ABŞ superamili və Avropanın dilemması

post-img

Vaşinqtonsuz zəmanətlər nə vəd edir?

Parisdə imzalanan təhlükəsizlik zəmanətləri üzrə deklarasiya Ukrayna münaqişəsinin mümkün postatəş kəs mərhələsinə dair Qərbin strateji axtarışlarını açıq şəkildə üzə çıxarır. Fransa, Böyük Britaniya və Ukrayna liderlərinin təşəbbüsü ilə formalaşan bu sənəd bir tərəfdən Avropanın Kiyevə uzunmüddətli təhlükəsizlik öhdəliyini nümayiş etdirməyi hədəfləyir, digər tərəfdən isə, ABŞ-ın roluna dair dərin qeyri-müəyyənliyi qabardır.

Fransa prezidenti Emmanuel Makronun “möhkəm və pozulmayacaq sülh” tezisi, əslində, Avropa siyasi elitasının əsas qorxusunu əks etdirir: mümkün razılaşmanın qısa müddətdə dağılması və Ukraynanın yenidən təhlükəsizlik vakuumunda qalması. Bu baxımdan Paris deklarasiyası hərbi yardım və silah tədarükü kimi klassik mexanizmlərdən daha çox, hüquqi cəhətdən bağlayıcı təhlükəsizlik zəmanətlərinə fokuslanması ilə fərqlənir. Sənəddə kəşfiyyat, logistika, diplomatik təzyiq və sanksiya alətləri ön plana çəkilir ki, bu da Avropanın münaqişəni artıq təkcə cəbhə xətti deyil, daha geniş geosiyasi müstəvidə idarə etmək niyyətindən xəbər verir.

Lakin əsas strateji sual ABŞ amili ilə bağlıdır. İlkin layihədə Vaşinqtonun çoxmillətli qüvvələrə dəstək, kəşfiyyat və logistik təminat öhdəlikləri yer alsa da, yekun mətndə bu müddəaların çıxarılması ABŞ-ın real iştirakına dair şübhələri gücləndirib. “Politico” və digər Qərb nəşrlərinin vurğuladığı kimi, Amerika nümayəndələrinin – Stiv Uitkoff və Cared Kuşnerin – danışıqlarda iştirakına baxmayaraq, sənədi imzalamaması, Tramp administrasiyasının Avropa təhlükəsizliyi məsələsində ehtiyatlı və selektiv mövqe tutduğunu göstərir. Bu isə Avropa üçün strateji dilemma yaradır: ABŞ-ın qeyri-müəyyən mövqeyi fonunda təhlükəsizlik arxitekturasını nə dərəcədə müstəqil şəkildə yarada biləcəklər?

Deklarasiyanın hərbi komponenti də ziddiyyətlidir. Böyük Britaniya və Fransanın Ukrayna ərazisində hərbi bazalar və silah anbarları yaratmaq planları, eyni zamanda, 15–30 min nəfərlik xarici kontingentin, o cümlədən Türkiyənin iştirakının gündəmə gəlməsi Avropanın faktiki hərbi mövcudluğunu artırır. Amma Almaniyanın bu qüvvələrin birbaşa Ukrayna ərazisində yerləşdirilməsinə açıq etirazı, Avropa daxilində də konsensusun tam olmadığını göstərir. Bu parçalanma Moskvanın “koalisiya qüvvələrinin legitim hədəf” olacağı barədə əvvəlki xəbərdarlıqları fonunda daha da riskli görünür.

Rusiya faktoruna gəldikdə isə, Parisdən göndərilən diplomatik siqnallar hələlik Kreml tərəfindən cavabsız qalır. “Bloomberg”in qeyd etdiyi kimi, indi əsas gözlənti Moskvanın bu təşəbbüsə reaksiyasıdır. Lakin Lavrovun əvvəlki sərt bəyanatları nəzərə alınsa, Avropanın təhlükəsizlik zəmanətləri konsepsiyasının Rusiya tərəfindən asanlıqla qəbul ediləcəyi real görünmür.

Beləliklə, Paris deklarasiyası Ukrayna üçün siyasi və psixoloji dəstək baxımından mühüm addım sayıla bilər, lakin onun real çəkisi ABŞ-ın gələcək mövqeyindən və Avropanın daxili birliyini nə dərəcədə qoruya biləcəyindən asılıdır. Sənəd daha çox niyyət və istiqamət bəyanatı təsiri bağışlayır: Qərb sülhə yaxınlaşdığını iddia edir, amma bu sülhün dayaqları hələ də kifayət qədər möhkəm görünmür.

Səbuhi MƏMMƏDOV
XQ

Siyasət