Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibə verdi. Bu, sadəcə, müsahibə deyildi. Təhsil və elmlə bağlı səsləndirilmiş fikirlər, mübaliğəsiz olaraq, uğur təmin edən fəaliyyət planıdır. Bu planın məğzi isə ondan ibarətdir ki, güclü Azərbaycan güclü təhsil və elmlə qurulur. Prezident İlham Əliyevin bu müsahibədə səsləndirdiyi çağırışları, tövsiyələri əsasında Azərbaycanın uğurlu gələcəyini təmin edə biləcək təhsil və elmin əsas elementlərini müəyyən etməyə çalışdıq.
Birincisi, Prezident İlham Əliyev növbəti dəfə Azərbaycan dilinə böyük diqqət ayırdı. Bundan əvvəl, AMEA-nın 80 illiyinə həsr edilmiş tədbirdə çıxışında da Prezident İlham Əliyev Azərbaycan dilinin qorunmasının əhəmiyyətinə geniş yer vermişdi: "Biz Azərbaycan dilimizi qorumalıyıq və Azərbaycan dilinin qoruyucusu Azərbaycan dövlətidir. Mənim göstərişimlə artıq onlayn məktəblər açılır və onların sayı da çoxalmalıdır, əhatə dairəsi çoxalmalıdır. Azərbaycanlıların yaşadıqları bütün yerlərdə onlayn Azərbaycan dili məktəbləri olmalıdır ki, bizim uşaqlarımız öz ana dillərini bilsinlər. Mən çox istəyirəm ki, bütün azərbaycanlılar Azərbaycan dilində, bax, bizim kimi danışsınlar. Bu, mənim arzumdur".
Fikrimizcə, Prezident İlham Əliyevin Azərbaycan dili ilə bağlı söylədikləri məhz Azərbaycan dilində təhsilə diqqəti artırmağı tələb edir. Bu baxımdan Azərbaycan dilində təhsil milli kimliyin, intellektual suverenliyin və dayanıqlı inkişafın əsas dayaqlarından biri kimi səciyyələndirilir. Bu məsələ təkcə dil seçimi deyil, dövlətçilik və strateji inkişaf məsələsidir. Azərbaycan dilində təhsil həm də sosial mənşəyindən asılı olmayaraq, hamı üçün təhsil imkanlarını bərabərləşdirən ciddi amil, milli elmin təməli kimi qəbul edilir. Eləcə də onlayn təhsili önə çəkməklə Prezident İlham Əliyev təhsildə yeni texnologiyaların əhəmiyyətini və onun tətbiqinin zəruriliyini, vacibliyini xüsusi vurğulayır.
İkincisi, dəyərləri hər zaman bilikdən önə çəkən ölkə başçısı bu dəfə də bu yanaşmanın dəyişməzliyini təsdiqlədi və bir daha dəyərləri həlledici amil kimi qeyd etdi: "Struktur islahatlarının aparılması, təbii ki, vacibdir. Amma saf, təmiz kadrların yetişdirilməsi ondan daha vacib məsələdir və mənim təcrübəm onu göstərir ki, bu, daha vacib məsələdir, nəinki struktur dəyişiklikləri". Dəyərlərin formalaşdırılması təhsildən daha çox mədəniyyətin missiyasıdır. Bu isə o deməkdir ki, təhsilin "saf, təmiz kadrlar" yetişdirməsi üçün mədəniyyətin təhsilə inteqrasiyası üçün yeni yanaşmalar tələb olunur.
Üçüncüsü, müsahibədə təhsil və elm sosial-iqtisadi inkişafın əsas amili kimi xarakterizə edilmiş, cəmiyyətin bütün inkişaf mexanizmlərini hərəkətə gətirən strateji kapital kimi dəyərləndirilmişdir. Bəli, təbii sərvətlər tükənəndir, amma keyfiyyətli təhsil və onun nəticəsi olan insan kapitalı tükənməyən sərvətdir. "Əgər biz doğrudan da elmi inkisaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, elmi inkişaf etdirmək istəyiriksə, bu islahatlara getməliyik. Bu, qaçılmazdır. Biz bunu etməsək, onda inkişafın da müəyyən məhdudiyyətləri olacaq. Çünki mən bunu dəfələrlə demişəm, bir daha deyirəm tam şüurlu şəkildə, inkişaf etmiş ölkələrin inkişafı ancaq zəka, ağıl, təhsil, elmlə bağlıdır, neftlə, qazla yox". Ona görə də bu istiqamətdə işlərin fəallaşdırılması vəzifə kimi müəyyən edilir. Başqa sözlə, ölkəmizin inkişafına təhsilin, elmin təsirini, töhfəsini artırmaq üçün ciddi addımların vaxtıdır.
Dördüncüsü, Azərbaycan Milli Elmlər Akademiyasında aparılan islahatlardan danışan Prezident bir daha təhsil və elmin vəhdətinin strateji zərurət olduğuna diqqət çəkir. "Bilirsiniz ki, biz artıq struktur dəyişiklikləri də etdik, Elm və Təhsil Nazirliyi yaradıldı. Nə üçün? Çünki faktiki olaraq, elm dövlət strukturlarından kənarda qalmışdı. Amma, eyni zamanda, dövlət siyasətini daha dolğun səkildə həyata keçirmək üçün elm və təhsil bir yerdə olmalıdır".
Prezident İlham Əliyev elmlə təhsilin vəhdətinin əhəmiyyəti ilə bərabər, həm də elmin inkişaf göstəricilərinə də diqqət çəkir: "Sənin elmi əsərlərin hansı elmi jurnallarda, hansı dərgilərdə nə qədər çap olunub və sənin elmi potensialın bugünkü reallıqlara nə dərəcədə uyğundur". Burada diqqətçəkən digər məqam isə tədqiqatların milli, yerli problemlərin həllinə yönəlməsinin və praktikliyinin vacibliyidir. Yəni praktiki tədqiqatlar elmi biliklərin milli inkişafa çevrildiyi əsas körpüdür. Eləcə də elm və təhsildə struktur islahatlarının qaçılmazlığı Prezident İlham Əliyevin çıxışından irəli gələn vacib vəzifələrdən biridir. Bütövlükdə, gəlinən nəticə odur ki, təhsil elmi canlı, yenilənən və dərin məzmunlu edir, elm isə təhsili etik dəyərlərlə, intellektual dürüstlüklə zənginləşdirir.
Beləliklə, "Bütün bu amillər bir məqsəd güdür ki, cəmiyyət savadlı və bilikli olsun. Ancaq o halda biz uzunmüddətli inkişafa nail ola bilərik. Yox, olmazsa, neftimiz, qazımız qurtarandan sonra biz çox agır vəziyyətə düşə bilərik. Amma indi biz xalqımızın, dövlətimizin gələcəyini onilliklər, yüzilliklər bundan sonra görməyə çalısmalıyıq".
Ədalət MURADOV,
UNEC-in rektoru, professor

