Ötən ilin mühüm geosiyasi hadisələrindən biri Azərbaycanın Ermənistan ilə sülh prosesinə başlaması və Zəngəzur dəhlizinin formaıaşması istiqamətində atılan addımlar oldu.
Bu fikri AZƏRTAC-a açıqlamasında Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev deyib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizi yalnız ölkənin bir regionunu digəri ilə birləşdirib yük daşımaq üçün deyil, daha qlobal və strateji xarakter daşıyan iqtisadi layihələri həyata keçirmək üçün reallaşdırılır. Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü Zəngəzur dəhlizi ləyihəsinin nəinki region dövlətləri, eləcə də ABŞ tərəfindən dəstəklənərək, onun formalaşmasına maliyyə və siyasi dəstək göstərməsi təsadüfi xarakter daşımır.
“ABŞ Prezidenti Donald Tramp sələfi Cozef Baydendən fərqli olaraq mənasız demokratiya oyunları oynamaq əvəzinə real siyasət ilə məşğul olaraq dünya problemlərinə diqqətlə yanaşır. Azərbaycan ilə Ermənistan arasında sülh prosesi də məhz D.Trampın təşəbbüsü ilə ötən ilin avqustunda Vaşinqtonda başladı. Həmin ilin noyabrında isə ABŞ Prezidenti Mərkəzi Asiya respublikalarının dövlət başçıları ilə Ağ Evdə görüş keçirərək əməkdaşlıq haqqında bir sıra müqavilələr imzaladı. ABŞ-Azərbaycan münasibətlərindəki müsbət transformasiyaya nəzər salaraq demək lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Zəfər qazanaraq regionda yeni reallıqlar yaratdı. Qlobal siyasi prosesləri diqqətlə izləyən ABŞ bu reallıqlardan səmərəli istifadə etməyə çalışaraq Azərbaycan ilə Ermənistan arasında sülh prosesini məntiqi nəticəyə çatdırmaq üçün Ağ Evdə tərəflər arasında sənəd imzalanmasına nail oldu. Məhz bu sənədin imzalanmasından sonra sülh prosesi sürətləndi. Azərbaycan Mərkəzi Asiyadan Ermənistana dəmir yolu ilə yükdaşımalara icazə verdi. Bunun qarşılığı olaraq Ermənistan da Türkiyə ilə Azərbaycan arasında dəmir yolu əlaqəsinə maneə yaratmayacağını bəyan etdi. Prezident İlham Əliyevin irəli sürdüyü Zəngəzur dəhlizinin də “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlandırılması da təsadüfi xarakter daşımır. Bu, Amerikanın artıq regiona nüfuz etdiyini göstərir”, - deyə Elbrus İsayev vurğulayıb.
Universitet rektorunun sözlərinə görə, Avrasiyaya nəzarət etməyə çalışan ABŞ ilk növbədə Mərkəzi Asiyanı öz tərəfinə çəkməyə səy göstərir ki, bu da praqmatik siyasətdir: “Praqmatizm siyasi mənada müəyyən güzəştlərlə maraqların üst-üstə düşməsini təmin etməkdir. ABŞ Prezidentinin təşəbbüsü Amerikanın, Mərkəzi Asiya respublikalarının və Azərbaycanın maraqlarının üst-üstə düşməsini təmin edir. Buna misal olaraq Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunu misal göstərə bilərik. Bu yolla Çin öz mallarını Mərkəzi Asiya və Azərbaycandan tranzit keçməklə Avropaya ixrac edir. ABŞ-ın Avropadakı müttəfiqləri ticarət əlaqələrini genişləndirir, Azərbaycan və Mərkəzi Asiya respublikaları tranzit gəlir əldə edir. ABŞ-ın logistika şirkətləri marşrutun ehtiyacı olan infrastruktur layihələrə sərmayə yatırıb qazanc əldə edir. Bir sözlə layihədə iştirak edən bütün tərəflər qazanc əldə edir ki, bu da praqmatizmin nümunəsidir. Azərbaycan coğrafi mövqeyi ilə yanaşı infrastruktur layihələri ilə də Mərkəzi Asiyanı Cənubi Qafqaz, Türkiyə, Şərqi və Qərbi Avropa ilə birləşdir.
Rəsmi Vaşinqton Mərkəzi Asiya ilə Azərbaycan olmadan iqtisadi əməkdaşlıq əlaqələrinin mümkünsüz olduğunu bilərək Zəngəzur dəhlizini hərtərəfli dəstəkləyir. Regiondan neft və qaz ixracı ilə yanaşı, hərbi və texnoloji məhsullar istehsalında əhəmiyyətli rol oynayan nadir torpaq minerallarını Mərkəzi Asiyadan ixrac etmək üçün Zəngəzur Dəhlizi vacib rol oynayır. Dövlət başçısı İlham Əliyevin Zəngəzur dəhlizi ideyası və onun reallığa çevrilməsi Azərbaycana yalnız iqtisadi divident deyil, eyni zamanda siyasi zəmanət də qazandıracaq. Bu kimi iqtisadi faydalar hasil edilməsi üçün ABŞ maneələrə baxmayaraq regiona nüfuz edərək, burada sülhün, sabitliyin qarantı rolunu oynamaq və təhlükəsizliyi təmin etmək iqtidarına malik olan qlobal güc mərkəzidir”.

