Yaxud dövlətimizin başçısının “dünya nəhəngləri”nə 2 başlıca mesajı
“Bir çox ölkələrlə imzalanmış strateji tərəfdaşlıq sənədləri, sazişlər və bəyannamələr var. Ölkələrdən bəziləri bir-biri ilə yaxşı münasibətdə deyil. Lakin mən hər zaman demişəm ki, Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq, əməkdaşlıq məkanı olacaq”. Prezident İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən belə deyib.
Dövlətimizin başçısı həmin görüşdə, həmçinin bir vacib məqama da toxunaraq vurğuladı ki, Azərbaycandan 10 dəfə çox neft və qaz istehsal edən ölkələr media hücumlarına məruz qalmayıblar: “Mənim mesajım ondan ibarət idi ki, ölkələr karbohidrogen ixracından gələn gəlirləri necə istifadə etdiklərinə görə dəyərləndirilməlidirlər”.
Arayış verək ki, yazımızda diqqətə çatdırdığımız bu iki məqamdan irəli gələn məsələləri vurğulayacaq və Azərbaycanın yaratdığı fərq barədə söz açacağıq. O fərq ki, mahiyyətcə ölkəmizin beynəlxalq miqyasdakı nüfuz təminatıdır. O fərq ki, Prezident İlham Əliyev onun ayrı-ayrı epizodlarını ABŞ-ın, bütövlükdə, dünyanın ən aparıcı şirkətlərinin təmsilçilərinin nümayəndələrinin diqqətinə kifayət qədər qətiyyətli və detallı şəkildə çatdırdı. Dövlətimizin başçısının dilə gətirdiyi fikirlərlə, eyni zamanda, Azərbaycanla əməkdaq formuluna dair geniş manifest səsləndirdiyini də deyə bilərik. Yeri gəlmişkən, ölkəmizin liderinin manifest xarakterli baxışlarında daha bir məqam var ki, irəlidə onun barəsində də söz açacağıq.
Qeyd edək ki, ABŞ Ticarət Palatası rəsmisi Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətininin ölkəmizə gəlişinin Birləşmiş Ştatların vitse-prezidenti Ceyms Devid Vensin Bakıya səfəri ərəfəsinə təsadüf etməsi əlamətdar səciyyə daşımaqdadır. Bu məqamı Prezident İlham Əliyev də vurğuladı: “Bildiyiniz kimi, biz hazırda ikitərəfli əlaqələrin çox ümidverici və fəal olan yeni mərhələsinə qədəm qoyuruq və əlbəttə, ABŞ Vitse-prezidentinin səfəri ərəfəsində sizin nümayəndə heyətinizin gəlişi də olduqca əhəmiyyətlidir. Çünki bizim təmaslarımızın bir hissəsi biznes, sərmayə, ticarət münasibətləri və strateji gündəliyimizin tərkib hissəsi olan bir sıra digər məsələlər üzərində cəmləşib”.
Bəli, Prezident İlham Əliyev bir çox ölkələrlə imzalanmış strateji tərəfdaşlıq sənədlərinin, sazişlərin və bəyannamələrin mövcudluğunu, lakin həmin ölkələrdən bəzilərinin bir-biri ilə yaxşı münasibətdə olmadığını xatırlatması, habelə Azərbaycanın heç vaxt toqquşma yeri olmayacağını vurğulaması kifayət qədər ciddi mesajdır. Bu, həm ölkəmizin münasibətlərdə prioritet saydığı yanaşmaların bəyan edilməsi, həm də Birləşmiş Ştatlarla ötən il avqustun 8-də Vaşinqtonda imzalanmış sənədin Strateji Tərəfdaşlıq Xartiyası məntiqində dayanan məsələlərin açıqlanmasıdır. Başqa sözlə desək, dövlətimizin başçısı fikirləri ilə, eyni zamanda, hazırlanması üçün İşçi Qrupunun formalaşdırılmasına dair razılığın əldə olunduğu Xartiyanın strukturunu diqqətə çatdırdı. O strukturu ki, mürəkkəb siyasi sistematikaya malik Cənubi Qafqaz coğrafiyasında tarixi və müəyyən mənada əbədi sayılacaq maraqları olan ölkələrin mənafelərinə, qətiyyən, zidd deyil, risk yaratmır.
Dolayısı ilə Prezident İlham Əliyev bölgənin gələcək inkişaf trayektoriyasında digər ölkələrə qarşı demarş ritorikasının ola bilməyəcəyinə dair aydın mesaj verdi. Ölkəmizin liderinin keçmişə ekskursu da həmin mesajı dolğunlaşdırmaq niyyətindən qaynaqlanırdı. Bu yerdə Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin bir fikrini diqqətə çatdıraq. M.Saakaşvili Ermənistanın Qərbyönümlü xətti barədə söz açarkən həmin xətti boğazdanyuxarı və pafosa hesablanmış şəkildə təqdim edənlərə cavab olaraq, ilk dəfə Azərbaycanın Cənubi Qafqaza Qərb kapitalını gətirdiyini vurğulamışdı. O da bu fikri səsləndirərkən keçmişə üz tutmuşdu. O keçmişdə Ulu öndər Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi” var.
O müqavilə ki, fevralın 9-da Prezident İlham Əliyevlə görüşdə iştirak edən xarici şirkətlərin, o cümlədən, ABŞ şirkətlərinin bir çoxu məhz onun sayəsində Cənubi Qafqazda qərarlaşmaq və mənfəət əldə etmək imkanı qazanıblar. Baxmayaraq ki, 30 il əvvəl də region haqqında söz açdığımız siyasi mürəkkəblik sxematikasını qoruyurdu. Sadəcə, Heydər Əliyevin məharəti qlobal maraqları uzlaşdırmağa imkan verdi. Nəzərə alaq ki, məhz həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Qətiyyətlə demək olar ki, hazırda Cənubi Qafqaz coğrafiyası tamamilə yeni mərhələnin başlanğıcıdır. O mərhələnin ki, TRIPP bağlantı layihəsi kimi dəqiq strukturu var. Azərbaycan 30 il əvvəl bu coğrafiyada beynəlxalq maraqları uzlaşdırdığı kimi, yenə eyni missiyanı icra etməkdədir. Prezident İlham Əliyev isə keçmişin mənfi stereotiplərinin qeydə alınmaması üçün, bir növ, immunitet formalaşdırır. Dövlətimizin başçısının Azərbaycandan 10 dəfə çox neft və qaz istehsal edən ölkələrin media hücumlarına məruz qalmadıqlarını xatırlatması da bundan qaynaqlanır.
Onu da nəzərə alaq ki, müstəqillik illərində ölkəmizə münasibətdə xeyli ədalətsiz yanaşmalar qeydə alınıb. Bu yanaşmalar Azərbaycanın heç vaxt oyun qaydalarını pozmamasına, bütün öhdəliklərin icrasına məsuliyyətlə yanaşmasına rəğmən olub. Hətta, ötən müddətdə Ermənistana xüsusi münasibətin, ölkənin işğalçılıq siyasətinə haqq qazandırmaq motivlərinin mövcudluğunu görmüşük. Təsəvvür edin, Azərbaycanın sayəsində Cənubi Qafqaza ayaq basmış Qərb institutları və şirkətləri ölkəmizi deyil, ərazilərimizə qəsb reallaşdıran məmləkəti üstün tutublar.
Həqiqətən, Azərbaycana qarşı çox ədalətsizliklər olub. Ədalətsizlik müəllifləri ölkəmizi neft gəlirlərini düzgün bölməməkdə ittiham edib və sair cəfəng tezislərə baş vurublar. Bu səbəbdən dövlətimizin başçısı vurğulayır: “Hər kəs görə bilər ki, Azərbaycanda sərvətin bölüşdürülməsi çox ədalətli şəkildə həyata keçirilir”.
Əlbəttə, keçmişin dərslərindən nəticə çıxaran Azərbaycan gələcəyə köklənir. Prezident İlham Əliyevin cənab Çoksinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə dediyi fikirlər, eyni zamanda, gələcəyin manifesti idi. Ölkəmizin liderinin manifest xarakterli baxışları ilə bağlı diqqətə çatdıracağımızı vurğuladığımız daha bir məqam da budur.
Azərbaycana o gələcəyə köklənir ki, orada işğal və təcavüz kimi anti-bəşəri amillər yoxdur. O gələcək ki, onun üfiqlərində ölkəmizin Cənubi Qafqazı qlobal siyasi kataklizmalardan uzaq tutmaq, sülh, inkişaf, tərəqqi və rifah məkanına çevirmək kimi ali niyyəti var. Azərbaycan Birləşmiş Ştatlarla əməkdaşlığa da mövcud prizmadan yanaşır. Ona görə hesab edirik ki, Prezident İlham Əliyevin ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin ölkəmizə səfəri öncəsi verdiyi mesajlar, Ağ Evin yüksək səviyyəli təmsilçisinin Cənubi Qafqaza səfər prioritetinin Azərbaycan seqmentinin formalaşmasında əhəmiyyətli rol oynayacaqdır və oynayıb da.
Yaşadığımız coğrafiyada ölkəmizin prinsipial mövqeyinin nəzərə alınmaması kimi bir durum ola bilməz. Azərbaycanın mövqeyini isə bir daha vurğulayaq: Ölkəmizin hər bir dövlətlə, o cümlədən, ABŞ-la əməkdaşlığı bərabərtərfli əsaslara malikdir. Rəsmi Bakının heç bir formulunda Cənubi Qafqazın tarixi-siyasi düzənini pozmaq kimi niyyəti yoxdur və olmayacaq. Yəni, münasibət müstəvisinə baxışlarımız üçüncü dövlətə və ya qüvvəyə qarşı yönəlməyib. Hərçənd, həmin qüvvə və dövlətlərin də əməkdaşlıqdan fayda götürmək imkanları var.
Azərbaycanın məqsədi, əvvəldə vurğuladığımız kimi, sülh, sabitlik, tərəqqi və rifahdır. Ölkəmizin niyyəti regionda düşmənçilik və ixtilaflar səhifəsini qapatmaqdır. Nəhayət, Azərbaycan irəli sürdüyü təşəbbüslərlə, bütövlükdə, region xalqları üçün fayda və mənfəət düsturunu irəli sürür. Prezident İlham Əliyev fevralın 9-da cənab Çoksinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bu məqamları da vurğulamış oldu və dünyaya Azərbaycanın fərqini son dərəcə əhatəli şəkildə anlatdı.
Ə.CAHANGİROĞLU
XQ

