“Kitabxanaşünaslığın aktual problemləri”

post-img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Kitabxanaşünaslığın aktual problemləri” mövzusunda II respublika elmi konfransı işə başlayıb.

Öncə konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

Mərasimi giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli konfransın ulu öndər Heydər Əliyevin Azərbaycan kitabxana işinin tərəqqisi naminə göstərdiyi misilsiz xidmətlərə, müasir kitabxana quruculuğunun ilkin mərhələsində bu sahənin canlandırılmasına verdiyi töhfələrə həsr olunduğunu qeyd edərək, konfransın əhəmiyyətini yüksək qiymətləndirib.

Akademik İsa Həbibbəyli Ulu öndərin milli dövlətçilik tariximizdəki xilaskarlıq rolunu vurğulayaraq, dahi rəhbərin ölkənin ən çətin zamanında Azərbaycanda daxili sabitliyi bərqərar etdiyini və uzaqgörən xarici siyasəti sayəsində dövlətin prioritet istiqamətlərini dəqiqliklə müəyyənləşdirdiyini diqqətə çatdırıb.

MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov “Heydər Əliyev və Azərbaycanda kitabxana işinin inkişafı” adlı məruzəsi ilə çıxış edib. Hüseyn Hüseynov MEK-in II Respublika konfransında iştirak edən hər kəsi salamlayaraq qeyd edib ki, Azərbaycan xalqının zəngin mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsində kitabxanalar mühüm rol oynayıb və bu sahənin inkişafı birbaşa Ulu öndərin adı ilə bağlı olub.

Konfransda Prezident Kitabxanasının direktoru, filologiya elmləri doktoru, professor Afət Abbasova, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı filologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Bayramov, YAP Yasamal rayon təşkilatının məsləhətçisi Fuad Həbibzadə çıxış edərək kitabxanaşünaslıq elminin tədqiqinə, aktual problemlərinin müzakirəsinə ehtiyacın olduğunu və bu sahənin inkişafına töhfəsini verəcəyini bidiriblər.

Q.YUSİFOĞLU
XQ

Mədəniyyət