Fransanın “Diplomatiya və koloniya problemləri” jurnalı 1905-ci il Naxçıvan qırğınını etiraf edib
1905-ci il Rusiya imperiyasında daxili qarışıqlıq, inqilabi çaxnaşma və etnik nifrətin alovlandığı bir dövr idi. Bu alovun Qafqaza sıçraması ermənilərin günahsız müsəlmanlara qarşı qanlı cinayətlərə yol açmasına təkan verdi. Tarix boyu bu hadisələr adətən Bakı və Tiflis dramları ilə assosiasiya olunsa da, Cənubi Qafqazın daha ucqar və həssas nöqtələrindəki faciələr bəzən arxa plana düşürdü. Halbuki Çar Rusiyası tərəfindən qızışdırılan və silahlandırılan ermənilər 1905-1906-cı illərdə Bakı şəhərindən başlayaraq, Şuşa, Zəngəzur, İrəvan, Tiflis, Naxçıvan, Ordubad, Eçmiədzin, Cavanşir, Qazax qəzalarına qədər Azərbaycan ərazilərində çoxsaylı vəhşiliklər törədiblər.
“1905-ci il qanlı hadisələri”nin canlı şahidi olan Azərbaycanın görkəmli nasiri və publisisti Məmməd Səid Ordubadinin “Qanlı illər” kitabını oxumaq kifayətdir ki, erməni daşnakların Naxçıvanda misli görülməmiş barbarlığının şahidi olasan. Həmin hadisələr zamanı erməni quldurlarının Naxçıvan şəhərində 85 dükan və 75 anbarı yandırması, Cəhri kəndində 45 kişi, 5 qadın və 10 uşaq olmaqla 60 nəfəri vəhşicəsinə qətlə yetirməsi, 1906-cı ildə isə Ordubad, Kültəpə, Əliabad, Cəhri, Şıxmahmud, Çeşməbasar, Tivi və Tumbul kəndlərində qanlı hadisələr törətməsi məlum faktlardır. 1906-cı ilin avqustunda ordubadlıların Qapan dərəsində onlarla kəsilmiş uşaq başı və cəsədini tapması isə erməni cəlladların iç üzlərini göstərməyə kifayət edir.
Bu gün unudulmuş həqiqətlərə işıq salan mühüm mənbələrdən biri, sistemli şəkildə tədqiqata cəlb edilməmiş, öz dövrünün beynəlxalq siyasətini əks etdirən nüfuzlu siyasi-analitik jurnal (“Diplomatiya və koloniya problemləri”)dir. Fransanın Milli Kitabxanasının (BnF) rəqəmsal kitabxana bazası olan “Gallica” hazırda bu jurnalla tanış olmağı hər kəs üçün əlçatan edib.
Rəsmi Parisin erməni məsələsinə ənənəvi olaraq rəğbətlə yanaşmasına baxmayaraq, o dövrün fransız jurnalının verdiyi hesabatlar tərəfsizliyin və rəsmi məlumatların gücünü nümayiş etdirir. Mətləbdən yayınmadan jurnalın 1905-ci ilə aid nömrələrindən birindəki şokedici etirafı təqdim edirik: “Qafqazda yerləşən Naxçıvan şəhərinin vəziyyəti yenidən kritik həddə çatır...” (“La situation de la ville de Nakhitchevan, dans le Caucase, redevient critique...”). Jurnalın yazdığı kimi, Qafqazdakı kritik ocaqlardan (“situation … redevient critique”) biri məhz Naxçıvan idi. Buradakı dağıntıların əsas səbəbkarlarının erməni silahlı dəstələri olduğunu oxucular üçün təfsilatlı ilə izah etməyə ehtiyac yoxdur.
Haqqında söhbət açdığımız fransız dilindəki məqalə Naxçıvanın “1905-ci il faciəsi”nin beynəlxalq sənədlərdəki izini ortaya qoyur və fransız diplomatik çevrələrinin həqiqəti necə etiraf etdiyinin ən bariz nümunəsidir.
Jurnalın Qafqazdakı toqquşmaları təhlil edərkən Naxçıvanın, sadəcə, zərərçəkmiş məkan deyil, “kritik ocaq” kimi xüsusi vurğulaması və məqalədə yer alan digər faktlar bu bölgədəki hadisələrin Bakı və Tiflisdəki iğtişaşlardan daha sistemli və kənd əhalisini hədəf aldığını deməyə əsas verir.
Bu mənbənin ən mühüm siyasi çəkisi Fransanın özünün siyasi mövqeyi ilə bağlıdır. Məlumdur ki, XIX əsrin sonlarından etibarən Fransa, Rusiya ilə birlikdə Osmanlı imperiyasındakı “erməni məsələsi”nə həssaslıqla yanaşan və erməni icmasına xüsusi rəğbət bəsləyən ölkələr olub. Buna baxmayaraq, “Questions diplomatiques et coloniales” jurnalı özünün analitik missiyasına sadiq qalaraq erməni dəstələrinin Cənubi Qafqazdakı rolunu tənqidi şəkildə qeyd edir. Jurnaldakı faktların digər mötəbər mənbələrlə müqayisəli təhlili bir daha onu göstərir ki, həmin dövrdə erməni silahlı dəstələri müsəlman kəndlərinə od vurub yandırıblar.
Bu, fransız diplomatik çevrələrinin Bakıdakı neft maraqları və Rusiya ilə ittifaq məsələsindən irəli gələn tərəfsizliyinin, sadəcə, erməni narrativinə üstünlük verməkdən fərqli olduğunu göstərir. Yəni hətta ermənipərəst hesab edilən bu Avropa dövlətinin rəsmi məlumatları belə Naxçıvanda müsəlman əhaliyə qarşı törədilmiş kütləvi qətlləri, zorakılığı və dağıntıları ortaya qoyur.
Məqalədə qeyd olunan “Naxçıvanın vəziyyətinin yenidən kritikləşdiyi” ifadəsi buradakı hadisələrin miqyasını göstərən güclü vizual dəlildir. Bu, təsadüfi ifadə deyil. Onun başqa elmi qaynaqlarla müqayisəli təhlil olunması həmin dövrdə Naxçıvanda bir neçə evin deyil, bütöv kəndin infrastrukturunun məhv edilməsindən, kütləvi zorakılıqdan və yağmalamaların həyata keçirilməsindən xəbər verir. Təsadüfi deyil ki, bu dövrdə ermənilər tərəfindən 200-dən çox kənd və qəsəbə dağıdılıb və talan edilib, təxminən 10 mindən çox insan qətlə yetirilib.
Beləliklə, “Questions diplomatiques et coloniales” jurnalının məqalələri Cənubi Qafqaz tarixindəki ən qanlı səhifələrdən biri olan “1905-ci il Naxçıvan qırğınları”nın unudulmuş səhifələrini beynəlxalq səviyyədə təsdiqləyir. Bu mənbənin əhəmiyyəti təkcə hadisələri qeyd etməsi deyil, həm də bunu Fransa kimi erməni icmasına ənənəvi rəğbət bəsləyən ölkənin diplomatik jurnalında əks olunmasıdır.
Bu faktlar “1905-ci il hadisələri”nin, sadəcə, qarşılıqlı toqquşma yox, müsəlman əhaliyə qarşı yönəldilmiş sistemli və dağıdıcı zorakılıq olduğunu sübut edir. Beləliklə, “Questions diplomatiques et coloniales” jurnalı Naxçıvan faciəsinin beynəlxalq yaddaşda layiq olduğu yeri bərpa etmək üçün fundamental sənəd rolunu oynayır. Bu baxımdan, akademik çevrəni və müstəqil tədqiqatçıları jurnalın aidiyyəti cildlərini dərindən araşdırmağa səsləyirik. Hesab edirik ki, məlum Naxçıvan faciəsinin təsdiqinin yerli qaynaqlarla yanaşı, beynəlxalq dəlillərlə də zənginləşdirilməsi üçün təkzibolunmaz faktları ehtiva edən bu fransız mənbəyi diqqətdən kənarda qalmamalıdır. Çünki onun ölkəmiz üçün tarixi əhəmiyyəti ilə yanaşı, həm də böyük siyasi dəyəri vardır.
Yunis XƏLİLOV,
Naxçıvan Dövlət Universitetinin ümumi hüquq kafedrasının müəllimi

