Paşinyan, Napoleon və Erməni Apostol Kilsəsi

post-img

Nikol “qara keşiş”in müqəddəslik maskasını çıxara biləcəkmi?

“Məni hakim edən kilsə yox, özüməm və xalqın iradəsidir”. Böyük sərkərdə Napoleon Bonapart 1804-cü il dekabrın 2-də Parisdə Notr-Dam kilsəsində başına imperator tacını qoyarkən, həm o dövrün Fransa, həm də Avropa cəmiyyətinə məhz bu mesajı verdi. O, hərəkəti ilə hakimiyyətini kilsədən və Roma Papasından üstün tutduğunu göstərdi. Halbuki, həmin vaxtadək Avropa hökmdarlarının başlarına tacı papalar qoyurdular. Əslində, Notr-Dama gəlmiş Papa VII Piy də buna ümid bəsləyirdi...

Bəli, Orta əsr Avropasında krallar kilsə tərəfindən, bir növ, müqəddəsləşdirilirdilər. Napoleon bu ənənəyə qarşı çıxdı və Fransa Burjua İnqilabının “hakimiyyət xalqa məxsusdur” ideyasını əməli müstəviyə daşıdı. Axı həmin vaxtın klişesinə görə, hakimiyyət Tanrıya məxsus idi, Tanrının yer üzündəki təmsilçisi kilsə sayılırdı. Papalar isə hökmdarların başlarına tac qoymaqla, onların legitimliklərini təsdiqləyirdilər.

Bəli, Napoleon dahi sərkərdə olmaqla yanaşı, eyni zamanda o dövrün sərt və qətiyyətli lideri kimi qiymətləndirilir. O, hərəkəti ilə dövlət–kilsə münasibətlərində yeni dövrün rəmzi başlanğıcını qoydu. Belə bir dolaşıq labirintdə xalq imperatorun şəxsində özünün taleyinə cavabdeh şəxsi gördü və kilsəni deyil, məhz bu cavadehliyi müqəddəsləşdirdi. Nəticə etibarilə, Napoleon Fransada sekulyar dövlətin qurulduğunu, hakimiyyətin mərkəzləşdirildiyini prinsipial məqam kimi bəyan etdi, bütövlükdə “qoca qitə”nin gündəmini dəyişəcək ənənənin əsasını qoydu.

Bəribaşdan deyək ki, bu yazıda Napoleon Bonapartla Ermənistanın baş naziri Nikol Paşinyan arasında hansısa paralellər aparmaq, oxşarlıqlar tapmaq niyyətindən uzağıq. Ancaq fakt faktlığında qalır ki, Nikol ölkəsində kilsə-dövlət münasibətlərində yenilik edir. Onu da deyək ki, bu yeniliyin özü də Orta əsr Avropasının siyasi-mənəvi sistemindəki kimi deyil. Çünki kilsə o dövrün Avropasının, belə demək mümkünsə, həyatına oturmuş reallıq idi və hətta Napoleondan təxminən 3 əsr əvvəlki məşhur Reformasiya hərəkatı da bu reallığı bir o qədər dəyişmək gücündə olmamışdı.

Əlqərəz, müstəqillik dövrü Ermənistanının siyasi-dini həyatında kilsə avantürizmin dayağı kimi çıxış edib. Əslində, bu amplua ümumən erməni kilsəsinin spesifik mahiyyətindən və təməlindən qaynaqlanıb. Nəzərə alaq ki, kilsə Ermənistanın dövlətsizlik dövrünün məhsuludur. Yəni dövlət olmayanda erməni kilsəsi fəaliyyət göstərmiş və birincinin funksiyalarını da əlində cəmləşdirmişdi. Problem həmin funksiyalara baxışın qüsurlu olmasında idi. Axı erməni terrorizminin, hər cür fitnə-fəsadın ilhamvericisi qismində məhz kilsə çıxış etmişdi.

Ermənistan dövlət kimi müstəqilliyini elan etdikdən sonra da kilsə məhz dövlətsizlik dövrünün məhsulu ampluasında qaldı. Bu dəfə təcavüzün, qəsbkarlığın təşəbbüskarı qismində çıxış etdi, habelə ölkədə otuz ilə yaxın müddətdə iqtidarı əlində saxlamış xunta rejiminin başlıca dayağına çevrildi. Hər iki tərəf birləşib həm erməni xalqının hüquqlarını saymazdan gəldi, həm də Azərbaycan torpaqlarını işğalda saxladı.

Deməli, kilsə 44 günlük müharibə məğlubu olan Paşinyan iqtidarına qarşı çıxmalı idi və çıxdı da. Çünki iqtidar erməni ambisiyalarının davamını gətirməyi bacarmadı, məğlub duruma düşdü. Ambisiyanın motivi isə son dərəcə bəsitdir – xarici güclərə arxalanmaq, onların aləti rolunda çıxış etmək. Paşinyanın mövcud istiqamətdəki fəaliyyəti kilsəni razı salmadı və razı sala bilməzdi. Ancaq məsələnin digər tərəfi də var.

Hesab edirik ki, Ermənistanın hazırkı iqtidarı nə zamansa erməni kilsəsi ilə ziddiyyətlərin ən yüksək məcraya çatacağını proqnozlaşdırır və hazırlığını da bu ehtimala uyğun görürdü. İndi isə necə deyərlər, bıçaq sümüyə dirənib. N.Paşinyanın dekabrın 14-də Ayqeşatdakı Müqəddəs Gevork kilsəsində liturgiyaya qatılması və mərasim başa çatdıqdan sonra açıqladığı fikirlər qənaətimizin təsdiqidir. Hərçənd, Ermənistanda 2018-ci ildən başlayaraq, kilsə-hakimiyyət ziddiyyətlərinin ən müxtəlif təzahür formaların nəzərə çarpdığından da xəbərdarıq.

...Liturgiyanı ənənəvi olaraq Erməni Apostol Kilsəsinin rəhbəri, bütün ermənilərin katolikosu II Qaregin deyil, Armavirdəki yeparxiyanın rəhbəri arxiyepiskop Sion aparıb. O, II Qareginin istefası tələbinə qoşulub və Paşinyanla görüşüb. Baş nazir isə kilsə əleyhinə növbəti fikirlərini səsləndirərkən bunları deyib: “Hazırda hər bazar günü liturgiyaya gedirəm. Yeri gəlmişkən, bu barədə də danışırlar və soruşurlar ki, niyə əvvəlki dövrdə getmirdim. Məhz eyni səbəbdən. Çünki bəzi yüksək vəzifəli kilsə məmurları öz hərəkətləri ilə mənim kimi minlərlə, hətta on minlərlə insanı kilsədən uzaqlaşdırıblar. Bəli, onlar insanları kilsədən uzaqlaşdırıblar. Bu atmosferdə və bu mühitdə daim gəlib liturgiyada iştirak mümkün deyildi. Onlar (II Qaregin və tərəfdarları nəzərdə tutulur – red.) sektantlıqdan çox danışırlar, amma ən böyük sektant Ktriç Nersisyan (Paşinyan II Qaregini öz adı ilə adlandırır – red.) və onun ən yaxın ətrafıdır. Sekta nədir? Bu, inancın təhrif edilməsi, yəni eybəcərləşdirilməsi, onun dəyərdən salınmasıdır. Bu isə yekunda insanı inancdan uzaqlaşdırır”.

Paşinyan, həmçinin, bildirib ki, Erməni Apostol Kilsəsinin rəhbərliyi on minlərlə insanı kilsədən uzaqlaşdırdığından, onlar öz mənəvi axtarışlarında müxtəlif mərkəzlərə tapınıblar. Bolşevizmin lideri Leninin Orta əsr Avropasında antikilsə hərəkatlarına xalq ruhu gətirmək üçün dilə gətirdiyi məşhur fikrə görə isə bir quruluşu dəyişmək üçün ondakı müqəddəslik maskasını söküb atmaq lazımdır. Məsələyə mövcud prizmadan yanaşsaq, Paşinyan 2018-ci ildə Ermənistanda hakimiyyəti dəyişdi, ancaq illər ərzində həmin hakimiyyətin tapındığı müqəddəsliklə bacarmadı.

Görünür, Nikol hazırda mövcud istiqamətdə daha qətiyyətli addımlar atmağa girişib. Son illər II Qareginin və tərəfdarlarının total şəkildə nüfuzdan salınmaları, o cümlədən dekabrın 14-də keçirilmiş yeni liturgiya törəni göstərir ki, baş nazir daha qətiyyətli davranmağa iddialıdır. Çünki başqa çıxış yolu yoxdur. Axı 2026-cı ildə Ermənistanda parlament seçkiləri keçiriləcək. II Qareginin və Erməni Apostol Kilsəsinin isə iqtidara qarşı çıxan müxalif düşərgənin tərəfini saxladığı heç kəsə sirr deyil. Deməli, Nikol köhnə quruluşun yenidən müqəddəslik maskası ilə “silahlanmasına” yol verməməlidir. Paşinyanın istəyinə nə dərəcədə müvəffəq olacağına gəldikdə, gedişatı zaman göstərəcək.

Ə.RÜSTƏMOV
XQ

Siyasət