Azərbaycan–NATO tərəfdaşlığı yeni mərhələdə

post-img

Ortaq layihələr regional sabitliyə və təhlükəsizliyə xidmət edir

Azərbaycan–NATO əməkdaşlığı ardıcıl və davamlı inkişaf edir, ölkəmizin təhlükəsizlik və müdafiə siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu əməkdaşlıq özündə yalnız hərbi sahəni əhatə etmir, həm də strateji tərəfdaşlıq, humanitar təhlükəsizlik və regional sabitlik aspektlərini birləşdirir. Ölkəmizin NATO ilə qarşılıqlı fəaliyyətinin təməlində “Sülh naminə tərəfdaşlıq” proqramı və Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (IPAP) dayanır. Bu çərçivədə aparılan tədbirlər Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılmasına, hərbi idarəetmə sistemlərinin modernləşdirilməsinə və beynəlxalq təhlükəsizlik çağırışlarına adaptasiyasına xidmət edir.

Bakıda keçirilən “NATO-nun 16 günü” çərçivəsində Alyansın Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığının (SHAPE) Qərargah rəisinin müavini - Tərəfdaşlıq İdarəsinin rəisi, kontr-admiral Yusuf Karagüllenin başçılıq etdiyi nümayəndə heyətinin səfəri əməkdaşlığın ardıcıl və dinamik xarakter daşıdığını göstərir. Səfər zamanı Müdafiə Nazirliyində və Heydər Əliyev adına Hərbi İnstitutda aparılan müzakirələr, həmçinin Quru Qoşunlarının və Hərbi Dəniz Qüvvələrinin hərbi hissələrinə baxış Azərbaycanın NATO ilə münasibətlərinə verdiyi önəmi nümayiş etdirib. Tədbirlərdə qeyd olunub ki, Azərbaycan–NATO əməkdaşlığı çərçivəsində ölkəmiz beynəlxalq təhlükəsizliyin təminatında fəal iştirak edib. Azərbaycan Ordusunun şəxsi heyətinin sülhməramlı missiyalardakı fəaliyyəti qlobal təhlükəsizliyə dəyərli töhfə kimi qiymətləndirilib.

Qeyd edək ki, Azərbaycanın sülhməramlı əməliyyatlarda fəal iştirakı NATO ilə əməkdaşlığının mühüm göstəricilərindən biridir. Ölkəmiz Kosovoda, İraqda və Əfqanıstanda NATO bayrağı altında həyata keçirilən beynəlxalq missiyalarda məsuliyyətli tərəfdaş kimi çıxış edib. Azərbaycan Silahlı Qüvvələrinin kontingenti ISAF və “Qətiyyətli dəstək” missiyaları çərçivəsində təhlükəsizliyin təmin olunması, strateji obyektlərin qorunması və logistika dəstəyi sahəsində mühüm töhfələr verib. 2021-ci ildə Əfqanıstanı tərk edən son sülhməramlı kontingentlərdən biri də Azərbaycan ordusu olub ki, bu da ölkəmizin beynəlxalq öhdəliklərə sadiqliyini bir daha təsdiqləyib.

* * *

Azərbaycan NATO ilə əməkdaşlığı yalnız sülhməramlı əməliyyatlarla məhdudlaşmır. Bu əməkdaşlıq daha geniş spektri əhatə edir. Onlardan biri hərbi təlimlərdə iştirakdır. Azərbaycanın NATO hərbi təlimlərində iştirakı ordumuzun peşəkarlığının artırılması və əməliyyat hazırlığının gücləndirilməsinə xidmət edir. Təlimlər zabit və gizirlərin peşəkarlığını, liderlik bacarıqlarını gücləndirib və qərargah səviyyəsində planlaşdırma qabiliyyətlərini təkmilləşdirib. Bu təlimlər həm də Azərbaycanın beynəlxalq təhlükəsizlik sisteminə inteqrasiyasını gücləndirib. Azərbaycan Ordusunda aparılan islahatlar Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, peşəkarlıq səviyyəsinin yüksəlməsinə və müdafiə imkanlarımızın artırılmasına şərait yaradıb. İkinci Qarabağ müharibəsi zamanı bu əməkdaşlığın strateji əhəmiyyəti özünü açıq şəkildə göstərdi.

Əməkdaşlığın digər vacib istiqaməti mina və partlamamış hərbi sursatlarla mübarizədir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən birgə əməliyyatlar mülki əhalinin təhlükəsizliyini təmin etməklə yanaşı, NATO Dəstək və Təchizat Agentliyi (NSPA) ilə əməkdaşlıq vasitəsilə mina təmizləmə əməliyyatlarının planlaşdırılmasına, müasir texnologiyaların tətbiqinə və yerli mütəxəssislərin hazırlanmasına imkan yaradıb.

Azərbaycan–NATO əməkdaşlığının digər mühüm istiqaməti təhlükəsizlik dialoqudur. Terrorizm, kiber hücumlar və enerji təhlükəsizliyi kimi transsərhəd təhdidlər fonunda tərəflər arasında məlumat mübadiləsi və institusional əməkdaşlıq intensivləşib. Azərbaycanın strateji enerji istehsalçısı və etibarlı tranzit ölkə kimi rolu NATO ilə enerji təhlükəsizliyi sahəsində dialoqu əhəmiyyətli edib. Bu əməkdaşlığın nəticəsidir ki, alyans Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyib. Bu dəstək, xüsusilə Alyansın Zirvə görüşlərinin yekun sənədlərində açıq şəkildə ifadə olunub. Həmin sənədlərdə Cənubi Qafqazdakı münaqişələrin, o cümlədən Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları və prinsipləri əsasında həllinin vacibliyi vurğulanıb. Bununla bağlı NATO-nun Azərbaycandakı əlaqələndirici səfirliklərinin (NATO Contact Point Embassies, CPE) rəhbərləri Elçin Qasımov (Slovakiya) mətbuata müsahibəsində deyib ki, NATO Ermənistan və Azərbaycan arasında sülh sazişi ilə bağlı danışıqların başa çatmasını alqışlayır və sazişin imzalanmasını və ratifikasiyasını səbirsizliklə gözləyir. Bu, normallaşma prosesində irəliyə doğru mühüm addımdır və regional təhlükəsizliyin möhkəmləndirilməsinə töhfədir”.

Politoloq Elməddin Behbud XQ-yə dedi ki, bu gün NATO ilə Azərbaycan arasında münasibətlərin çox geniş spektri mövcuddur: “Bu, Azərbaycanın müdafiə və təhlükəsizlik sahəsində həyata keçirdiyi islahatları, NATO-nun sülhməramlı fəaliyyətlərində iştirakını, hərbi təhsil və digər məsələləri əhatə edir. Azərbaycan NATO üzvü olan bir çox dövlətlərin enerji təhlükəsizliyində, xüsusilə təbii qazla təminatında vacib rol oynayır.

Azərbaycan bir tərəfdən NATO-nun siyasi və hərbi potensialı ilə əməkdaşlıq edir, digər tərəfdən Alyansın üzvü olan Türkiyənin strateji müttəfiqidir. Bu istiqamətdə qarşılıqlı fəaliyyətin əsas istiqamətlərindən biri Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılmasıdır. Türkiyə və NATO-nun dəstəyi ilə Azərbaycan Müdafiə Nazirliyinin müxtəlif strukturlarında, o cümlədən “Komandos” xüsusi təyinatlı bölmələrində yenidən hazırlıq və təlim prosesləri həyata keçirilir. Bununla yanaşı, Azərbaycan ordusunun zabit heyətinin NATO proqramları çərçivəsində hazırlanması daimi əsasda təşkil olunur. Şimali Atlantika Alyansının nümayəndələrinin və NATO strukturlarının iştirakı ilə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin inkişaf perspektivləri müzakirə edilir. Bəli, Azərbaycan ordusu NATO standartlarına uyğun formalaşdırılır ki, bu da ölkənin Alyansla əməkdaşlıq səviyyəsinin daha da möhkəmlənməsinə xidmət edir”.

Beləliklə, Azərbaycan–NATO əməkdaşlığı ölkəmizin həm müdafiə imkanlarını, həm də beynəlxalq sülh və təhlükəsizliyə verdiyi töhfəni artıran strateji tərəfdaşlıqdır. Bu münasibətlər ölkəmizin müasir çağırışlara cavab verən, çevik və peşəkar ordu modelinə keçidini sürətləndirir, həm də regional sabitlik və təhlükəsizliyin qorunmasında etibarlı tərəfdaş rolunu möhkəmləndirir.

* * *

Onu da qeyd edək ki, NATO da Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Ukraynalı hərbi ekspert və tarixçi Mixaylo Jiroxov hesab edir ki, NATO ilə Azərbaycan arasında yaxınlaşma prosesi qarşılıqlı maraq doğurur: “Hazırda NATO-nun marağı aydındır. Onlar son illər baş vermiş bütün müharibələri təhlil etməyə çalışırlar. Xüsusilə Rusiya–Ukrayna və Azərbaycan–Ermənistan müharibələri onların diqqət mərkəzindədir. Məsələn, Rusiya və sovet istehsalı olan hava hücumundan müdafiə sistemlərinə qarşı real döyüş təcrübəsinə, eləcə də pilotsuz uçuş aparatlarının tətbiqi təcrübəsinə malik olan yeganə ölkə Azərbaycandır. Bu təcrübə spesifik dağlıq şəraitdə əldə edilsə belə, son dərəcə dəyərlidir.

Digər tərəfdən, Azərbaycan ordusu postsovet modelindən müasir ordu modelinə keçid prosesindədir. NATO standartlarından və Qərb silahlarından daha üstün alternativin mövcud olmadığını isə biz öz müharibəmizin timsalında gördük. Qərb silahlanmasına keçid həm təcrübə mübadiləsini, həm də müəyyən texnoloji və əməliyyat biliklərinin paylaşılmasını nəzərdə tutur. Buna görə də bu, tamamilə təbii bir prosesdir və zaman keçdikcə bu cür əməkdaşlıq daha da genişlənəcək”.

Pünhan ƏFƏNDİYEV
XQ







Siyasət