Diplomatik pərdə arxasında kəşfiyyat
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin “France 24” telekanalına verdiyi müsahibə Cənubi Qafqaz regionunda formalaşan yeni reallıqların və Bakı–Paris xəttində yaşanan diplomatik böhranın dərinliyini anlamaq baxımından müstəsna əhəmiyyət kəsb edir.
Dövlət başçısının səsləndirdiyi fikirlər Azərbaycanın suverenliyinə, milli maraqlarına və xarici siyasət prioritetlərinə dair manifest sayıla bilər. Müsahibənin məzmunu, toxunulan məsələlərin aktuallığı və Prezidentin nümayiş etdirdiyi prinsipial mövqe sübut edir ki, rəsmi Bakı heç bir xarici təzyiqə, şantaj cəhdlərinə və ya diplomatik manipulyasiyalara boyun əyməyəcək, əksinə, milli maraqların diktə etdiyi şərtlər daxilində bərabərhüquqlu tərəfdaşlıq modelini əsas götürərək fəaliyyətini davam etdirəcək. Müsahibə zamanı jurnalistin Fransa ilə münasibətlərin gərginləşməsi, İkinci Qarabağ müharibəsindən sonra yaranan soyuqluq, Fransa vətəndaşlarının Azərbaycandakı hüquqi statusu və müstəmləkəçilik siyasətinə qarşı Bakının sərt tənqidləri ilə bağlı suallarına Prezident İlham Əliyevin verdiyi cavablar diplomatik ustalığın və siyasi müdrikliyin bariz nümunəsidir.
Dövlət başçısının “Fransa ilə münasibətlərin kökü bizdən gəlmir” tezisi məsələnin mahiyyətini tam dəqiqliyi ilə ortaya qoyur. Çünki tarixi xronologiyaya nəzər saldıqda aydın olur ki, rəsmi Bakı hər zaman Paris ilə konstruktiv, praqmatik və qarşılıqlı faydalı əməkdaşlığa sadiq qalıb. Bu proses siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələrin inkişafına töhfə verib. Prezident İlham Əliyevin sabiq Fransa prezidentləri Nikolya Sarkozi və Fransua Ollandın dövründəki yüksək səviyyəli əlaqələri, qarşılıqlı səfərləri və ondan artıq qardaşlaşmış şəhərin mövcudluğunu xatırlatması təsadüfi deyildi. Bu faktlar onu göstərir ki, Azərbaycanın Fransa ilə dövlət olaraq heç bir problemi yoxdur və mövcud gərginlik sırf Emmanuel Makron hakimiyyətinin yürütdüyü qərəzli, ermənipərəst və beynəlxalq hüququn prinsiplərinə zidd siyasətinin nəticəsidir. İkinci Qarabağ müharibəsi dövründə və ondan sonrakı mərhələdə Fransanın nümayiş etdirdiyi mövqe ATƏT-in Minsk qrupunun həmsədrlik mandatı ilə tamamilə ziddiyyət təşkil edib. Paris vasitəçi neytrallığını kobud şəkildə pozaraq açıq şəkildə işğalçı Ermənistanın tərəfini tutaraq Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan bəyanatlar səsləndirib ki, bu da rəsmi Bakının haqlı narazılığına və adekvat cavab tədbirləri görməsinə zəmin yaradıb.
Müsahibədə xüsusi diqqətçəkən məqamlardan biri Prezidentin Fransanın ikili standartlar siyasətini ifşa etməsi və Yelisey sarayının Ukrayna, Gürcüstan və ya Danimarka kimi ölkələrin ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəklədiyi halda, Azərbaycana münasibətdə separatizmi körükləyən mövqe sərgiləməsini kəskin tənqid etməsidir. Bu yanaşma Qərb diplomatiyasının riyakarlığını və siyasi korluğunu nümayiş etdirir. Çünki beynəlxalq hüququn ərazi bütövlüyü prinsipi universaldır və coğrafi məkandan asılı olmayaraq bütün dövlətlərə eyni şəkildə şamil edilməlidir. Amma Fransa Senatının və Milli Assambleyasının qondarma “dqr”ı tanıyan, Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan çoxsaylı qətnamələr qəbul etməsi Fransanın hüquqi dövlət anlayışından uzaqlaşdığını və daxildəki erməni lobbisinin girovuna çevrildiyini sübut edir. Prezident İlham Əliyevin “Ermənistanın özü tanımasa belə, sizin parlament hətta qondarma rejimi tanıyıb” fikri Fransa siyasi isteblişmentinin absurd və məntiqsiz fəaliyyətini gülüş hədəfinə çevirməklə yanaşı, həm də onların regiondakı reallıqdan xəbərsiz olduqlarını göstərir.
***
Azərbaycan dövlətinin suverenliyinə və məhkəmə hakimiyyətinin müstəqilliyinə hörmət məsələsi müsahibənin ən həssas və prinsipial hissəsini təşkil edir. Jurnalistin Fransa vətəndaşları Teo Klerk və Martin Rayan ilə bağlı suallarına verilən cavablar rəsmi Bakının hüquqi dövlət prinsiplərinə sadiqliyini və qanunun aliliyini hər şeydən üstün tutduğunu bir daha təsdiqləyir. Metro vaqonlarına ziyan vurduğuna görə məhkum edilmiş Teo Klerkin cəzasının yüngülləşdirilməsi və ya azad edilməsi Azərbaycanın humanist yanaşmasının göstəricisi olsa da, casusluq fəaliyyətində ittiham olunan Martin Rayanın işi tamamilə fərqli müstəvidə dəyərləndirilməlidir, çünki milli təhlükəsizliyə qarşı yönəlmiş cinayətlər heç bir halda diplomatik bazarlıq predmeti ola bilməz. Xarici ölkə vətəndaşı olması həmin şəxsi cinayət məsuliyyətindən azad etmir. Fransa kəşfiyyat orqanlarının diplomatik pərdə altında Azərbaycanda agentura şəbəkəsi qurmaq, dövlət sirri təşkil edən məlumatları toplamaq və daxili sabitliyi pozmaq cəhdlərinin ifşa olunması Azərbaycanın xüsusi xidmət orqanlarının peşəkarlığından xəbər verir.
Fransanın neokolonializm siyasətinə qarşı Azərbaycanın apardığı qlobal mübarizə və Prezident İlham Əliyevin Yeni Kaledoniya, Korsika, digər dənizaşırı ərazilərdə baş verən insan hüquqları pozuntularını, yerli xalqların öz müqəddəratını təyin etmə hüququnun tapdalanmasını beynəlxalq tribunalardan səsləndirməsi rəsmi Bakının qlobal miqyasda ədalətin bərpaçısı rolunda çıxış etdiyini nümayiş etdirir. Fransa rəsmilərinin və mediasının Azərbaycanı bu ərazilərdəki iğtişaşları qızışdırmaqda ittiham etməsi tamamilə əsassızdır və öz daxili problemlərini ört-basdır etmək cəhdindən başqa bir şey deyildir.
Avropa Siyasi Birliyinin Zirvə görüşü çərçivəsində Fransa Prezidenti ilə baş tutan qısa görüş və münasibətlərin normallaşması ehtimalı barədə danışarkən Prezident İlham Əliyev diplomatik qapıların tam bağlanmadığını, lakin bunun üçün qarşı tərəfin səmimi addımlar atmasının zəruriliyini vurğulayır. Münasibətlərin “öz məcrasına qayıtması” üçün Fransanın, ilk növbədə, Azərbaycanın suverenliyinə hörmət etməsi, Ermənistanı revanşizmə təhrik edən siyasətindən əl çəkməsi və Cənubi Qafqazdakı yeni geosiyasi reallıqları qəbul etməsi vacibdir. Əks təqdirdə, hər hansı formal görüş və ya protokol xarakterli təmas vəziyyəti dəyişməyəcək. Prezidentin Münxen müsahibəsi həm də informasiya müharibəsi kontekstində mühüm əhəmiyyət kəsb edir. Adətən anti-Azərbaycan mövqeyi ilə seçilən “France 24” kanalının efirində dövlət başçısının səlis, məntiqli və faktlara əsaslanan çıxışı Fransa cəmiyyətinə alternativ məlumat mənbəyi təqdim edərək rəsmi təbliğatın yaratdığı yalan stereotipləri darmadağın etdi. Jurnalistin təxribat xarakterli suallarına verilən təmkinli və arqumentli cavablar Azərbaycanın haqlı davasına olan inamını və siyasi iradəsini nümayiş etdirməklə yanaşı, həm də beynəlxalq auditoriyaya çatdırdı ki, Bakı ilə təhdid və ya diktə dili ilə danışmaq mümkünsüzdür. Prezident İlham Əliyevin Münxendəki çıxışı və “France 24” kanalına müsahibəsi Azərbaycanın xarici siyasət kursunun dəyişməzliyini, suverenlik, ərazi bütövlüyü məsələlərindəki güzəştsiz mövqeyini bir daha təsdiqlədi. Fransa siyasi rəhbərliyi anlamalıdır ki, Cənubi Qafqaz regionunda diktə dövrü artıq keçmişdə qalıb və Azərbaycan xalqının iradəsi, Prezidentin qətiyyəti və dövlətin gücü qarşısında istənilən məkrli plan iflasa məhkumdur. Münxen mesajları aydın, konkret və birmənalıdır. Azərbaycan haqlı davasından dönməyəcək, milli maraqlarını hər şeydən uca tutacaq və ona uzanan dost əlini sıxmağa hazır olduğu kimi, ona qarşı yönələn təhdidləri də darmadağın etməyə qadirdir.
Yusif ŞƏRİFZADƏ
XQ

