Bu il Ermənistanda növbəti parlament seçkiləri keçiriləcək. Əgər hər hansı fors-major hal baş verməsə, seçkilər əvvəlcədən planlanlaşdırıldığı vaxt – iyunun 7-də baş tutacaq. Seçkinin bu tarixdə keçiriləcəyini 2025-ci il iyunun 7-də parlamentin sədri Alen Simonyan “Telegram” kanalında bəyan etmişdi.
Qeyd edək ki, Ermənistanda sonuncu parlament seçkiləri 2021-ci il iyunun 20-də baş tutmuşdu. Həmin seçkilər növbədənkənar əsasda keçirilmişdi. Çünki normalda seçkilər 2023-cü il dekabrın 9-da keçirilməli idi. Ancaq 2020-ci ildə İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra yaranmış siyasi böhran, müxalif siyasi qüvvələrin baş nazir Nikol Paşinyanın istefasını tələb etməsi və 2021-ci ilin fevral ayında baş vermiş çevriliş cəhdi səbəbindən növbədənkənar seçkilər elan olunmuşdu. Ancaq bütün gözləntilərin əksinə olaraq Paşinyanın rəhbərlik etdiyi “Mülki müqavilə” partiyası səslərin 54 faizini əldə edərək Milli Assambleyada 71 mandat qazanmışdı. Əsas müxalifət qüvvələrinin cəmləşdiyi “Hayastan” alyansı 29 yerlə ikinci, “Şərəfim var” alyansı isə 7 yerlə üçüncü yeri tutmuşdu. Digər heç bir partiya və ya alyans parlamentdə yer qazanmaq üçün tələb olunan 5 faizlik seçki baryerini keçə bilməmişdilər. Onu da bildirək ki, müxalifət seçkilər zamanı saxtakarlıqların olduğunu iddia etmiş, ATƏT isə seçkiləri ümumilikdə müsbət kimi qiymətləndirmişdi.
Beləliklə, bu il seçki ilidir və bu seçkilər Ermənistanın təkcə siyasi gələcəyini deyil, son illər dərinləşən siyasi və idarəçilik böhranlarının taleyini müəyyənləşdirəcək. Çünki hakimiyyətlə müxalifət arasındakı qarşıdurma artıq ideoloji çərçivələri aşaraq dövlətçilik modelinin özü üzərində mübahisəyə çevrilib. Bu fonda revanşist ritorika ilə islahat və sülh çağırışları arasında qalan seçici kütləsi ciddi seçim dilemması ilə üz-üzədir. Seçkilər həm də Paşinyan hakimiyyətinin postmüharibə reallıqları fonunda legitimliyinin yenidən sınağa çəkilməsi deməkdir. Eyni zamanda, kilsə, diaspor və keçmiş siyasi elitanın proseslərə artan müdaxiləsi daxili siyasi mühitdə əlavə gərginlik yaradır. Xarici güc mərkəzlərinin Ermənistandakı siyasi proseslərə marağı və təsir imkanları seçkilərin geosiyasi ölçüsünü daha da qabardır. Məhz bu səbəbdən 7 iyun parlament seçkiləri Ermənistan üçün sadəcə, hakimiyyət dəyişikliyi yox, dövlətin hansı istiqamətdə irəliləyəcəyinə dair strateji yolayrıcı kimi qiymətləndirilməlidir.
Seçkilərlə bağlı Ermənistan mediasında diqqətçəkən analitik məqalələr dərc edilməkdədir. Onlardan biri “ArmenianReport” saytında yer alan “İki Levon bir Paşinyana qarşı” sərlövhəli məqalədir. Müəllif Tevos Arşakyan yazır: “Beləliklə, 2026-cı il gəldi. Bu il ölkəmizdə – mən bunu cəsarətlə deyirəm – Ermənistanın gələcək inkişafını müəyyən edəcək taleyüklü parlament seçkiləri keçiriləcək. Hökumətlə müxalifət arasında ölkənin taleyi ilə bağlı uzun müddətdir mənalı müzakirə olmaqdan çıxan qarşıdurmanın getdikcə daha çox ittiham mübadiləsinə bənzəməsi və emosiyaların mübahisəni əvəz etməsi bu fonda təəccüblü deyil. Üstəlik, mövcud hökumətə qarşı səslər artır. Beləliklə, “İrs” partiyasının lideri və keçmiş xarici işlər naziri Raffi Ovannisyan Nikol Paşinyanın legitimliyini tanımaqdan imtina etdiyi, onu “andına xəyanət edən” və onu dəstəkləyən yepiskopları cinayətə əlbir adlandırdığı fikirlərlə ortaya çıxdı. Lakin Ovannisyan uzun müddətdir ki, qəribə hərəkətləri və açıqlamaları ilə tanınır. Xalq 2013-cü il seçkilərində Serj Sarkisyana məğlub olduqdan sonra İrəvanın “Azadlıq” meydanında aclıq aksiyasına başladığını və aprelin 9-da – andiçmə günündə – Sarkisyanın yalnız onun cəsədinin üzərindən keçərək müqəddəs kitaba və konstitusiyaya yalan and içəcəyinə və katolikosun xalqın iradəsini təhrif edən namizədə xeyir-dua verərək müqəddəs kitabı təhqir edəcəyinə söz verdiyini xatırlayır. Bu gün kifayət qədər kök Raffi Riçardoviçə baxanda onu cəsəd adlandırmaq çətindir. Nə isə, Ermənistanda heç kim uzun müddətdir ki, bu vurulmuş pilotu ciddiyə almayıb. Necə ki, çoxdan bəri başqa bir fiqur – Erməni Milli Konqresi partiyasının sədr müavini Levon Zurabyan ciddiyə alınmır. Düzdür, Levon Aramoviç təqaüdə çıxmaq istəmir və mediada ayaqda qalmağa çalışaraq absurd açıqlamalar verməyə davam edir. Beləliklə, Zurabyan “Facebook” səhifəsində Nikol Paşinyanı “ölkənin bəlası” və “əsas korrupsioner” adlandırdığı bir paylaşım edib”.
Bildirilib ki, bu hücum EMK-nın məntiqinə uyğundur: “Zurabyanın sərt dili niyyətinə görə, onun diqqətini və siyasi təsirini bərpa etməlidir. Lakin bu möhtəşəm sözlərin arxasında qaçılmaz olaraq sual yaranır: onların müəllifi dəqiq nə təklif edir, onun hansı sosial dəstəyi var və cəmiyyət niyə bu cür ifadələri ciddiyə almalıdır? Və burada, qaçılmaz olaraq, EMK-nın özü haqqında danışmalıyıq. Bu partiya uzun müddətdir ki, keçmişdə yaşayır və daim lideri Levon Ter-Petrosyanın simvolik kapitalına müraciət edir. Ter-Petrosyan da Paşinyanın müntəzəm tənqidçisidir. Onun adı “tarixi legitimlik”in simvolu kimi istifadə olunur. Hakimiyyətin Robert Koçaryana ötürülməsi bir çoxları tərəfindən həlledici anda zəiflik və məsuliyyətdən imtina aktı kimi qəbul edilir. Cəmiyyətdə bəziləri üçün bu epizod Koçaryanın və Sarkisyanın sonradan ölkənin başına açdıqlarının simvolu oldu”.
Məqalədə, həmçinin qeyd edilib ki, Ermənistan müxalifətinin özü olduqca parçalanmış durumdadır: “Müxtəlif fraksiyalar arasında, hətta Koçaryan və Sarkisyan arasında belə, yaxın keçmişdə nə etimad, nə ortaq strategiya, nə də fikir birliyi olub. Bu şəraitdə hər bir fiqur və hər bir partiya seçilmək ümidi ilə digərini üstələməyə çalışır. Zurabyanın “Facebook” paylaşımına məhz bu baxımdan yanaşılmalıdır: mövqeyini yenidən təsdiqləmək və itirilmiş siyasi varlığını bərpa etmək cəhdi kimi. Bu cür taktikalar qısamüddətli nəticələrə layk və paylaşım şəklində səbəb ola bilər, lakin uzunmüddətli dəstək yaratmır. Cəmiyyət isə fərqli dinamika nümayiş etdirir. İnsanlar sonsuz ittiham mübadiləsindən və keçmişin həll olunmamış məsələləri ilə əlaqəli fiqurların mümkün geri qayıtmasından beziblər. Hətta mövcud hökumətdən məyus olanlar belə, köhnə müxalifət brendlərini avtomatik olaraq dəstəkləməyə həmişə hazır deyillər. Paşinyanın tənqidi onun rəqiblərinə inamla eyniləşdirilmir. Bir çox müxalifət fiquru inadla bu boşluğu etiraf etməkdən imtina edir”.
Beləliklə, qarşıdan gələn parlament seçkiləri Ermənistan üçün mürəkkəb, lakin eyni zamanda mühüm imkan mərhələsi kimi çıxış edir. Postmüharibə reallıqları fonunda məsuliyyəti üzərinə götürən Paşinyan hakimiyyəti ölkəni dərin siyasi sarsıntılardan çıxarmağa, idarəetmədə nisbi sabitlik yaratmağa və cəmiyyətdə dəyişiklik gözləntilərini qorumağa çalışan əsas siyasi mərkəz olaraq qalır. Onun rəhbərliyi dövründə sülh gündəliyinin saxlanılması, dövlət institutlarının işləkliyinin bərpası və xarici siyasətdə manevr imkanlarının genişləndirilməsi cəhdləri seçkilərin əsas məzmununu müəyyənləşdirir. Bunun fonunda müxalif düşərgənin parçalanmış vəziyyəti və keçmiş siyasi fiqurların emosional ritorikası Paşinyanın alternativsizliyini daha aydın göstərir. Ermənistan seçicisi bu dəfə populist şüarlar deyil, real idarəçilik bacarığı və gələcəyə hesablanmış kurs axtarır. Məhz buna görə 7 iyun parlament seçkiləri Paşinyan komandası üçün görülən işlərin davamlılığına veriləcək ictimai qiymət, ölkə üçün isə sabitlik və təkamül yolunun təsdiqi kimi dəyərləndirilə bilər.
Səxavət HƏMİD
XQ

