Yaxud Cənubi Qafqazda “Sülh günəşi” və “Şimal bayquşu”nun tutulan gözü
Rusiyadakı anti-Azərbaycan ritorikanın ən “parlaq” simalarından biri, Dövlət Dumasının MDB məsələləri və xaricdəki həmvətənlərlə iş komitəsinin sədr müavini Konstantin Zatulin yenə qızışıb. Görünür, Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtona yollanmaları və Cənubi Qafqazda sülh gündəmi ilə bağlı pozitiv mesajların səslənməsi kürkünə birə salıb.
Əslində, Zatulinin boş-boş danışıqlarına fikir verməmək olardı. Necə deyərlər, it hürər, karvan keçər. Ancaq məsələnin başqa tərəfi var. İş ondadır ki, Zatulin həm də Ermənistandakı revanşist və şovinist kəsimin dili ilə danışır. Həmin kəsim isə hazırda “aktivləşib” və onun təmsilçilərinin qaldırdıqları vay-şivənə görə, Vaşinqtonda erməni dövləti və dövlətçiliyi üçün əklil hazırlanır.
Əlbəttə, ABŞ-ın barış təşəbbüsü fonunda Ermənistanı cənginə almış isterik durumun başqa təzahür formaları var. Onlardan biri revanşist kəsimin İranı qınamasıdır. Bu düşərgənin nəzərində baş nazir Nikol Paşinyanla İslam respublikasının Prezidenti Məsud Pezeşkian eyni ampluadadır. Guya, onların hər ikisi ölkələrinin maraq və mənafelərini satırlar…
Bir sözlə, hiss olunur ki, Ermənistanda Vaşinqtona baxışlar sivil siyasi paradiqmalardan, rasionallıqdan və proqmatizmdən uzaqdır. Halbuki, belə olmamalıdır. Çünki Azərbaycanın diktə etdiyi sülh, bütövlükdə, Cənubi Qafqaz xalqları üçün yüksək maddi və mənəvi dividend vəd edir və bu vəd real əsaslara malikdir. Həmin əsasları isə ölkəmiz 44 günlük müharibədən sonra formalaşdırıb. O əsaslar ki, hazırda dünya birliyi onların alternativsizliyi qənaətindədir.
***
Əlqərəz, K.Zatulin Ermənistanın Vaşinqtondakı danışıqlarda iştirakını sərt tənqid edib. Onun konkret nə dediyinə diqqət yetirəcəyik. Amma əvvəlcə onu bildirək ki, Zatulinin erməni təəssübü saxtadır, şəxsi mənfəətə söykənir. O, öz mənfəəti naminə hadisə və proseslərə Rusiyanın maraq və mənafeləri pəncərəsindən baxır. Daha doğrusu, sanki ölkəsini düşünürmüş kimi görüntü formalaşdırır.
Ancaq onu da unutmaq olmaz ki, zatulinlərin dilə gəlmələri Kremlin hakim siyasi dairələrinin də hərəkətə keçəcəklərinin anonsudur. O dairələr ki, Azərbaycan və Ermənistan arasında sülh mühitinin qərarlaşmasını qətiyyən arzulamırlar. Çünki ənənəvi imperiya xislətlərini kənara qoymaq niyyətindən uzaqdırlar. Zatulin digərlərindən öz mənfur xislətini əsil sancıya çevirməsi ilə fərqlənir. Ona görə də bildirir ki, iki Cənubi Qafqaz liderinin Vaşinqtonda bir araya gəlib sənəd imzalamalarının heç bir nəticəsi olmayacaq.
Ermənistandakı revanşist-şovinist kəsim Vaşinqton danışıqları fonunda İranı qıcıqlandırmağa səy göstərirsə, Zatulin İranla yanaşı, Rusiyanı da sərt tədbirlərə əl atmağa təşviq edir. Məsələn, o, bir tərfədən Azərbaycan və Ermənistan liderləri arasında yazılı razılaşmanın əhəmiyyətini heçə sayır, digər yandan məsələnin, guya, qlobal mahiyyətini qabardaraq vurğulayır ki, sözügedən razılaşma ABŞ-ın Rusiyanı və İranı regiondan sıxışdırmasıdır: “Bu razılaşma nəticəsində Amerika regiona gəlir, Rusiya və İran isə bununla barışmalı olur”.
Qeyd edək ki, Zatulin bildirdikləri fikirlərlə erməni cəmiyyətinə hakim kəsilmiş başqa mənfi stereotipləri də hərəkətə keçirmək barədə düşünür. Ona görə Zəngəzur dəhlizi və Türkiyə mövzusunu ortaya atır. Komitə sədri bildirir ki, Paşinyandan istifadə edən Türkiyə Ermənistan ərazisindən birbaşa Azərbaycana, Xəzərə və Orta Asiyaya yol açacaq. Bununla yanaşı, NATO və ABŞ da öz bonuslarını əldə edəcəklər.
Zatulinin üzərində dayandığı ən mühüm məqamlardan biri də odur ki, Zəngəzur dəhlizinin işə düşməsi ilə Qərb-Şərq dəhlizi dövriyyə girəcək və bu, Rusiyanın və İranın ənənəvi Şimal-Cənub dəhlizinin taleyini şübhə altına alacaq. Halbuki, məsələnin belə qoyuluşu yolverilməzdir. Çünki Zəngəzur dəhlizi Rusiya kimi, İranın da mənafelərini nəzərə alan layihədir və məsələ barədə istər Azərbaycan, istərsə də Türkiyə tərəfinin çoxsaylı açıqlamaları var. Habelə, onu da unutmaq olmaz ki, ənənəvi marşrutların əhəmiyyətini itirməsi mümkünsüzdür. Çünki Zəngəzur dəhlizi, yaxud Qərb-Şərq dəhlizi və ya Orta Dəhliz təşəbbüsü beynəlxalq yükdaşımalar üzrə artan tələbatları qarşılamaq məramından qaynaqlanır.
***
İndi isə keçək Zatulinin birbaşa Ermənistan əleyhinə dediklərinə. Komitə sədri ölkəni mövcud düzəndəki ən alçaq iştirakçı kimi qələmə verib. Onun bildirdiyinə görə, baş nazir Paşinyanın mövqeyi, heç bir halda, erməni milli maraqları kontekstində qiymətləndirilə bilməz. Zatulin fikrini əsaslandırmaq üçün yaxın keçmişə üz tutub və bildirib ki, Zəngəzur dəhlizi ideyası 2020-ci ilin 44 günlük müharibəsi ilə leqallıq qazanıb.
Bəli, Zatulin Ermənistanın müharibədəki məğlubiyyətini qabardır. Şübhəsiz ki, bu, haqqında söz açdığımız revanşist-şovinist kəsimi qıcıqlandırmaq niyyətidir. Ancaq onun 44 günlük müharibəni xatırlatmaqda konkret məqsədi də var. Komitə sədri deyib ki, savaşın yekunlarını təsdiqləyən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda yer alan müddəalarda Ermənistan və Qarabağ arasındakı Laçın dəhlizini hipotetik Zəngəzur dəhlizi ilə dəyişmək məramı ifadə olunmuşdu. “Amma indi Qarabağda erməni yoxdur, Laçın dəhlizi də yoxdur. Onlarla birlikdə Rusiyayla hər hansı məsələdə razılaşma zərurəti də aradan qalxıb”, – deyən komitə sədrinin sözlərindən gəlinən qənaət budur ki, guya Azərbaycan üçtərəfli bəyanata məhəl qoymayıb, indi isə Zəngəzur dəhlizinə sabiblənərək daha da irəli gedir. Heç şübhəsiz, belə bir mövqe də qızışdırıcılığa hesablanıb.
Nəhayət, Zatulin Vaşinqton görüşünün iştirakçılarının Rusiya ilə nümayişkaranə şəkildə mübahisəyə girişdikləri məntiqini qabardıb. Komitə sədrinin fikrincə, hazırda belə bir mübahisənin meydana çıxmasının səbəbi Ukrayna müharibəsi və Qərblə münaqişə səbəbindən Kremlin regionda zəifləməsidir. Zatulin təklif də verib. “Bizim məqbul nəticə əldə etməyimiz üçün (Ukraynadakı – red.) Xüsusi Hərbi Əməliyyatı mümkün qədər tez bitirməyimiz lazımdır”, - deyən komitə sədri ölkəsində Ukraynaya qarşı əməliyyatların sonsuzadək davamı ideyasının tərəfdarlarının əleyhinə çıxıb və deyib ki, Prezident Vladimir Putinin diplomatik səyləri başadüşüləndir. Onun fikrincə, Rusiya liderinin məqsədi təkcə Ukrayna ilə müharibəni yekunlaşdırmaq yox, həm də ABŞ Prezidenti Donald Trampla təmaslardan öz payını almaq və ya qorumaqdır: “Sonsuz hərbi əməliyyat tərəfdarları başa düşməlidirlər ki, onlar Ukraynanın sonuncu əsgərinədək döyüşməsini istəyən İngiltərə və Avropa İttifaqındakı rusofoblardan fərqlənmirlər. Bu zaman isə hər yerdə Rusiyanı sıxışdırmaq istəyirlər”.
Sonda onu da bildirək ki, K.Zatulin mövzu ilə bağlı özünün “Telegram” kanalında bölüşdüyü fikirlərini “artıq Kassandra olmaqdan yoruldum”, – deyərək yekunlaşdırıb. Komitə sədrinin məşhur “Kassandra sindromu” ifadəsinə istinadı aşkardır. Məlum olduğu kimi, sözügedən ifadə qədim yunan mifologiyasındakı Troya şahzadəsi Kassandranın hekayəsindən qaynaqlanır. Hekayədə Kassandra Apollon tərəfindən gələcəyi görmək qabiliyyəti ilə mükafatlandırılır. Ancaq o, Apollonu rədd edir və buna görə lənətlənir. Nəticədə Kassandra gələcəyi görsə də, dediklərinə heç kim inanmır.
Beləliklə, müasir psixologiyada və gündəlik dildə “Kassandra sindromu” insanın gerçək təhlükəni, problemi və ya gələcəkdə olacaq hadisəni açıq şəkildə görə bilməsi, dəfələrlə xəbərdarlıq etməsi, ancaq ətrafdakıların onu ciddi qarşılamamalarıdır. Nəticədə, proqnoz verən şəxsdə güclü ümidsizlik, əsəbilik və təcrid hissi yaranır. Əlavə şərhə ehtiyac duymur, nə də hesab etmirik ki, Zatulinin indiyədək bildirdikləri fikirlərdə hansısa düzgünlük olub. Amma bir halda ki, komitə sədri qeyri-ciddi qarşılanmaqdan bezib, böyük məmnuniyyətlə ona Kassandranın düşdüyü durumu arzulaya bilərik. Niyyətimiz pis deyil, çünki Zatulinin üzləşdiyi xəstəliyin depressiyaya düşüb susmaqdan başqa çarəsi yoxdur.
Ə.RÜSTƏMOV
XQ