AfD Almaniyanın siyasi mənzərəsini dəyişə bilərmi?
Almaniyada federal seçkilər öncəsi siyasi atmosfer getdikcə daha gərgin xarakter alır. Gərginlik ölkənin sənaye baxımından ən inkişaf etmiş bölgələrindən biri sayılan Baden-Vürtemberq əyalətində daha çox müşahidə olunur. Bazar günü keçiriləcək seçkilər, ümumilikdə, Almaniyanın daxili siyasi dinamikasının göstəricisi kimi qiymətləndirilir. İfrat sağ qüvvə “Almaniya üçün Federativ” (AfD) partiyası şərqdəki ənənəvi dayaqlarından kənara çıxaraq, qərbdə də təsir dairəsini genişləndirmək niyyətindədir.
Baden-Vürtemberq əyalətindəki seçkilər, bu mənada, əhəmiyyətlidir. Çünki AfD iqtisadi narazılıqdan siyasi kapital kimi istifadə edərək sosial təbəqələr arasında qorxu və narazılığı manipulyasiya edir. Məsələnin dərininə ensək, görərik ki, Şərqdə uzun illər mövcud olan dəstək bazasını qərbdə təkrar yaratmaq partiyanın, bir növ, strateji manevr qabiliyyətini test etməsi anlamına gəlir.
Siyasi analitiklər qeyd edir ki, AfD-nin qərb əyalətlərində uğuru Almaniyanın siyasi spektrində ciddi dəyişikliklərə səbəb ola bilər. Əgər partiya müvafiq səviyyədə dəstək qazansa, mərkəzçi partiyalar, xüsusilə Xristian Demokrat Birliyi (CDU) və Sosial Demokratlar (SPD) koalisiyalarda daha çox təzyiq altında qalacaq. Bu da qərb əyalətlərində siyasətçilərin yeni taktikalara, islahat mesajlarına və sosial proqramlara yönəlməsini tələb edəcək. Belə olduğu təqdirdə, AfD-nin yüksəlişi bir tərəfdən, Avropadakı sağ populist tendensiyaların Almaniya üçün konkret simvolu kimi görünür, digər tərəfdən, ölkənin federal quruluşunun və siyasi institutlarının dayanıqlılığını sınağa çəkir.
İqtisadi narahatlıqların AfD üçün bir vasitə kimi istifadəsinə gəldikdə, bu, Almaniya cəmiyyətindəki narazılıq və etimad çatışmazlığını göstərir. Enerji qiymətlərinin artması, əmək bazarında qeyri-sabitlik və sosial xidmətlərin yüklənməsi vətəndaşların siyasi hərc-mərcliklərə yönəlməsinə zəmin yaradır. Amma AfD-nin qərb əyalətlərindəki nəticələri, həmçinin digər Avropa ölkələrində sağ populist partiyaların strategiyasına örnək ola bilər. Çünki Almaniya Avropanın ən böyük iqtisadi və siyasi aktorlarından biridir və burada yaranan trendlər qitə miqyasında rezonans doğurur. Bu baxımdan, sabah keçiriləcək seçkilərdə AfD-nin uğur qazanması Almaniya daxilində və xaricində siyasi dialoqu formalaşdıracaq, mərkəzçi partiyaların strategiyalarını yenidən nəzərdən keçirməyə məcbur edəcək. Eyni zamanda, partiyanın qərb əyalətlərində güclənməsi şəhər və kənd əhalisi arasında fərqləri daha görünən edərək siyasi qütbləşmənin dərinləşməsinə səbəb ola bilər.
Yəni perspektivin bir neçə ssenari üzrə formalaşacağı güman edilir. Əgər AfD öz mövqeyini tam gücləndirməyi bacarsa, Almaniya siyasətində sağ populizm daha çox təmsil olunacaq və mərkəzçi partiyalar üçün tənzimləyici və adaptiv strategiyalar zərurətə çevriləcək. Digər tərəfdən, seçici bazasında partiyanın mesajlarına qarşı müqavimət yaranarsa, AfD-nin qərb əyalətlərindəki yüksəlişi müvəqqəti fenomen kimi qalıb, şərqdəki ənənəvi dəstək bazasına geri dönə bilər. Hər iki halda, nəticələrin Almaniyanın daxili siyasəti ilə yanaşı, həm də Avropa İttifaqı daxilində siyasi dinamikanı dəyişdirmə potensialı var.
Yeri gəlmişkən, yazının əvvəlində qeyd etdiyimiz Baden-Vürtemberq əyalətinin prosesdəki rolunu da aydınlaşdıraq. Təxminən 11 milyon əhalisi olan əyalətdə fəaliyyət göstərən qlobal avtomobil istehsalçıları – “Mercedes-Benz” və “Porsche” uzun illər regionun iqtisadi rifahını təmin edən nəhənglərdən idilər. Çünki əhalinin sabit məşğulluğu məhz bu şirkətlərin hesabına təmin edilirdi. Lakin elektrik avtomobillərinə keçid prosesinin sürətlənməsi və istehsal zəncirində baş verən dəyişikliklər Almaniyanın ənənəvi avtomobil sektoruna ciddi təsir göstərdi. Təsir artıq konkret iqtisadi qərarlarda da özünü büruzə verir. Avtomobil komponentləri istehsal edən “Bosch” yaxın illərdə minlərlə iş yerinin ixtisar ediləcəyini açıqlayıb. Eyni zamanda, “Mercedes-Benz” xərclərin azaldılması proqramı çərçivəsində əməkdaşlarına könüllü işdənçıxma paketləri təqdim etməyə başlayıb. Belə bir məqamda ifrat sağçı “Almaniya üçün Alternativ” partiyası seçki kampaniyasında yeni sosial dəstək qazanmağa çalışır. Uzun müddət əsasən miqrasiya mövzusu üzərində qurulan siyasi ritorika indi daha çox iqtisadi problemlərə yönəlir. Önəmlisi isə odur ki, partiya Almaniyanın sənaye sektorunda yaşanan çətinliklərə görə əsas siyasi qüvvələri məsuliyyət daşımaqda ittiham edir. Seçki kampaniyası çərçivəsində AfD nümayəndələri avtomobil sənayesində çalışan işçilərlə görüşlərə xüsusi diqqət ayırır. Partiyanın tanınmış simalarından biri olan Alisa Veydel Ştutqart yaxınlığında yerləşən “Mercedes-Benz” zavodu qarşısında çıxış edərək sənayedə artan narahatlıqlara diqqət çəkib.
Sonda bir daha qeyd edək ki, AfD-nin yüksəlişi, Almaniyanın siyasi peyzajını həm partiyalararası rəqabət baxımından qiymətləndirməyi zəruri edir. Seçkilər Avropadakı sağ populist dalğaların Almaniyada necə əks olunacağını müəyyənləşdirəcək. Sözsüz ki, bu da federal dövlətin siyasi balansı üçün kritik əhəmiyyətə malikdir. Maraqlıdır, AfD qərbdə köklərini möhkəmləndirə biləcəkmi, yoxsa şərqdəki dəstək bazasının xaricində uğursuzluğa düçar olacaq? Sualın cavabı dəqiq olmasa da, prosesin Almaniyanın gələcək yönünü və Avropa siyasətinə təsirinin miqyasını müəyyənləşdirəcəyi dəqiqdir.
Yeganə HACIYEVA,
politoloq
Son on ildə Avropanın bir çox ölkələrində yeni nəsil siyasətçilər daha sərt milli mövqe nümayiş etdirməklə və cəmiyyətlərin təhlükəsizlik, kimlik və mədəniyyət narahatlıqlarına toxunmaqla siyasi uğurlar qazanmağa başlayıblar. Bu tendensiyanın formalaşmasına səbəb olan əsas amillərdən biri ərəb baharından sonra Şimali Afrika və Yaxın Şərqdən Avropaya yönəlmiş geniş miqrasiya axını idi. Böyük miqrant axınının gətirdiyi yeni sosial və mədəni elementlər bəzi hallarda yerli cəmiyyətlərin uzun müddət formalaşmış dini, mədəni və məişət dəyərləri ilə toqquşub. Nəticədə, bəzi seçicilər daha sərt miqrasiya siyasəti və milli identiklik məsələlərinə üstünlük verən siyasi qüvvələrə yönəlməyə başlayıblar. Bu şəraitdə bir çox siyasi qüvvələr miqrasiya, sosial inteqrasiya və təhlükəsizlik məsələləri ətrafında formalaşan narazılıqları siyasi gündəmin əsas mövzularından birinə çevirərək seçici dəstəyi qazanmağa çalışdılar.
Millətçi və sağyönümlü siyasi qüvvələrin seçkilərdə daha güclü mövqe qazanması Almaniya və ümumilikdə Avropa üçün bir sıra risklər yaradır. Proses cəmiyyətlərdə siyasi və sosial qütbləşmənin artmasına səbəb olub, miqrasiya və milli identiklik kimi mövzuların kəskin şəkildə siyasiləşdirilməsi müxtəlif etnik və dini qruplar arasında gərginliyin artması ehtimalını gücləndirib. Digər tərəfdən, belə qüvvələrin güclənməsi Avropa İttifaqı daxilində siyasi həmrəyliyə də təsir göstərib. Milli maraqların daha çox ön plana çəkilməsi ümum-Avropa siyasətində fikir ayrılıqlarının dərinləşməsi və birgə qərarların qəbulunu çətinləşməsi ilə nəticələnib. Bu baxımdan, sağyönümlü populizmin güclənməsi Almaniyada, Avropada siyasi sabitlik və inteqrasiya prosesləri üçün həlli çətin çağırışlar yaradıb.
Nümunə olaraq Ukrayna müharibəsi ətrafında Aİ üzv ölkələri və Brüssel arasındakı fikir ayrılığını göstərə bilərik. Bundan başqa, cəmiyyət daxilində siyasi qütbləşmənin artması müxtəlif sosial və etnik qruplar arasında gərginliyin yüksəlməsinə səbəb olub. Bu da uzunmüddətli perspektivdə həm Almaniyada, həm də ümumilikdə Avropada sosial sabitlik və demokratik institutların fəaliyyətinə əlavə təzyiqlər yaradır.
Nəzrin ELDARQIZI
XQ


