Fransa səfiri Şuşada açıqlama verir…

post-img

Azərbaycanın bölgədə yaratdığı reallığı, Qarabağda apardığı bərpa-quruculuğu qəbul etməmək mümkün deyil

İşğal dövründə ərazilərimiz böyük maddi və mədəni itkilərə məruz qalıb. Yüzlərlə mədəniyyət, təhsil, tibb müəssisəsi, ticarət obyektləri, rabitə və bir çox sənaye müəssisəsi məhv edilib. Bu vandalizm təkcə maddi deyil, mənəvi yaddaşa edilən hücum idi. Lakin xalqın yaddaşı itmir, mədəniyyətin ruhu ölmür. O ruh bu gün yeni məktəblərdə, bərpa olunan abidələrdə, salınan yollarda və doğma yurda dönən insanların qəlbində yaşayır.

İndi Qarabağda, Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri ölkəmizə gələn xarici qonaqların, mütəxəssislərin, eləcə də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin diqqət mərkəzindədir. Onların bölgəyə səfərləri zamanı gördükləri reallıqlar və etirafları şahidi olduqları reallıqdan və aparılan işlərin miqyasından xəbər verir.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bələdçiliyi ilə baş tutan növbəti səfərin birinci günü diplomatlar Laçında “Hoçazfilm” yaradıcılıq studiyasına, “Yurd” qalereyasına baş çəkiblər.

Dünən Şuşa şəhərinə gedən nümayəndə heyətinin üzvləri, həmçinin Ermənistanın şəhərin işğalı dövründə törətdiyi cinayətlərin və vandalizm aktlarının nəticələri ilə tanış olublar. Onlara Azərbaycanın mədəni və tarixi abidələrinin məhv edilməsi ilə bağlı faktlar nümayiş etdirilib. Bildirilib ki, şəhər işğaldan azad olduqdan sonra geniş bərpa-quruculuq işlərinə başlanıb. İnfrastruktur layihələri çərçivəsində tarixi binalar bərpa olunur, yeni iaşə obyektləri inşa edilir, şəhər müasir şəhərsalma normalarına uyğun şəkildə formalaşdırılır. Bu, həm turistlər üçün cəlbedici mühitin yaradılması, həm də yerli əhalinin rahat yaşaması üçün mühüm əhəmiyyət kəsb edir.

Bəli, bu gün Şuşa yalnız daşlarla, binalarla deyil, insanlarla da dirçəlir. Artıq şuşalılar öz doğma yurdlarına qayıdır, yeni evlərdə yaşayır, şəhərdə açılan müəssisələrdə çalışırlar. Bir vaxtlar viran qoyulmuş bu torpaq bu gün yenidən Azərbaycan xalqını qucaqlayır. Prezident İlham Əliyevin “Şuşa bizi gözləyirdi. Biz gəldik – qalib xalq kimi!” sözləri bu prosesin mənəvi mahiyyətini ifadə edir. Bu qayıdış sadəcə fiziki bir qayıdış deyil, həm də milli qürurun, azadlıq duyğusunun, haqqın təntənəsinin ifadəsidir. Diplomatlar da bu qaydışın uğurlu nəticələrini öz gözləri ilə gördülər. Onların Şuşa ziyarəti zamanı yadda qalan maraqlı məqamlardan biri Azərbaycanın görkəmli opera müğənnisi, musiqişünas və folklorşünas Bülbülün ev-muzeyinə baş çəkmələri oldu. Bülbülün həyat və yaradıcılığı barədə məlumat verilən xarici diplomatlar erməni işğalından azad edildikdən sonra bərpa edilmiş muzeyi öz gözləri ilə görmək imkanı qazandılar.

QEYD: Bülbülün ev-muzeyində təmir-bərpa işləri 2021-ci il avqustun 29-da başa çatdırılıb. Bərpa zamanı bütün yükdaşıyıcı divarların bünövrəsi möhkəmləndirilib, çat olan hissələrdə yenidənqurma işləri aparılıb, binanın tarixi görkəmini qorumaq şərti ilə yenilənib.

***

“Bu, mənim Şuşaya ilk səfərimdir və bu şəhəri kəşf etmək imkanı qazandığım üçün çox şadam. Əvvəllər də dediyim kimi, bu şəhərin Azərbaycan xalqının qəlbində əziz bir yeri var, çünki o, Azərbaycan mədəniyyətində çox mühüm rol oynayır”. Bu sözləri yerli mediaya açıqlamasında Fransanın Azərbaycandakı səfiri Ann Buayon deyib.

“Şuşa Azərbaycan mədəniyyətini başa düşmək, anlamağa imkan verən bir şəhərdir. Həqiqətən də burada olmaqdan böyük sevinc hissi keçirirəm. Bilirəm ki, Şuşa Azərbaycan üçün mədəniyyət və incəsənətin rəmzidir. Bundan əlavə, Şuşa dünyaya bir çox məşhur insanlar bəxş edib. Tikinti işlərindən və bu mühüm sənət ocaqlarının, Azərbaycan mədəniyyətinin simvollarının yenidən canlandırılaraq ziyarətçilərin üzünə açılmasından çox təsirləndim. Bəli, insanlara Şuşaya səfər etməyi tövsiyə edirəm. Düşünürəm ki, bu, Azərbaycanı daha yaxından tanımaq üçün yaxşı bir fürsətdir”, – deyən A.Buayon, həmçinin vurğulayıb ki, Azərbaycanın Qarabağ regionunda aparılan tikinti-bərpa işlərinin miqyasına heyran qalıb.

Bu məqamda bir il bundan əvvələ qayıtmağa ehtiyac var. O zaman Fransanın Ermənistandakı səfiri Olivye Dekotini “Azadlıq radiosu”na müsahibəsində ölkəsinin Azərbaycandakı səfirinin digər səfirlərlə birgə Şuşaya getməsini istisna hal hesab etmişdi. O, “Fransanın Azərbaycandakı səfiri, Azərbaycan mətbuatının yazdığı kimi, Bakıya qayıdıb, yoxsa Parisdədir?” – sualına diplomatik ritorika naminə kifayət qədər şəffaf cavab verərək bildirmişdi ki, bir şeyi dəqiq deyə bilər: “Fransa səfiri Şuşada deyil”.

ABŞ-ın Azərbaycandakı səfirinin Qarabağa səfərinə qoyduğu “maratoriumu” pozaraq keçən yay Şuşaya həyat yoldaşı ilə birgə baş çəkməsini unutmamışıq. Əslində, səfir Mark Libbinin “Şuşaya səfər etməklə hansısa şounun bir hissəsi olmaq istəmədiyi, zamanı gələndə Qarabağa gedəcəyi” ilə bağlı bəyanatından cəmi iki gün sonra Şuşa ziyarəti Vaşinqtondan verilən təlimatın icrası olduğu gün kimi aydın idi. Amma haypərəst Paris bunu etməyə tələsmirdi.

Bəli, 44 günlük müharibədən sonra özünün “tarixi xidmətini” başa vurmuş ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən birinin – Fransanın Azərbaycandakı səfiri uzun müddət Şuşaya ayaq basmadı. Amma Rusiya və ABŞ-ın ardınca rəsmi Parisin də analoji addım atacağı gözlənilən idi.

***

Dünən günün ikinci yarısında Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar və hərbi attaşelərdən ibarət heyət Ağdama gəlib. Qonaqlar Ermənistanın işğal illəri ərzində törətdiyi dağıntıları, “Qafqazın Xirosiması” adlandırılan Ağdamda hay vandalizminin izlərini görə biliblər.

Sonda onu da qeyd edək ki, azad edilmiş ərazilərdə aparılan bütün layihələr – istər hava limanları, istər kəndlərin salınması, istərsə də sənaye infrastrukturları Azərbaycan xalqının gələcəyinə qoyulan sərmayədir. Bu sərmayə təkcə maddi deyil, həm də mənəvi dəyərlərin bərpasına, milli kimliyin qorunmasına yönəlib. Bu gün Qarabağda, Şərqi Zəngəzurda nəinki erməni vandalizminin izləri silinir, eyni zamanda, gələcəyin istiqaməti müəyyən edilir. Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar bölgəyə səfərlərində bu gerçəkliyin canlı şahidləri olurlar.

Pünhan ƏFƏNDİYEV
XQ



Siyasət