Birləşmiş Ştatların paytaxtında Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın Bakı ilə İrəvan arasında sülh sazişi ilə bağlı qarşıdakı görüşü dünyanın nüfuzlu media orqanlarının diqqət mərkəzindədir.
“Reuters” agentliyinin dərc etdiyi geniş məqalədə qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan cümə günü Ağ evdə ABŞ Prezidenti Donald Trampla görüşəcəklər. Bu, görüş 40 ilə yaxındır davam edən münaqişənin həlli üçün sülh sazişi üzərində çalışan tərəflərin razılıq əldə edəcəyi ümidlərini gücləndirir.
Məqalədə qeyd olunur ki, Qarabağ bölgəsi beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanınıb və Sovet İttifaqının süqutundan sonra ermənilər tərəfindən işğala məruz qalıb. Lakin 2020-ci və 2023-cü illərdə Azərbaycan həmin əraziləri azad edib. “Sülh sazişinin imzalanmasının qarşısında duran əsas maneələrdən biri Ermənistanın konstitusiyası məsələsidir. Azərbaycan Ermənistandan ölkənin 1990-cı il müstəqillik bəyannaməsinə istinad edən konstitusiyanın preambulasını dəyişdirməyi tələb edir...Bakı Ermənistan konstitusiyasında Qarabağa istinad edilməsini Azərbaycana ərazi iddiası kimi qiymətləndirir”, -deyə agentlik vurğulayır.
“Reuters” diqqətə çatdırır ki, sülh yolunda digər maneə Ermənistan ərazisindən təxminən 32 kilometrlik hissəsindən keçəcək və Azərbaycan ərazisinin böyük hissəsini Bakının müttəfiqi Türkiyə ilə həmsərhəd Azərbaycan anklavı olan Naxçıvanla birləşdirəcək təklif edilən tranzit dəhlizidir. “Azərbaycan dəhlizi istəyir, lakin İrəvanın tezliklə girişi ləğv edə biləcəyi ehtimalına görə Ermənistanın ona nəzarət etməsini istəmir. ABŞ planlaşdırılan dəhlizin idarəçiliyini öz üzərinə götürməyi təklif edib, lakin Ermənistan gələn il keçiriləcək seçkilər ərəfəsində Paşinyan üçün siyasi cəhətdən həssas olan perspektivə ehtiyatla yanaşıb”.
Türkiyənin Anadolu agentliyinin Vaşinqton müxbirinin məqaləsində qeyd olunub ki, Donald Tramp avqustun 7-də verdiyi açıqlamada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanı Ağ evdə qarşılayacağını səbirsizliklə gözlədiyini açıqlayıb. O qeyd edib: “Sabah (avqustun 8-də-red.) rəsmi sülh sazişi ilə bağlı sənədə imza atacaqlar”. ABŞ Prezidenti iki ölkənin uzun illərdir müharibə vəziyyətində olduğunu diqqətə çatdıraraq deyib: “Ermənistan və Azərbaycan xalqları üçün doğru olanı edən cəsur liderlərlə qürur hissi keçirirəm. Bu, Ermənistan, Azərbaycan, ABŞ, həmçinin dünya tarixi üçün tarixi bir gün olacaq”.
ABŞ-ın Alman Marşal Fondunun (GMF) saytında dərc olunan məqalədə qeyd olunur ki, Ermənistan və Azərbaycan may ayında sülh sazişi layihəsinin mətni üzərində razılaşdıqlarını bildiriblər. Bununla belə, Azərbaycan rəsmiləri layihənin tezliklə paraflanması ilə bağlı daha çox danışırlar. Bu əlavə prosessual addım siyasi baxımdan eskalasiya riskini müəyyən qədər azalda bilər. Azərbaycan tələb edir ki, Ermənistan konstitusiyasından ərazi iddiaları ehtiva edən bənd çıxarılsın, həmçinin iki ölkə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) birgə məktub göndərərək 1992-ci ildə onlar arasında münaqişənin sülh yolu ilə həllini asanlaşdırmaq üçün yaradılmış Minsk Qrupunu ləğv etməyi xahiş edir.
GMF qeyd edir: “Zəngəzur dəhlizi probleminin həlli isə daha çətindir. Bu, Azərbaycanın Ermənistanın Sünik vilayəti vasitəsilə öz Naxçıvan anklavına insanların və malların quru yolu ilə sərbəst hərəkət etməsi tələbinə aiddir”.
“The Washington Post” qəzetinin dərc etdiyi məqalədə qeyd olunur ki, Ermənistan və Azərbaycan rəsmilərinin Ağ evdə ABŞ-a strateji tranzit dəhlizinə müstəsna inkişaf hüququ verən sülh sazişi imzalayacağı gözlənilir. Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Ağ Evə gəlməyə hazırlaşır. ABŞ rəsmiləri “Reuters” agentliyinə bildiriblər ki, “Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu” adlanan pakt Azərbaycanı Ermənistan vasitəsilə Azərbaycanın eksklavı olan Naxçıvanla birləşdirəcək və ABŞ-a inkişaf hüququ verən sənəd olacaq.
Qəzet yazır: “Rəsmilər bildiriblər ki, Asiyadan Avropaya quru marşrutunu qısaldan dəhlizdə ABŞ həmin torpaqları infrastruktur və idarəetmə üçün konsorsiuma subicarəyə verəcək. Ümid odur ki, tranzit dəhlizi gələcək döyüşləri dayandıracaq və regionda kommunikasiyaları açacaq”.
“The Guardian” nəşrinin “Tramp Azərbaycanla Ermənistan arasında tarixi sülh sazişinə nail olacağını iddia edir” sərlövhəli məqaləsində qeyd olunur ki, ABŞ Prezidenti Donald Tramp cümə günü Ermənistan və Azərbaycan liderlərini iki keçmiş sovet respublikası arasında onilliklərlə davam edən hərbi əməliyyatlara son qoymaq məqsədi daşıyan “Tarixi sülh sammiti”nə ev sahibliyi edəcəyini açıqlayıb.
Qəzet vurğulayır ki, müxtəlif beynəlxalq münaqişələrdə vasitəçilik səylərinin Nobel Sülh mükafatına layiq olduğuna əminliyini ifadə edən ABŞ lideri əlavə edib ki, Vaşinqton “iqtisadi imkanları birgə həyata keçirmək üçün hər iki ölkə ilə” ikitərəfli müqavilələr imzalayacaq və bu, Cənubi Qafqaz regionunda potensialı ortaya çıxara bilər.
“France24” telekanalının saytında dərc olunan məqalədə Donald Trampın danışıqlarla bağlı fikirləri yer alıb, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtonda ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff ilə görüşü barədə məlumat verilib. Qeyd olunub ki, görüş əsnasında Azərbaycanın SOCAR və ABŞ-ın “ExxonMobil” şirkətləri arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb. Tərəflər, həmçinin Azərbaycan liderinin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfərinin ikitərəfli münasibətlərin gündəliyinin və regional məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığı bildiriblər.
“Politico” nəşrinin “ABŞ Ermənistanla Azərbaycan arasında uzun sürən düşmənçiliyə son qoyur” sərlövhəli məqaləsində Ağ evin mənbələrinə istinadla qeyd edilir ki, uzun müddətdir davam edən münaqişənin yumşaldılmasının açarı tranzit dəhlizinə dair sazişdir ki, bu sənədə Azərbaycan və onun Zəngəzur dəhlizi kimi tanınan Naxçıvan anklavı arasında Ermənistan ərazisinin dağlıq hissəsinin inkişaf etdirilməsi öhdəliyi daxildir”. Nəşr yazır ki, birgə bəyannamə uzun müddətdir düşmən olan iki ölkə tərəfindən imzalanmış ilk ikitərəfli sənəd olacaq.
“The Hill” nəşri Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Vaşinqton görüşünü tarixi hadisə adlandırıb və qeyd edib ki, Prezident Donald Tramp uzun illərdir düşmən olan bu iki ölkə arasında sülhə nail olunması səylərini yüksək qiymətləndirir. İmzalanması gözlənilən razılaşma ABŞ-ın iki ölkənin Sovet İttifaqından müstəqillik əldə etdikdən sonra yaranan münaqişəyə son qoymaq üçün onilliklər ərzində göstərdiyi səylərin kulminasiya nöqtəsidir.
XQ