin rəqabətli xarakter daşıdığını sübut edir. Reallıq odur ki, Paşinyanın namizədliyi həm partiya daxilində, həm də cəmiyyətdə geniş legitimlik qazanıb və seçkiyə idarəetmə sabitliyi fonunda gedən əsas siyasi fiqur olaraq qalır.
***
Bu arada oliqarx Samvel Karapetyanın “Güclü Ermənistan” partiyasının iki partiya – “Birləşmiş ermənilər” (fəxri sədr Nairi Sarkisyan) və “Yeni dövr” partiyası (lideri Arutyun Arutyunyan) ilə blok yaratdığı açıqlanıb. İmzalanma mərasimi martın 31-də Karapetyanın partiya qərargahında baş tutub. Memorandum imzalayan partiyalar bildirib ki, onlar “Güclü Ermənistan”ın siyasi gündəminin və seçkiqabağı proqramının ətrafında birləşir və “dövlətçiliyin möhkəmləndirilməsi, milli və dini dəyərlərin qorunması, hüquqi və sosial ədalətin təmin edilməsi” istiqamətində fəaliyyət göstərəcəklər. Onlar əvvəlcədən elan edildiyi kimi, “Samvel Karapetyanla güclü Ermənistan” adlı vahid blokla seçkilərdə iştirak edəcəklər.
“Güclü Ermənistan”ın şura üzvü, S.Karapetyanın qardaşı oğlu Narek jurnalistlərə açıqlamasında blokun qələbəsinə əmin olduğunu bildirib. O, bunu təkcə sorğulara deyil, həm də ictimai əhval-ruhiyyə ilə əsaslandırır: “Cəmiyyətin müxtəlif təbəqələri ilə ünsiyyətdə olduğumuz zaman bu qənaətə gələ bilərik. Ermənistanda dəyişikliklər yalnız Karapetyan qüvvəsi şəklində ola bilər. Hazırda yeganə alternativ də elə budur”, – deyə Karapetyan vurğulayıb. Rusiyaya bağlı oliqarxın “Güclü Ermənistan” adı altında yaratdığı blok, əslində, siyasi proqramdan çox, şəxsi maraqların seçki paketinə çevrilmiş forması təsiri bağışlayır. “Dövlətçiliyin möhkəmləndirilməsi” kimi pafoslu ifadələr isə Karapetyanın uzun illər Ermənistan siyasətinə kölgədən təsir göstərən iqtisadi gücünü legitimləşdirmək cəhdindən başqa bir şey deyil. Karapetyan bloku seçki prosesinə Ermənistan siyasətinin illərdir tənqid olunan köhnə oliqarx modelinin təkrar istehsalından başqa heç nə vəd etmir.
Onu da bildirək ki, artıq bir sıra siyasi qüvvələr iyunun 7-də keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətlərini açıqlayıblar. Bura hakim “Mülki müqavilə” partiyası, ikinci prezident Robert Koçaryanın “Hayastan” bloku, oliqarx S.Karapetyanın “Güclü Ermənistan” partiyası daxildir. Oliqarx Qaqik Çarukyan “Ermənistan üçün təkliflər” təşəbbüsünü irəli sürərək seçkilərdə iştirakını bəyan edib. Seçkilərdə həmçinin keçmiş ombudsman Arman Tatoyanın “Birlik qanadları” təşəbbüsü və birinci prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Ermənistan Milli Konqresi də iştirak edəcək. Erməni Milli Konqresi baş nazirliyə Levon Zurabyanın, “Yeni qüvvə” partiyası isə İrəvanın sabiq meri Ayk Marutyanın namizədliyini irəli sürüb.
Səxavət HƏMİD
XQ

