Rusiyadan ədalətli yanaşma gözləntimiz

post-img

AZAL-ın təyyarəsinin vurulmasına görə məsuliyyət olmalıdır!

Prezident İlham Əliyev iyulun 19-da Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü zamanı Azərbaycan-Rusiya münasibətlərinin hazırkı gərginlik fazası barədə söz açıb. Əslində, hər şey aydındır. Münasibətlərdəki xoşagəlməz durumun böyük səbəb payı var. Söhbət ötən il dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya səmasında vurulmasından gedir.

Bəli, Azərbaycanın təyyarə olayı ilə bağlı mövqeyi, kifayət qədər, sadədir. Rusiya isə vəziyyəti mürəkkəbləşdirməkdə israrlı görünür. Ölkənin ictimai sektoru və mediası məhz buna girişib. Yada salaq ki, bir vaxtlar təyyarəmizi “quşlarla toqquşduranlar” tapıldı. Onlar cəfəngiyyatlarının keçərsizliyini görəndə hədə-qorxulara baş vurdular. Elə bu məqamın özü hər şeyi deyir. Məlum olur ki, bəhanələrini “həzm etməməyimiz” Rusiyanın hakim dairələrini əsəbləşdirib və qəzəblərini buyruq qullarının vasitəsilə çatdırırlar.

Yeri gəlmişkən, eyni tendensiya nisbətən fərqli formada yenə müşahidə olunur. Rusiyanın ermənipərəst dairələri iddia edirlər ki, guya Azərbaycan təyyarə olayına özünün xarici siyasət kursunu dəyişmək üçün bəhanə qismində yanaşır. Hələ başqa konsprioloji baxış irəli sürənlər də var. Halbuki, problemin çox sadə həll yolu var. Bunu görməmək mümkünsüzdür.

Deməli, Rusiya özü Azərbaycanla münasibətlərin gərginləşməsində maraqlıdır. Niyə? Ola bilərmi ki, bu, Prezident İlham Əliyevin dili ilə desək “Avropa İttifaqının Azərbaycanı etibarlı və ümum-Avropa qaz təchizatçısı adlandırması” ilə bağlıdır? Bəlkə Rusiyada kimlərsə hesab edirdilər ki, Avropa rus qazından imtina edibsə, Azərbaycan da “köhnə qitə”yə mavi yanacaq axınını dayandırmalıdır?

O da tam mümkündür ki, Rusiya qaz ixracatında özünü Azərbaycana rəqib gördüyü üçün aqressiv davranır. Nəzərə alaq ki, bu davranışın təyyarə olayından başqa da təzahürü var və bu barədə söz açacağıq. Hələlik isə dövlətimizin başçısının dilə gətirdiyi fikirlər üzərində dayanaq: “Biz heç bir halda Rusiya ilə rəqabət aparmağa çalışmamışıq. Hətta o dövrdə ki, Rusiya Avropaya 150 milyard kubmetr qaz nəql edirdi. Biz heç vaxt deməmişik ki, buna alternativ ola bilərik. Biz sırf kommersiya prinsipləri əsasında fəaliyyət göstəririk. Bizim enerji siyasətimiz biznes məqsədli olub. Biz bunu heç vaxt siyasiləşdirməmişik, heç bir zaman qazın həcmini azaltmamışıq. Hətta o ölkələrə ki, onlar heç vaxt bizimlə razılaşmayıblar. Bu, sırf kommersiya prinsiplərinə əsaslanaraq öhdəliklərimizi rədd etdiyimiz mənasına gəlmir və heç bir ölkəyə qaz nəqlində indiyə qədər fasiləyə yol verməmişik. Budur, bizim məsələmiz belədir. Əlavə 8 milyard kubmetr üçün bazarlar müəyyən edilir. Biz Avropa İttifaqının üzvü olan bir neçə ölkədən təkliflər almışıq. O ölkələr ki, bəziləri artıq bizim qazımızı alır, digərləri isə hələ də Azərbaycan qazını almır. Biz bu təklifləri dəyərləndiririk. Bazara çıxış baxımından da biz bu məsələləri kommersiya prinsipləri əsasında dəyərləndiririk”.

Göründüyü kimi, Azərbaycan dövlətinin yanaşması, kifayət qədər, sağlamdır, ölkəmizin müstəqil xarici siyasət xəttinə əsaslanır və hər zaman belə olub. Kremldə nəzərə almalıdırlar ki, rəsmi Bakı heç vaxt dünyanın anti-Rusiya köklənişində yer almayıb. Yəni, Moskva ilə münasibətlərin gündəmini kənar təsirlərə qurban verməyib. Halbuki, mövcud istiqamətdə xaricdən dəfələrlə cəhdlər edilib. Qərbin bəzi dairələri cəhdlərinin faydasızlığını görəndə, Rusiya əleyhinə tezislərini Azərbaycana ünvanlayıb, ölkəmizlə bağlı antipatiya formalaşdırmağa çalışıblar.

Sözümüz ondadır ki, Azərbaycan üçün Rusiya ilə münasibətlərin sabit məcrasını qorumaq heç də asan başa gəlməyib. Qarşı tərəf isə elə davranır ki, sanki belə olmalı imiş. Bu, klassik imperialist baxışdır, özünü yüksəkdə tutmaqdır. Əslində, təyyarə olayına normal münasibətin ortaya qoyulmaması da həmin baxışdan, “burda mənəm, Bağdadda kor xəlifə” deyimindəki təkəbbürdən qaynaqlanır.

Rusiya düşüncə tərzindəki təkəbbürə görədir ki, təyyarəmizin vurulmasına görə məsuliyyət ikinci plana atılır. Bu səbəbdən Prezident İlham Əliyev vurğulayır: “Təəssüflər olsun ki, biz Rusiya rəsmilərindən heç bir cavab almamışıq. Artıq bu hadisədən yeddi ay keçibdir. Bizim üçün hər şey aydındır, biz bilirik nə baş verib. Biz bunu sübut edirik və bilirik ki, Rusiya rəsmiləri də bundan xəbərdardır. Onlar da gözəl bilirlər nə baş verib. Ona görə də istənilən qonşu bunu etməli idi. Bizim tələbimiz təbii tələb idi. Qoy, öz günahlarını etiraf etsinlər. Bizim təyyarəni vuranlar cəzalandırılsın və ailələrə təzminat ödənilsin, qurbanların və yaralıların ailələrinə, AZAL-ın təyyarəsinə görə də təzminat ödənilməlidir. Əlbəttə, mən bu haqda daha təfərrüatlı danışa bilərəm. İstəyirsinizmi mən bu haqda daha çox danışım, daha təfərrüata varım?”

Prezident İlham Əliyev təfərrüatları da açıqlayıb və bildirib ki, AZAL-ın pilotları cəsarət və peşəkarlıq göstərərək təyyarəni qəza enişinə yönləndirdilər və nəticədə sərnişinlərin hamısının həyatının itirmələrinin qarşısı alındı. Habelə, təyyarəmizə qarşı iki hücumun baş verdiyini açıqlayan dövlətimizin başçısı bu danılmaz reallığın fonunda Rusiya tərəfinin gətirdiyi arqumentlərin, o cümlədən Ukrayna dronu versiyasının “uşaq bağçası səviyyəsində hekayə” olduğunu vurğuladı. Prezident Əliyevin Rusiya hava məkanının təyyarəmiz vurulduqdan bir neçə dəqiqə sonra bağlandığını, “xalça əməliyyatı”nın vaxtından gec elan edildiyini deməsi də adi məsələ sayılmamalıdır. Ölkəmizin liderinin heç bir fikri elə-belədən işlətmədiyi məlumdur. Bütün bunlar, istər-istəməz, düşünməyə vadar edir və belə rəy formalaşır ki, hava gəmimiz qəsdən vurulub. Daha bir sual da meydana çıxır ki, sərnişin təyyarəsinə atəş açmaq kimə və nə üçün lazım idi? Bəlkə hədəf heç o deyildi?

Bəli, hazırda Rusiya-Azərbaycan münasibətlərindəki gərginliyin parametrləri, xüsusən Rusiyanın müxtəlif bölgələrində yaşayan azərbaycanlılara qarşı başlanmış kampaniya, onlara qarşı təzyiqlər, vətəndaşlıqdan məhrumetmə halları onu göstərir ki, təyyarə olayında hədəf və məqsəd başqa olub. Məsələn, Azərbaycanı tutduğu yoldan, müstəqil xarici siyasət kursundan döndərmək. Yəqin ona görədir ki, yeddi aydır cavab ala bilmir, təyyarəmizin vurulmasına zəruri hüquqi qiyməti görmürük. “Bizim Baş prokurorumuz müntəzəm olaraq Rusiyanın Təhqiqat Komissiyasına məktub ünvanlayır və cavab o olur ki, təhqiqat davam edir. Biz gözləyirik ki, görək bu təhqiqat nə zaman bitir. Ancaq mən hesab edirəm ki, bu, məsuliyyətsiz davranmaqdır”, - deyən Prezident İlham Əliyev ölkəmizin Rusiya tərəfinin təyyarə olayına, yumşaq desək, düzgün yanaşmamasına dözməyəcəyini də vurğulayıb.

Onu da bildirək ki, dövlətimizin başçısının III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü zamanı təyyarəmizin vurulmasına dair bildirdikləri qəti fikirlər Rusiyaya mesaj olmalıdır. Rusiya dairələri dərk etməlidirlər ki, Azərbaycan özünə qarşı heç bir yolverilməz davranışı unutmayacaq və ədalətin bərpasına nail olacaq: “Bu o demək deyil ki, biz bunu unudacağıq. Xeyr, biz bunu unuda bilmərik. Biz artıq Rusiya tərəfini məlumatlandırmışıq ki, beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik. Biz müəyyən bir qovluq hazırlayırıq. Bilirik ki, buna vaxt lazımdır. On il lazım oldu ki, Malayziya hava yollarına məxsus “Boeing”lə bağlı təhqiqat başa çatsın. Ancaq biz bu ədalətə nail olacağıq. Biz bunu əldə edəcəyik”.

Sonda onu da deyək ki, Prezident İlham Əliyev təyyarə olayı ilə bağlı hazırkı durumun Bakı-Moskva ikitərəfli münasibətləri baxımından heç də məqbul olmadığını vurğulayıb və təəssüfünü ifadə edib. Həqiqətən, vəziyyətin indiki şəkil alması məyusluq doğurur. Hər şeydən əvvəl ona görə ki, Azərbaycan və Rusiya qonşu ölkələrdir, bir-birilərinə tarixi tellərlə bağlıdırlar.

Ölkəmiz bunu unutmur və mehriban qonşuluq əlaqələrinin rəvan müstəvidə davamında maraqlıdır. Amma hazırda bu barədə düşünmək növbəsi Rusiyanındır. Rusiya özünün ənənəvi demarş kursundan geri çəkilməli, bərbərtərəfli münasibətlər gündəliyinə hörmətlə yanaşmalıdır. Moskvada anlamalıdırlar ki, Azərbaycan heç bir halda Kremlin yarıtmaz xarici siyasətinin, Cənubi Qafqaz müstəvisindəki uğursuzluqlarının nə baiskarı, nə də günahkarıdır.

Ə.RÜSTƏMOV
XQ

Siyasət