Görkəmli onkoloq, nüfuzlu səhiyyə xadimi

post-img

Cəmil ƏLİYEV – 80

Bugünlərdə dünya şöhrətli onkoloq, milli səhiyyə xadimi, akademik Cəmil Əliyevin anadan olmasının 80 illiyi tamam oldu. Prezident İlham Əliyev yubiley münasibətilə görkəmli təbibi “İstiqlal” ordeni ilə təltif etdi.

Təbabətin onkologiya sahəsi ilə məşğul olan alimlərimizin əldə etdiyi naliyyətlərin təməli ölkəmizdə əsasən XX əsrin ikinci yarısından təşəkkül tapmışdır. Son dərəcə yeni, həyati vacib sahəyə böyük sevgi, tükənməz enerjisi ilə gələn gənc elm fədailərinin əzmkarlığı sayəsində çox qısa zamanda bu sahə inkişaf yoluna qədəm qoyaraq dünya standartları səviyyəsinə yüksəlmişdir.

Ötən əsrin 70-80-ci illərində Azərbaycanda onkologiya elmini bu səviyyəyə yetirən, onun inkişafında xidmətləri danılmaz olan həmin gənc alimlər nəslinin görkəmli nümayəndələrindən biri də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin baş direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Azərbaycan Onkoloqlar və Radioloqlar Cəmiyyətinin sədri, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Cəmil Əziz oğlu Əliyevdir.

Cəmil Əziz oğlu Əliyev 1946-cı il martın 30-da Bakı şəhərində tanınmış alim və görkəmli dövlət xadimi Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində dünyaya gəlib. 1968-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. 1973-cü ildə Bakı şəhərində “onkologiya” ixtisası üzrə “Alt dodağın dərisinin və ağız boşluğunun selikli qişasının xərçənginin diaqnostikası və müalicəsi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

1978-ci ildə Moskvada SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzində “onkologiya” ixtisası üzrə “Dərinin melanoması və xərçəngi zamanı plastik cərrahiyyə əməliyyatı” mövzusunda doktorluq dissertasiyası müdafiə edən alim tibb elmləri doktoru elmi dərəcəsi qazanıb. 1987-ci ildə elmi kadrların hazırlanması sahəsində səmərəli fəaliyyətinə görə SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə onkologiya ixtisası üzrə professor elmi adı alıb.

1994-cü ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun onkologiya kafedrasına rəhbərlik edən, süd vəzi, başın yumşaq toxumaları və boyun şişlərinin diaqnostikası sahəsində görkəmli aparıcı mütəxəssislərdən biri olan Cəmil Əliyev Azərbaycanda müasir klinik onkologiyanın və süd vəzi xərçənginin diaqnostikası və müalicəsi üzrə alimlər məktəbinin banilərindən biri olmaqla yanaşı, həm də uzun illərdir təməlini qoyduğu Azərbaycan Onkologiya Elmi Məktəbinə rəhbərlik edir. 1000-ə yaxın elmi məqalənin, 15-dən çox ixtiranın, 20-dən çox monoqrafiya və dərs vəsaitinin müəllifi olan akademik Cəmil Əliyevin rəhbərliyi altında 14 tibb elmləri doktorluğu və 52 tibb üzrə fəlsəfə doktorluğu dissertasiyaları müdafiə edilib.

Dünya şöhrətli soydaşımız Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının əcnəbi üzvü, Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü, Amerika Birləşmiş Ştatları M.D.Anderson Xərçəng Mərkəzinin fəxri professoru, Hammersmit Kral Universiteti Hospitalının fəxri doktorudur.

Bir çox beynəlxalq elmi qurumun və ictimai təşkilatın üzvü seçilən akademik Cəmil Əliyev 1980-ci ildə “Dərinin melanoması və xərçəngi zamanı plastik cərrahiyyə əməliyyatı” monoqrafiyasına görə SSRİ Tibb Elmləri Akademiyasının akademik N.N.Petrov adına mükafatına layiq görülüb. Görkəmli alimin adı 1996-cı ildə İngiltərənin Kembric Beynəlxalq Bioqrafiya Mərkəzinin dünya intellektualları arasında “Kim kimdir?” bioqrafik toplusuna daxil edilib.

Azərbaycan Milli Elmlər Akademiyasının “Bilik” Maarifçilik Cəmiyyətinin Y.Məmmədəliyev adına mükafatına layiq görülən akademik Cəmil Əliyevə 2000-ci ildə Əməkdar elm xadimi fəxri adı verilib. O, 2006-cı ildə “Şöhrət”, 2016-cı ildə “Şərəf” ordenləri ilə təltif edilib.

2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilən alim 2003-cü ildə akademik Mustafa bəy Topçubaşov adına mükafata, 2011-ci ildə Dağıstan Respublikasının Əməkdar elm xadimi, 2015-ci ildə isə “Türk dünyasına xidmət Böyük Qızıl medalı”na layiq görülüb. Cəmil Əziz oğluna 2015-ci ildə Avropa Təbiət Elmləri Akademiyasının N.Piroqov ordeni, “Avropanın fəxri alimi” adı və V.Leybnits medalı, Azərbaycan Milli Elmlər Akademiyasının M.Mirqasımov adına mükafatı verilib. Soydaşımız 2018-ci ildə Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Mükafatlar Şurasının qərarı ilə “Elm və Sülh elçisi” fəxri adına layiq görülüb.

Keçmiş SSRİ-də barmaqla sayılacaq, ölkəmizdə isə onkologiya sahəsində nadir alim, ciddi mütəxəssis olan Cəmil Əliyev 1990-cı ilin qan-qadası içərisində Milli Onkologiya Mərkəzinə Baş direktor təyin edilib. 36 ildir ki, bu çətin və məsuliyyətli vəzifəni yüksək peşəkarlıq, şərəf və ləyaqətlə yerinə yetirən akademik Cəmil Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 2006–2012-ci illərdə Milli Onkologiya Mərkəzi tamamilə yenidən qurularaq modernləşdirilmişdir.

Bu səhiyyə müəssisəsinin müasir dünya standartlarına uyğunlaşdırılmasında, ölkəmizdə onkoloji xəstəliklərə qarşı mübarizənin təşkilində Cəmil Əliyevin xidmətləri müstəsnadır. Onun gərgin əməyi sayəsində bu gün Milli Onkologiya Mərkəzi təkcə Azərbaycanda deyil, Cənubi Qafqazda bədxassəli şişlərin etiopatogenezi, diaqnostikası, müalicəsi və profilaktikası problemlərini tədqiq edən, mükəmməl maddi-texniki, kliniki bazaya malik ixtisaslaşmış elmi-tədqiqat müəssisəsidir.

Hazırda mərkəzdə 2 min nəfərə yaxın işçi çalışır. Ölkəmizdəki onkoloji xəstələrin böyük hissəsi Milli Onkologiya Mərkəzində müalicə olunur. İl ərzində burada yüz otuz minə yaxın pasiyent müayinə edilir, otuz mindən çox insan stasionar müalicə kursu keçir. Akademik Cəmil Əliyevin rəhbərliyi ilə Azərbaycanda ilk dəfə Uşaq Onkologiya İnstitutu binasının inşa etdirilməsi və fəaliyyətə başlaması, kadr potensialının möhkəmləndirilməsi, ən müasir tələblərə cavab verən cərrahiyyə bölümünün, həmçinin ambulator xidmətini təmin edən binanın yüksək səviyyədə təşkili, müasir avadanlıqla təchiz olunması xüsusilə əhəmiyyətlidir.

Milli Onkologiya Mərkəzinin nəzdində yaradılan Onkoreqistr 2015-ci ildə Beynəlxalq Onkoloji Xəstəliklər Assosiasiyasına üzv qəbul edilib. Həmin il mərkəzlə ABŞ-ın M.D.Anderson Xərçəng Mərkəzi arasında ikitərəfli əməkdaşlıq haqqında memorandum imzalanıb. 2018-ci ildə isə İngiltərənin Liverpul Universiteti Hospitalı, Avstriya Tibb Universiteti, Türkiyənin Hacettepe Universiteti, həmçinin Xərçənglə Mübarizə üzrə Beynəlxalq Elmi-Tədqiqat İnstitutu ilə də Milli Onkologiya Mərkəzi arasında memorandumlar imzalanıb. 2014-cü ildə Milli Onkologiya Mərkəzinə Beynəlxalq Məsləhət və Tədris Mərkəzi statusu verilib.

Akademik Cəmil Əliyevin beynəlxalq səviyyədəki elmi nüfuzu, əlaqələri, mərkəzi dünyanın aparıcı elmi qurumlarından birinə çevirib.

2006-cı ildə Milli Məclisin qəbul etdiyi və Azərbaycan Respublikası Prezidentinin imzaladığı “Onkoloji yardım haqqında” Qanun, onun icrası ilə əlaqədar “Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı” və sonradan qəbul olunan yeni dövlət proqramları, onkoloji xidmətin maddi-texniki bazasının gücləndirilməsi, Milli Onkologiya Mərkəzin cərrahiyyə, uşaq onkologiyası, yeni müalicə korpuslarının, Nüvə Təbabəti Mərkəzinin, müasir səviyyəli laboratoriyalarının açılması, tibb ocağının ən müasir tibbi texnika ilə, o cümlədən mobil diaqnostik komplekslə təchiz olunması məhz Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısının təzahürüdür.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkə səhiyyəsinə, o cümlədən onkologiya sahəsinə daim diqqət yetirməsi, onkoloji xəstələri, xüsusən də şiş xəstəliklərindən əziyyət çəkən uşaqları qayğı ilə əhatə etməsi, onun təşəbbüsü və himayəsi ilə Milli Onkologiya Mərkəzinin nəzdində yaradılan Uşaq Onkoloji Klinikasının regionda ilk belə ixtisaslaşdırılmış tibb müəssisəsinə çevrilməsi ilə nəticələndi.

Bu taleyüklü, ölkə və beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsində uzun illərdən bəri Milli Onkologiya Mərkəzinə, onkologiya sahəsinə Səhiyyə Nazirliyinin Baş onkoloqu kimi rəhbərlik edən akademik Cəmil Əliyevin xüsusi xidmətləri vardır. Milli Onkologiya Mərkəzində bu elm və səhiyyə müəssisəsinin ənənələrini yaşadan layiqli gənc nəslin formalaşmasına nəzarət edən akademik Cəmil Əliyevin rəhbərliyi ilə Mərkəzdə onkoloji xəstəliklərin profilaktikası, aşkarlanması və müalicəsi üzrə işlər uğurla həyata keçirilir.

Onkoloji xidmətin effektivliyinin artırılması istiqamətində mühüm layihələr gerçəkləşir. Ölüm hökmü kimi qəbul edilən xəstəliyə münasibət başqa biçimdə təqdim edilir. Onkoloji diaqnoz artıq ölüm hökmü kimi qəbul olunmur. Ölkəmizdə şiş xəstəliklərinin müalicəsi və diaqnozu insanlarda inam hissi yaradır. 80 illik ənənəsi olan quruma güvəni artırır.

Bədxassəli şiş problemləri ilə məşğul olan ilk ixtisaslaşdırılmış elmi-tibbi müəssisənin – Azərbaycan Dövlət Elmi-Tədqiqat Rentgenologiya və Radiologiya İnstitutunun səhiyyəmizdə rolu danılmazdır. İnstituta müxtəlif illərdə rəhbərlik edən İsaak Ginzburq, Mustafa Əlikişibəyov, Rəhim Rəhimov kimi tanınmış alimlər Azərbaycanda onkoloji xidmətin inkişafına çox böyük töhfələr veriblər. Bu məşhur alimlər həm də öz məktəblərini yaradıblar. Bu gün akademik Cəmil Əliyev məktəbi onların ən mükəmməlidir. Bunun başlıca səbəblərindən biri Cəmil Əliyevin qüdrətli alim, müəllim, onkoloq cərrah olmaqla yanaşı, həm də təşkilatçı rəhbər kimi ölkəmizdə və dünyada qəbul edilməsidir.

Xərçəngin hər növünün özünəməxsus xüsusiyyətlərinə uyğun olaraq, onkoloji xəstələrin müalicəsi 3 istiqamətdə – cərrahi, kimya-terapevtik və şüa müalicəsi şəklində aparılır. Zəngin maddi-texniki bazaya və güclü kadr potensialına malik olan Milli Onkologiya Mərkəzini dünyanın aparıcı onkoloji mərkəzləri ilə bir sıraya qoymaq olar. Mərkəzin əməkdaşları onkoloji xəstələrə yüksəkkeyfiyyətli xidmətlər göstərir, bədxassəli şişlərin erkən diaqnostikasını, belə xəstələrin müasir cərrahi üsullarla, şüa terapiyası və dərmanlarla müalicəsini həyata keçirir, mövcud müalicə metodlarının daha da təkmilləşdirilməsi məqsədilə genişmiqyaslı elmi araşdırmalar aparırlar.

Burada bütün müayinə-müalicə üsulları dünya standartlarına, Avropa, Amerika protokollarına uyğun həyata keçirilir. Bu səbəbdən də dünyanın nüfuzlu onkoloji mərkəzlərinin aparıcı mütəxəsisləri İngiltərənin Oksford Universitetinin professoru Devid Kerr, ABŞ-ın Vaşinqton Universitetinin professoru, Amerika Kliniki Onkologiya Cəmiyyətinin icraçı vitse-prezidenti, professor Culi Qralou, Türkiyənin Hacettepe Universitetinin professoru Şuayib Yalçın Azərbaycan onkoloqlarını peşəkar kadr, qüdrətli onkoloq cərrah olaraq qəbul edirlər.

Amerika Birləşmiş Ştatlarının Vaşinqton və Qərbi Virciniya universitetlərinin, Filadelfiyanın Fox Chase Xərçəng Mərkəzinin, Veill Cornell Tibb Universitetinin, Böyük Britaniyanın Oksford Universitetinin, İtaliyanın Genuya Universitetinin, Türkiyənin Hacettepe Universitetinin professor və aparıcı mütəxəssislərinin bu qənaəti təsdiq etməsi ölkə onkologiyası ilə yanaşı, akademik Cəmil Əliyevin irsinə və şəxsiyyətinə verilən dəyərdir.

Kolorektal xərçəng problemləri ilə bağlı Amerika Kliniki Onkologiya Cəmiyyəti ilə birgə keçirilən dinləmələr professor Devid Kerrin “Kolorektal xərçəngdə biomarkerlərin yolu”, professor Şuayib Yalçının “Erkən mərhələdə kolorektal xərçəngin dərman müalicəsi”, ABŞ-ın Fox Chase Xərçəng Mərkəzinin professoru Elin Siqurdsonun “Kolorektal xərçəngin cərrahi müalicəsi”, Qərbi Virciniya Universiteti Xərçəng İnstitutunun professoru Riçard Qoldberqin “Metastatik kolorektal xərçəngin müalicəsi” mövzularında alim və mütəxəssislərin ortaq qənaətləri ümumbəşəri problem olan bu xəstəliklərin aradan qaldırılması yollarını müəyyənləşdirməyə kömək olmaqla yanaşı, alimlərin bir araya gəlməsi üçün beynəlxalq konsfrans və simpoziumların təşkilatçısı kimi tarix yaradan akademik Cəmil Əliyevin mənəvi əzəmətinin, alim, cərrah, müəllim, təşkilatçı rəhbər kimi nüfuzunun göstəricisidir.

Akademik Cəmil Əliyev öz elmi məktəbini yaratmağa nail olan dünya şöhrətli alimlərdəndir. Onun elmi məktəbinin yetirmələri təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də onkologiyanın kliniki, eksperimental və nəzəri sahələri üzrə çalışır, elmi axtarışlarını davam etdirirlər.

Akademik Cəmil Əliyevin dünyanın müxtəlif elm mərkəzləri ilə işgüzar əlaqələri, şəxsi nüfuzu sayəsində azərbaycanlı gənclər vaxtaşırı həmin mərkəzlərdə elmi-tədqiqat işlərində iştirak edir, bilik və təcrübələrini artırırlar. Rusya Tibb Elmləri Onkologiya Mərkəzinin keçmiş baş direktoru, mərhum akademik N.N.Trapeznikovun bir neçə dəfə Bakıya gəlməsi, ulu öndər Heydər Əliyevlə görüşməsi, Azərbaycanda onkologiya elminin vəziyyəti ilə tanış olması və gələcək inkişaf perspektivləri ilə bağlı təkliflər verməsi də bu səfərləri, görüşləri təşkil edən akademik Cəmil Əliyevin işgüzar əlaqələrinin, alim nüfuzunun, ən əsası isə onkologiya ilə bağlı məsələləri ən yüksək səviyyələrə qaldıraraq cəmiyyətə fayda vermək istəyinin daha bir göstəricisidir.

Azərbaycanda daha çox rast gəlinən bədxassəli şişlərdən süd vəzisi, dəri, qırtlaq və digər orqanların xərçəngi üzrə Cəmil Əliyevin rəhbərliyi altında və bilavasitə iştirakı ilə silsilə elmi-tədqiqat işləri həyata keçirilib. Süd vəzisi şişləri zamanı yerinə yetirilən operativ müdaxilələrdə, xüsusilə də süd vəzisinin cərrahi əməliyyatlarında Cəmil Əliyev müxtəlif modifikasiyalar təklif edib və onların cərrahlıq praktikasında həyata keçirilməsində mühüm rol oynayıb. Bu elmi istiqamət müasir dövrün innovasiyalarının yaratdığı imkanlardan faydalanaraq indi də uğurla davam etdirilir.

Alim əməliyyatqabağı müalicənin aparılmasında bir sıra yeni metodlar işləyib hazırlayıb. Bu metodların səhiyyə praktikasında geniş tətbiqi travmatik əməliyyatlara göstərişləri məhdudlaşdırmağa imkan verib. Orqansaxlayıcı əməliyyatlarda istifadə imkanlarını xeyli genişləndirib. Süd vəzisi xərçəngi hallarında xüsusi işlənib hazırlanmış reabilitasiya-bərpa müalicə kompleksi və orqansaxlayıcı əməliyyatlarda istifadə edilən orijinal aparatların yaradılması belə xəstələrin əksəriyyətinin tam dəyərli həyata və ictimai-faydalı əməyə qayıtmalarına imkan yaradır.

Akademik Cəmil Əliyevin bilavasitə rəhbərliyi ilə bu kompleksin praktikaya tətbiqi sayəsində son illər əlil xəstələrin sayında xeyli azalma baş verib. Görkəmli alimin süd vəzisi xərçəngi xəstəliyinin inkişaf mərhələlərinin Beynəlxalq Təsnifatına etdiyi düzəliş dünya miqyasında qəbul edilərək xəstələrin müalicə taktikasının yenidən qurulmasına şərait yaradıb.

Görkəmli onkoloqun elmi komandasının ən mühüm tədqiqat sahələrindən biri də süd vəzisinin bədxassəli və xoşxassəli şişləri olan xəstələrdə hepatit B və C viruslarının yayılması ilə bağlıdır. Həmin tədqiqatların nəticələri 1996-cı ildə çapdan çıxan “Süd vəzisi xərçəngi və qaraciyərin funksional vəziyyəti” və 2006-cı ildə işıq üzü görən “Onkoloji xəstələrdə qaraciyərin subklinik patologiyası” adlı monoqrafiyalarda ümumiləşdirilərək, elmi ictimaiyyətə təqdim olunub. Bu araşdırmalar nəticəsində ilk dəfə olaraq bütün dünyada sübuta yetirilib ki, gizli keçən hepatit B süd vəzisi xərçəngi olan xəstələrin müalicəsinin nəticələrinə mənfi təsir göstərir.

Ömrünün böyük bir mərhələsini akademik Cəmil Əliyevlə dostluq münasibətlərində keçirən, Bakıdan, Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutundan başlayan isti münasibətləri Moskvada doktorantura illərində və ondan sonra da uğurla davam etdirən, akademik Əhliman Əmiraslanov bildirir: “Bakıdakı ilk tanışlıqdan sonra Cəmil müəllimlə biz yenidən Moskvada bir araya gəldik. Onda mən də artıq Ümumittifaq Onkoloji Elmi Mərkəzinin aspiranturasına daxil olmuşdum və həmin mərkəzdə çalışırdım.

1974-cü ildən 1978-ci ilə qədər bərabər çalışdığımız bu illər hər ikimizə xoş oldu. Deyərdim ki, o illər ömrün ən unudulmaz çağlarıdır. Çətinliklər, maneələr Cəmil müəllimi əsla qorxutmurdu. Qarşıya çıxan əngəllərə dərhal optimal həll tapa bilirdi”.

Akademik Cəmil Əliyev çoxsaylı elmi işlərin, kitab və monoqrafiyaların, metodiki göstərişlərin, ixtiralar üzrə müəlliflik şəhadətnamələrinin, patentlərin müəllifidir. Monoqrafiyalarından biri 1990-cı ildə “Treatment of Breast Tumours” adı altında ingilis dilində çap olunub. O, həmmüəlliflərlə birgə yazdığı “Dərinin bədxassəli şişlərində plastik operasiyalar” adlı monoqrafiyasına görə 1980-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının akademik N.N.Petrov adına mükafatına layiq görülüb. Rusiyada, Almaniyada, ABŞ-da, İngiltərədə, Fransada, Yaponiyada, Avstriyada, Türkiyədə, Özbəkistanda və digər xarici ölkələrdə keçirilən beynəlxalq qurultay, simpozium və konfranslarda elmi məruzələrlə çıxış edib, bu məruzələr böyük maraqla qarşılanıb.

Akademik Cəmil Əliyev genişmiqyaslı fəaliyyəti ilə yanaşı, həm də “Onkologiya” jurnalının baş redaktoru, “Biomedisina” jurnalının redaksiya şurasının üzvüdür. Respublika Səhiyyə Nazirliyinin onkologiya üzrə Attestasiya Komissiyasının, Respublika Elmi-Tibbi Onkoloqlar Cəmiyyətinin, onkologiya üzrə doktorluq və namizədlik dissertasiyalarının Müdafiə Şurasının sədridir. O, həmçinin “Dünya həkimləri nüvə müharibəsinə qarşı” Beynəlxalq Təşkilatının Azərbaycan Komitəsinə rəhbərlik edir.

Bütün bunlar onun alim, müəllim, onkoloq-cərrah, təşkilatçı rəhbər kimi bacarıq və nüfuzunun nümayişidir.

Tanrının seçilən bəndələrindən olan Cəmil Əliyevin daha bir böyük nailiyyəti ailəsi, övladlarıdır. O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti, Əməkdar müəllim Dilşad Hüseyn qızı Əliyevanın ömür-gün yoldaşı, Seçenov adına birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialinin rektoru, professor oğul Əziz Əliyevin və Azərbaycan Tibb Unuversiteti daxili xəstəliklər kafedrasının dosenti İradə Əliyevanın atasıdır. Cəmil Əliyevin özü isə görkəmli ictimai-siyasi xadim və səhiyyə qurucusu, Təbrizə, Dərbəndə, Borçalıya, İrəvana, Zəngəzura bölünən Azərbaycanı tərcümeyi-halında birləşdirən, Dağıstanın lideri kimi tarix yaradan Vətən oğlu Əziz Məmmədkərim oğlu Əliyevin oğludur.

Şərəf CƏLİLLİ,
yazıçı-publisist



Sosial həyat