D-8 platformasında Azərbaycanın yüksələn strateji rolu

post-img

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə Azərbaycanın D-8 təşkilatına üzvlüyü xüsusi vurğulanır və bu addım ölkənin beynəlxalq sistemdə artan siyasi çəkisinin indikatoru kimi təqdim olunur. Dövlət başçısının yanaşması göstərir ki, Azərbaycan özünü müsəlman dünyasının siyasi-iqtisadi arxitekturasında funksional və normativ aktor kimi təsdiqləyir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, D-8 təşkilatı təxminən otuz ilə yaxındır fəaliyyət göstərir və bu müddət ərzində heç bir yeni üzv qəbul etməyib. Diplomatik baxımdan bu faktın özü təşkilatın qapalı və institusional baxımdan stabilləşmiş struktur olduğunu göstərir. D-8 formatı 1997-ci ildə Türkiyənin təşəbbüsü ilə İstanbulda təsis edilib. Təşkilatın əsas məqsədi üzv ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, ticarət həcminin artırılması, texnoloji mübadilə və kollektiv inkişaf potensialının gücləndirilməsidir. İlkin üzvlər Türkiyə, Pakistan, İran, İndoneziya, Malayziya, Misir, Banqladeş və Nigeriya olub. Səkkiz ölkə həm demoqrafik miqyasına, həm də regional təsir imkanlarına görə İslam dünyasının aparıcı siyasi və iqtisadi mərkəzlərini təmsil edir.

D-8, eyni zamanda, siyasi koordinasiya və normativ yaxınlaşma üçün mühüm dialoq mühitidir. Üzv ölkələrin coğrafi baxımdan müxtəlif regionları – Yaxın Şərq, Cənub–Şərqi Asiya, Cənubi Asiya və Afrika – əhatə etməsi təşkilatı transregional xarakterli institusional platformaya çevirir.

Otuz ilə yaxın müddətdə təşkilatın üzvlük strukturunun dəyişməməsi onun institusional konservatizmini və daxili tarazlığın qorunmasına verdiyi önəmi göstərir. Beynəlxalq təşkilatların böyük hissəsi zamanla genişlənmə tendensiyası göstərsə də, D-8 kimi məhdud üzvlü formatlar daxili qərar qəbuletmə balansını, siyasi harmoniya səviyyəsini və strateji konsensus mexanizmini qorumağa üstünlük verirlər.

Prezident İlham Əliyevin vurğuladığı kimi, “Azərbaycanı dəvət etmək və bizi seçmək, əlbəttə ki, böyük uğur sayıla bilər”. Bu hadisə “institusional selektivlik” mexanizminin klassik nümunəsi kimi qiymətləndirilə bilər. Qapalı və stabilləşmiş beynəlxalq təşkilatlar yeni üzvlərə münasibətdə yüksək selektivlik nümayiş etdirir və yalnız müəyyən davranış standartlarına cavab verən aktorları qəbul edirlər. Burada əsas meyarlar siyasi proqnozlaşdırıla bilənlik, normativ öhdəliklərə sadiqlik, regional sabitliyə töhfə potensialı və çoxtərəfli əməkdaşlıq mədəniyyətidir. Azərbaycanın bu meyarlara uyğunluq nümayiş etdirməsi onun artıq daha geniş geosiyasi konfiqurasiyada etibarlı tərəfdaş kimi qəbul edildiyini göstərir. Digər tərəfdən, D-8 kimi funksional əməkdaşlığa əsaslanan platformaya daxil olmaq Azərbaycanın xarici siyasətinin praqmatik xarakterini təsdiqləyir. Bakı öz beynəlxalq mövqeyini real iqtisadi layihələr, tranzit infrastrukturu, enerji təhlükəsizliyi təşəbbüsləri və regional sabitlik mexanizmləri üzərində qurur.

D-8 təşkilatının demoqrafik və iqtisadi miqyası bu üzvlüyün strateji dəyərini daha da artırır. Bir milyarddan artıq əhalini və dörd trilyon ABŞ dollarından artıq ümumi iqtisadi potensialı birləşdirən platformada Azərbaycanın yer alması klassik güc ölçülərinə əsaslanan nüfuz modelindən fərqli, funksional və institusional təsir mexanizmlərinin önə çıxdığını göstərir. Prezidentin vurğuladığı kimi, Azərbaycan nə əhali miqyasına, nə də iqtisadi həcm baxımından bu kluba daxil olan böyük dövlətlərlə müqayisə edilə bilər. Lakin müasir beynəlxalq münasibətlər nəzəriyyəsində güc artıq yalnız resursların kəmiyyət ölçüsü ilə deyil, həmin resursların təşkil edilməsi, şəbəkələşdirilməsi və institusional platformalarda siyasi kapitala çevrilməsi ilə müəyyən olunur.

Məhz bu baxımdan, Azərbaycanın D-8-ə daxil olması “postmaterial güc” və “şəbəkə təsiri” anlayışlarının real təzahürü kimi qiymətləndirilə bilər. Dövlətin tranzit-logistika imkanları, enerji təhlükəsizliyində oynadığı körpü rolu, regional kommunikasiyaların açılmasında təşəbbüskar mövqeyi və balanslaşdırılmış diplomatik davranış modeli onun sərt güc resursları məhdud olsa belə, sistem daxilində təsir imkanlarını artırmasına şərait yaradır.

Deməli, D-8 üzvlüyü Azərbaycanın “orta güc diplomatiyası” modelinə uyğun fəaliyyətinin institusional təsdiqi kimi çıxış edir. Orta güclər beynəlxalq sistemdə hegemonluq iddiası irəli sürmür, lakin çoxtərəfli platformalarda fəal iştirak, normativ təşəbbüslərin irəli sürülməsi, vasitəçilik və koalisiya quruculuğu vasitəsilə öz təsir radiuslarını genişləndirirlər. Azərbaycanın son illərdə enerji diplomatiyası, nəqliyyat dəhlizlərinin təşkili, humanitar və iqlim gündəmlərində aktivliyi bu modelin praktik təzahürüdür.

Eyni zamanda, orta güc strategiyası risklərin minimallaşdırılması və manevr imkanlarının qorunması baxımından da rasional seçimdir. Qlobal güclər arasında artan geosiyasi rəqabət şəraitində sərt bloklaşmalardan kənarda qalmaq, lakin funksional tərəfdaşlıqlar qurmaq dövlətin strateji avtonomiyasını möhkəmləndirir. Azərbaycanın həm Qərb, həm İslam dünyası, həm də regional platformalarla paralel əməkdaşlıq mexanizmləri qurması onun çoxvektorlu siyasətinin institusional balansını təmin edir.

Dövlətimizin başçısının qeyd etdiyi kimi, ölkənin təşəbbüsü ilə media, iqlim, ekologiya, energetika və nəqliyyat istiqamətlərində bir neçə funksional mərkəzin yaradılması artıq təşkilat daxilində rol bölgüsünün dəyişdiyini göstərir. Beynəlxalq təşkilatlarda real nüfuz təkcə formal üzvlük, səsvermə hüququ və prosedur mexanizmləri ilə ölçülmür. Əsas təsir imkanları hansı problemlərin prioritetə çevrildiyini müəyyənləşdirmək, resursların hansı istiqamətə yönəldiləcəyini formalaşdırmaq və əməkdaşlığın çərçivəsini dizayn etmək bacarığı ilə yaranır.

Azərbaycanın təşəbbüsləri onun normativ aktora çevrilmək strategiyasını nümayiş etdirir. Normativ aktor statusu ideya istehsalına, institusional innovasiyaya və kollektiv davranış standartlarının formalaşdırılmasına əsaslanır. Bakı D-8 platformasında əməkdaşlığın fəlsəfəsini və prioritetlərini də formalaşdırmağa çalışır ki, bu da onu passiv iştirakçıdan institusional təşəbbüskar mövqeyinə yüksəldir. Eyni zamanda, bu strategiya Azərbaycanın uzunmüddətli yumşaq güc kapitalını artırır. Yaradılan mərkəzlər gələcəkdə intellektual şəbəkələrin, ekspert platformalarının və siyasi koordinasiya mexanizmlərinin formalaşması üçün baza rolunu oynayır.

Eyni zamanda, bu üzvlük Azərbaycanın İslam dünyasında balanslaşdırıcı və körpü rolunu keyfiyyətcə gücləndirir. D-8 platforması müsəlman ölkələri arasında siyasi koordinasiya, normativ yaxınlaşma və institusional dialoq üçün mühüm siyasi məkan funksiyası daşıyır. Türkiyə, Pakistan, İndoneziya, İran, Misir, Nigeriya, Banqladeş və Malayziya kimi fərqli siyasi modellərə, geosiyasi oriyentasiyalara və iqtisadi strukturlara malik dövlətləri birləşdirən bu platforma mahiyyət etibarilə İslam dünyasının daxili çoxqütblülüyünü idarə edən nadir institusional formatlardan biridir. Məhz belə heterogen mühitdə etibarlı və balanslaşdırıcı aktor statusu xüsusi strateji dəyər kəsb edir.

Azərbaycanın bu platformada fəal iştirakı onun xarici siyasətində uzun müddət formalaşmış sivilizasiyalararası dialoq, inklüziv multilateralizm və suveren qərarverməyə hörmət prinsiplərinin daha geniş geosiyasi məkana transferini təmin edir. Bakı nə ideoloji ixrac, nə bloklaşdırıcı siyasi xətt, nə də hegemon ambisiya üzərindən mövqe qurur. Azərbaycan müxtəlif maraqlar arasında konsensus yarada bilən, praktiki əməkdaşlığa fokuslanan və konfliktlərin yumşaldılmasına yönəlmiş davranış modeli təqdim edir.

Rəsmi Bakının tutduğu yol politoloji baxımdan “körpü gücü” anlayışı ilə izah olunur. Körpü aktorlar müxtəlif bloklar, regionlar və normativ sistemlər arasında qarşılıqlı etimadın formalaşmasına xidmət edir və informasiya, kapital, təhlükəsizlik və ideya axınlarının kəsişmə nöqtəsində yerləşir. Azərbaycanın həm Qərb institutları ilə sıx əməkdaşlığı, həm də İslam dünyası platformalarında fəal iştirakı ona unikal ikili legitimlik qazandırır. Belə bir ikili legitimlik isə ölkəyə regional böhranların idarə olunmasında vasitəçi potensialı, normativ dialoqların təşkili və institusional sinerjinin yaradılması baxımından əlavə siyasi kapital formalaşdırır.

Eyni zamanda, D-8 çərçivəsində Azərbaycanın aktivliyi İslam dünyasında parçalanmış geosiyasi xətlərin yumşaldılması və funksional əməkdaşlıq modelinin təşviqi baxımından əhəmiyyətlidir. Platforma iqtisadi rasionalizmin, texnoloji modernizasiyanın və sosial dayanıqlılığın ön plana çıxarıldığı əməkdaşlıq formatı təqdim edir. Azərbaycanın təşəbbüskar mövqeyi bu xəttin institusional dayanıqlılığını gücləndirir.

Son olaraq qeyd edək ki, Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi bu məqam Azərbaycanın beynəlxalq sistemdə rolunun keyfiyyət transformasiyası mərhələsinə daxil olduğunu göstərir.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru



Siyasət