Yaxud təhsil ocaqlarında zorakı şıltaqlıqlar niyə çoxalıb?
Azərbaycanda, xüsusilə paytaxtın təhsil müəssisələrində şagirdlərin bir-birinə qarşı kobud davranışı, psixoloji təzyiq göstərilməsi, qrup halında döymə, alçaltma, hətta bıçaqlanma kimi ağır hadisələrin artması artıq cəmiyyətdə ciddi narahatlıq doğurur. Əgər bir vaxtlar məktəb mühitində zorakılıq halları təsadüfi hadisə sayılırdısa, indi bu bəlanın sistemli xarakter aldığı diqqət çəkir. Bu isə təhsil ocağının deyil, bütövlükdə, cəmiyyətin qarşılaşdığı ciddi təhlükədir. Çünki məktəb cəmiyyətin gələcəyidir. Bu gün təhsil müəssisəsində zorakılığa meyilli uşaq sabah ailədə, iş yerində və ictimai münasibətlərdə böyük ehtimalla eyni davranışı nümayiş etdirir.
Nəğmə, yoxsa yumruq?
Məktəb deyəndə ilk xəyalımıza gələn açıq pəncərəsindən şagirdlərin xorla oxuduğu şən nəğmələrin xoş ahəngi gəlir. Bəs nədən son vaxtlar təhsil otaqlarımızdan cəmiyyətə arzuolunmaz, cinayət səpkili xəbərlər yayılır?
Uşağın davranışının formalaşmasında ən güclü rol oynayan ailə mühiti onun tərbiyə aldığı ilk ocaqdır və əzəli davranış kodlarını müəyyən edir. Əgər burada münaqişə, emosional laqeydlik, zorakılıq, sərt münasibət, valideynlər arasında mübahisələr mövcuddursa, yeniyetmə bu atmosferdə psixoloji gərginliklə böyüyür. Bəzi ailələrdə valideyn uşağa qarşı həddindən artıq təzyiq göstərir, onu daim danlayır və sərt şəkildə idarə etməyə çalışır. Digər hallarda isə ata-ana övladlarına laqeyd yanaşır, onunla ünsiyyət qurmur, onun sosial mühitini izləmir. Hər iki vəziyyət uşağın daxili dünyasında narahatlıq yaradır və bu, çox vaxt aqressiv davranışa çevrilir.
Məktəb zorakılığının artmasının digər səbəblərindən biri də müasir dövrdə uşaqların emosional və psixoloji yükünün getdikcə çoxalmasıdır. Yeniyetməlik dövrü özü psixoloji baxımdan həssas mərhələdir. Bu dövrdə uşaq özünü sübut etmək, qrupda lider olmaq və digərlərindən seçilmək istəyir. Əgər o, bunu sağlam yollarla bacarmırsa, zorakılığa əl atmaqla “güc nümayiş etdirmək” yolunu seçir.
Məktəblərdə zorakılıq təkcə fiziki müstəvidə müşahidə edilmir, bu, həm də psixoloji istiqamətdə getdikcə geniş miqyas alır. Şagirdin sistemli şəkildə təhqir olunması, alçaldılması, lağa qoyulması və kollektivdən təcrid edilməsi müasir təhsil mühitində ən təhlükəli problemlərdən birinə çevrilir. Fiziki zorakılıq bəzən görünür və dərhal reaksiya doğurur. Amma psixoloji zorakılıq uzun müddət gizli şəkildə davam edir və uşağın, necə deyərlər, daxili dünyasını dağıdır.
Məsələnin ən ağır tərəfi ondan ibarətdir ki, uşaq təkcə məktəbdə deyil, sosial şəbəkələr vasitəsilə də təzyiqə məruz qalır. Şagirdlərin videosunun çəkilib paylaşılması, sosial mediada alçaldılması, ona qarşı sosial şəbəkə üzərindən hər hansı bir kampaniyanın aparılması artıq müasir dövrün yeni zorakılıq formasıdır. Bu isə uşağın psixologiyasını sarsıdır, depressiyaya, sosial təcridə, hətta ağır psixoloji travmalara gətirib çıxarır. Bəzi hallarda belə təzyiqlərə məruz qalan uşaq özünü müdafiə edə bilmədiyi üçün ya məktəbdən uzaqlaşır, ya da çıxış yolunu aqressiv reaksiyada tapır. Beləliklə, zorakılıq yeni zorakılığı doğurur və məktəb mühitində təhlükəli zəncir yaranır.
Müəllim nüfuzu və məktəbdə ictimai idarəetmə
Məktəb zorakılığına təsir edən əsas amillərdən biri də müəllim nüfuzunun azalmasıdır. Belə ki, əvvəllər müəllim yalnız dərs keçən şəxs deyil, həm də tərbiyəçi və məktəbin mənəvi dayağı hesab edilirdi. Lakin son illərdə müxtəlif səbəblərdən müəllimin cəmiyyətdəki nüfuzu zəifləyib. Bu isə təhsil müəssisəsində intizamın pozulmasına və şagirdlər arasında nəzarətin azalmasına gətirib çıxarıb.
Bəzi hallarda müəllim şagirdlərlə sərt davranmaqdan çəkinir, çünki valideyn məktəbə dərhal müdaxilə edir və müəllimi günahlandırır. Digər tərəfdən, müəllimin iş yükünün çox olması və sosial problemlərlə əhatələnməsi onun şagirdlərlə psixoloji münasibət qurmaq imkanlarını məhdudlaşdırır. Halbuki zorakılığın qarşısını almaq üçün müəllim həm də psixoloji yanaşma tətbiq etməyi bacarmalıdır.
Məktəb rəhbərliyinin idarəetmə sistemi də burada mühüm rol oynayır. Təhsil ocağında sağlam psixoloji mühit formalaşdırılmadıqda şagirdlər arasında konfliktlər artır. Bu zaman məktəb rəhbərliyi yalnız formal intizam tədbirləri ilə deyil, həm də önləyici mexanizmlərə üstünlük verməlidir.
Məktəbdə zorakılığın artmasında sosial-iqtisadi problemlərin də rolu böyükdür. Maddi çətinlik yaşayan ailələrin uşaqları özlərini sosial baxımdan sıxılmış hiss edr. Bəzən onlar bunu kompleks kimi yaşayır və həmin kompleks aqressiya formasında üzə çıxır. Digər tərəfdən, imkanlı ailələrdən gələn bəzi uşaqlar üstünlük hissi ilə davranırlar, bu da məktəbdə sosial gərginlik yaradır.
Cəmiyyətdə sosial təbəqələşmə dərinləşdikcə məktəb də bu prosesdən kənarda qalmır. Şagirdlər arasında “kimin telefonu bahadır”, “kimin geyimi markadır”, “kimin ailəsi daha imkanlıdır” kimi düşüncələr üstünlük təşkil etdikdə konfliktlər də artır. Bu isə təhsil müəssisəsinin sağlam sosial mühit funksiyasını zədələyir.
Məktəbdə zorakılığa qarşı tədbirlər cəza cəza mexanizmlərinə söykənməməlidir. Əlbəttə, intizam tədbirləri vacibdir, çünki cəmiyyət qaydalar üzərində qurulur. Amma təkcə cəza ilə problem həllini tapmır. Çünki bu üsul nəticəni aradan qaldırır, səbəbi yox. Əgər uşaq aqressivdirsə, onun davranışının arxasında hansı səbəblərin dayandığı araşdırılmalıdır. Uşağın ailə mühiti, psixoloji durumu, sosial çevrəsi öyrənilməli, onunla fərdi iş aparılmalıdır. Əks halda, cəza yalnız uşağı daha da aqressivləşdirə və problem daha təhlükəli formaya keçə bilər.
Məktəb, ailə və cəmiyyət üçbucağı
Bu məsələdə sosial, psixoloji və ailə amillərinin kompleks təsiri mövcuddur. Uşağın formalaşdığı ailə mühiti onun davranış modelinin əsasını təşkil edir. Ailədaxili münaqişələr, emosional laqeydlik və ya həddindən artıq təzyiq uşaqlarda daxili gərginlik yaradır. Bu gərginlik zamanla aqressiv davranışlara çevrilə bilir.
Təhsil eksperti İsmayıl İsmayılovun sözlərinə görə, bu məsələdə valideyn nəzarətinin zəifliyi narahatlıq doğuran amillərdən biridir. Yeniyetmələrin emosional ehtiyaclarının nəzərə alınmaması, onların fikirlərinin dinlənilməməsi psixoloji boşluq yaradır. Bu boşluğun isə çox zaman rəqəmsal mühitdə doldurulmasına çalışılır.
İ.İsmayılov fikrinə əlavə edərək bildirir ki, rəqəmsal texnologiyaların sürətli inkişafı yeni çağırışlar formalaşdırır. Sosial şəbəkələrdə və digər platformalarda yayılan zorakılıq səhnələri bəzi yeniyetmələr üçün davranış modeli rolunu oynayır. Xüsusilə psixoloji baxımdan həssas olan gənclərdə bu təsirlərə maraq daha güclü olur. Buna görə də onların sosial platformalarda gördüklərini real həyatda təkrarlama cəhdi aydın nəzərə çarpır.
Məktəblərdə psixoloji xidmətlərin yetərincə inkişaf etməməsi vəziyyəti daha da ağırlaşdırır. Psixoloq ştatlarının azlığı və ya formal fəaliyyəti risk qrupunda olan şagirdlərin vaxtında müəyyən edilməsinə çətinlik yaradır. Belə bir şəraitdə isə müasir təhsil sistemi təkcə bilik verməklə kifayətlənməməli, eyni zamanda, şagirdlərin emosional və sosial inkişafını gerçəkləşdirməlidir.
Müəllimlərin üzərinə düşən məsuliyyət də bu baxımdan xüsusi önəm daşıyır. Çünki müəllim bilik verməklə bərabər, həm də tərbiyəedici və yönləndirici funksiyanı yerinə yetirir. Lakin onların bu sahədə hazırlıq səviyyəsi və dəstək mexanizmləri heç də hər zaman kifayət etmir. Belə bir hal isə məktəbdaxili münasibətlərdə problemlərin yaranmasına gətirib çıxarır.
Uşaq hüquqlarının müdafiəsi üzrə ekspert Qumru Aslanova deyir ki, valideyn-məktəb əməkdaşlığının zəif olması problemlərin dərinləşməsinə daha çox təsir göstərir. Təhsil prosesində valideynlərin fəal iştirakı olmadan müsbət nəticələr əldə etmək çətindir. Amma valideynin məktəblə davamlı bağlılığı onun övladının akademik göstəricilərinin yaxşılaşması ilə bərabər, psixoloji vəziyyətini və sosial davranışlarını da tənzimləyir.
Problemin həlli üçün kompleks yanaşma tələb olunur. Bunun üçün, ilk növbədə, təhsil sistemində vahid strategiya formalaşdırılmalı, kurikulumlar sabit və məqsədyönlü şəkildə hazırlanmalıdır. Tədris və qiymətləndirmə sistemləri arasında koordinasiya gücləndirilməli, məktəblərin real funksiyası bərpa olunmalıdır. Eyni zamanda, psixoloji xidmətlər genişləndirilməli, tədris müəssiələrində peşəkar psixoloqların fəaliyyəti gücləndirilməlidir.
Q.Aslanova daha sonra qeyd edir ki, risk qrupuna daxil olan şagirdlərlə fərdi iş aparılmalı, neqativ halların, xəstəliklərin və ya cinayətlərin əvvəlcədən qarşısını alan qabaqlayıcı tədbirlər həyata keçirilməlidir. Rəqəmsal savadlılıq da mühüm istiqamətlərdən biri olduğu üçün yeniyetmələrə bu sahənin mənfi tərəfləri ətraflı izah edilməli, valideynlər bu prosesdə fəal iştirak etməlidirlər. Sosial şəbəkələrin təsirinin azaldılması üçün maarifləndirmə tədbirləri gerçəkləşdirilməlidir.
Beləliklə, Azərbaycan təhsil sistemi hazırda həm struktur, həm də məzmun baxımından ciddi transformasiya mərhələsindən keçir. Mövcud problemlər sistemli yanaşma ilə həll olunmadığı səbəbindən, bu sahədə gözlənilən yüksək keyfiyyət dəyişiklikləri baş vermir. Təhsil təkcə bilik ötürən mexanizm deyil, eyni zamanda, cəmiyyətin gələcəyini formalaşdıran strateji sahədir. Bu baxımdan, atılacaq hər bir addım uzunmüddətli perspektiv nəzərə alınaraq planlaşdırılmalı və həyata keçirilməlidir.
Günel SƏFƏROVA,
uşaq hüquqları eksperti
Artıq qlobal xarakter daşıyan zorakılıq hallarının ölkəmizin təhsil müəssisələrində də getdikcə genişlənməsi ciddi narahatlıq doğurur. İnternet resurslarının çoxşaxəli olması və uşaqların bu mühitdə fəal istifadəçi kimi iştirak etməsi onların müxtəlif təsirlərə məruz qalmasına gətirib çıxarır. Bununla yanaşı, zorakılıq hallarına təsir edən əsas amillər sırasında ailə tərbiyəsi, sosial mühit və uşağın emosional-intellektual inkişaf səviyyəsi kimi amillər xüsusi yer tutur.
Artıq zorakılıq özünü təkcə fiziki müstəvidə göstərmir. Psixoloji təzyiq, sosial təcrid və xüsusilə sosial şəbəkələr üzərindən həyata keçirilən kiberzorakılıq halları daha geniş yayılıb. Müşahidələr göstərir ki, uşaqlar arasında yaranan bir çox konfliktlər məhz onlayn şəraitdə başlayır və sonradan real mühitə keçir.
Zorakılıq hallarının qarşısının alınması istiqamətində həm inzibati, həm də məzmun əsaslı tədbirlər reallaşdırılır. Məktəblərdə psixoloqlar, uşaq müdafiəsi istiqamətində fəaliyyət göstərən mütəxəssislər, sosial pedaqoqlar və digər aidiyyəti şəxslər bu sahədə fəal rol oynayırlar. Eyni zamanda, tədris və tərbiyə prosesində humanist dəyərlərin təşviqinə də xüsusi diqqət yetirilir.
Mövcud çətinliklər kompleks və çoxşaxəli problem kimi diqqət çəkir. Lakin prioritetləşdirmə aparsaq, əsas səbəblər sırasında, ilk növbədə, ailə mühiti dayanır. Uşaq ilk davranış modelini məhz ailədə formalaşdırır. Burada aqressiya, zorakılıq, laqeyd münasibət və ya emosional soyuqluq müşahidə olunarsa, bu, birbaşa uşağın davranışına sirayət edir. Ailədaxili münasibətlərdə zorakılıq hallarının olması və ya zorakılığa müəyyən hallarda haqq qazandırılması uşağın psixoloji inkişafına mənfi təsir göstərir. Belə mühitdə böyüyən uşaq zorakılığı problemi həlletmə vasitəsi kimi qəbul edə bilir.
Xüsusilə yaşa uyğun olmayan sosial şəbəkələrdəki məzmunlara çıxış, zorakı səhnələrin izlənilməsi və aqressiv oyunların təsiri uşaqlarda davranış modellərinə mənfi təsir göstərir. Bu təsir birbaşa deyil, dolayı şəkildə, yəni təqlid, normallaşdırma və emosional həssaslığın azalması formasında özünü göstərir. Burada əsas məsələ qadağalar tətbiq etmək deyil. Tam qadağa əks-effekt verir və uşağın marağını daha da artırır. Əsas yanaşma düzgün yönləndirmə, rəqəmsal savadlılıq və valideyn nəzarətinin təmin edilməsidir.
Valideyn uşaqların istifadə etdiyi platformalarla tanış olmalı, onların hansı məzmunlarla qarşılaşdığını bilməli və açıq ünsiyyət qurmalıdır. Eyni zamanda, uşaqlara rəqəmsal təhlükəsizlik qaydalarını izah etməli, bu istiqamətdə düşünmə bacarıqlarını inkişaf etdirməlidir. Məktəbdə də bu yöndə maarifləndirici tədbirlərin gücləndirilməsi zəruridir. Uşaqlara onlayn davranış etikası, kiberzorakılıq riskləri və təhlükəsiz internet istifadəsi ilə bağlı biliklər sistemli şəkildə aşılanmalıdır.
Vaqif BAYRAMOV
XQ


