Ermənistanın həqiqətdən uzaq, utopik çağırışları

post-img

Cənubi Qafqaz tarix boyu imperiya və xalqların taleyinə təsir edən kəsişmə nöqtəsi olub. Bu strateji coğrafiya müasir dövrdə də geosiyasi baxımdan önəm daşıyır, regional və beynəlxalq güclərin maraq dairəsindədir. Bu baxımdan, Azərbaycan və Ermənistanın regionda rolu, onların xarici siyasət kursları həm regional sabitliyin, həm də beynəlxalq təhlükəsizliyin formalaşmasında həlledici amillərdir.

Son dövrlər Ermənistanın xarici siyasətində müşahidə olunan aktivləşmə, xüsusilə Fransa və Hindistanla strateji əlaqələrin güclənməsi, ölkənin beynəlxalq arenada mövqeyini möhkəmləndirməyə və regional tranzit mərkəzi kimi çıxış etməyə çalışması diqqət çəkir. Bu kontekstdə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın beynəlxalq “Raisina Mediterranean” forumundakı çıxışı Hayastanın ambisiyalarını açıq şəkildə ortaya qoyur. Ermənistan “Dünyanın kəsişməsi” layihəsi ilə Cənubi Qafqazda iqtisadi və nəqliyyat infrastrukturunu inkişaf etdirərək, Hindistanla Avropa arasında yeni kommunikasiya kanalları yaratmaq istəyir. Bu təşəbbüs yalnız iqtisadi layihə kimi deyil, həm də Ermənistanın regional siyasi təsirinin artırılması və təhlükəsizlik zəncirinin bir halqası kimi qiymətləndirilir. Nazir konfransda deyib: “Fransa ilə Hindistan arasında əlaqə yaratmaq istəyirsinizsə, bu yollardan biri dənizdir. Təəssüf ki, bu, heç də həmişə sürətli olmur və son zamanlar həm də təhlükəsiz deyil. Bundan əlavə, quru yolları da var. Burada Ermənistan mühüm mövqe tutur. Ermənistan Avropa ilə Hindistan arasında – Cənubi Qafqazda yerləşir. Ortaq əlaqələrin qurulması üçün, bu, çox əhəmiyyətlidir. İrəvan kommunikasiya proqramlarını təşviq edir və infrastruktura “böyük məbləğdə” sərmayə qoyur”.

Çıxışında A.Mirzoyan qeyd edib ki, Ermənistan həm Fransa, həm də Hindistanla strateji tərəfdaşlıq əlaqələrini inkişaf etdirir: “Biz bundan çox şadıq”. Nazir Hayastanın qonşularla münasibətlərini yaxşılaşdırmaq və sərhədləri açmaq istəyini də önə çəkib. O, xüsusilə İran və Gürcüstanla münasibətlərin yaxşı, Türkiyə və Azərbaycanla isə dialoqa açıq olduqlarını bildirib. XİN başçısı Ermənistan hökumətinin təşəbbüsü ilə həyata keçirilən “Dünyanın kəsişməsi” layihəsini xatırladıb: “Biz Ermənistan ətrafında sülh və əmin-amanlıq mühiti yaratmağa çalışırıq ki, təkcə Ermənistan, Azərbaycan, Türkiyə, Gürcüstan və İran deyil, həm də daha geniş region bundan faydalana bilsin”.

Bu açıqlamalar ilk baxışdan Ermənistanın beynəlxalq əlaqələrdə daha aktiv və balanslı mövqe tutmaq, həmçinin qonşularla dialoqu inkişaf etdirmək istəyini göstərir. Amma beynəlxalq diplomatiya səhnəsində atılan bu addımların fonunda regionda hərbi gərginliyin yüksəlməsi və İrəvanın silahlanmanı sürətləndirməsi ciddi narahatlıq doğurur.

Ermənistanın xarici tərəfdaşlarından aldığı silah-sursat, hərbi texnika və sərmayələr bölgədə sülh prosesinə zərbə vurur, revanşist əhval-ruhiyyəni artırır. Bu isə yalnız Azərbaycan və Türkiyədə deyil, bütövlükdə regionda təhlükəsizlik mühitinin pisləşməsinə səbəb olur. Silahlanma və hərbi eskalasiya dialoq və qarşılıqlı etimad mühitinə zərbə vura bilər.

***

Mövzu ilə bağlı XQ-yə açıqlama verən politoloq Aydın Quliyev Ermənistanın revanşist dairələrində itirilmiş torpaqların hərbi yolla geri alınması barədə ümidlərin canlı qalması, gənc nəslin siyasi təsir altına düşməsi, yeni münaqişə risklərini gündəmə gətirir: “Bu, həm Ermənistan cəmiyyətində, həm də regionda dərin narahatlıq yaradır. İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda müşahidə edilən bəzi hərbi və sosial problemlərə baxmayaraq, revanşist ritorikanın artması və silahlanmanın davam etməsi, bölgədə yeni hərbi qarşıdurma ssenarilərini gündəmə gətirir. Azərbaycan isə sülhə açıq olduğunu və danışıqlara hazır olduğunu dəfələrlə bəyan edib. Prezident İlham Əliyevin müharibədən uzaq, dialoq və əməkdaşlıq mövqeyi Azərbaycanın beynəlxalq ictimaiyyətlə, qonşu dövlətlərlə, o cümlədən Ermənistanla münasibətlərində prioritet olaraq qalır. Lakin bu sülh niyyəti, Ermənistanın hərbi gücünü artırmaq istiqamətində atdığı addımlar və revanşist ritorikanın yüksəlməsi ilə çətin vəziyyətə düşür. Azərbaycanın öz milli təhlükəsizliyini təmin etmək üçün hərbi hazırlıqlarını gücləndirməsi, regionda yeni geosiyasi reallığın ortaya çıxdığını göstərir”.

A.Quliyev hesab edir ki, Ermənistanın xarici güclərlə – xüsusilə, Fransa və Hindistanla silah ticarəti və hərbi əməkdaşlıq səyləri regionda balansın pozulmasına səbəb olur: “Bu ölkələrin Ermənistanın hərbi gücünü artırmaqda maraqlı olmaları, yalnız regional deyil, qlobal geosiyasi maraqların da ifadəsidir. Fransa kimi Avropa İttifaqının aparıcı üzvünün Ermənistanı silahlandırması, Avropa siyasətində gərginliyi artırır və bəzən regionda mövcud sülh proseslərinə zərər verir. Bu proseslərin fonunda, sülhə aparan yolun qarşısında duran əsas maneələrdən biri də Ermənistanın öz daxilində revanşist ideologiyanın dərin kök atmasıdır. Bu ideologiya yalnız siyasi elitada deyil, geniş ictimaiyyətdə də hələ qüvvədədir və ölkənin gələcək siyasətinə ciddi təsir göstərir.

İtirilmiş ərazilərin hərbi yolla geri alınması arzusu, diplomatik sülh prosesinin real imkanlarını kölgədə qoyur və regionda dayanıqlı sabitliyin yaranmasına mane olur. Dayanıqlı sülhə nail olmaq üçün yalnız silahlanmanı azaltmaq yetərli deyil. Qarşılıqlı etimadın bərpası, siyasi iradənin möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın inkişafı və insan hüquqlarının qorunması kimi daha geniş və çoxşaxəli tədbirlər həyata keçirilməlidir. Region ölkələri arasında dialoqun davamlı olması, beynəlxalq vasitəçilərin fəal iştirakı və xarici güclərin regionun daxili işlərinə müdaxilədən çəkinməsi sülhün təməlini təşkil edir”.

Ermənistanın Fransa ilə Hindistan arasında nəqliyyat bağlılığı qurmaq istəyinə toxunan politoloq bunun daha çox siyasi bəyanat və ya gələcəyə yönəlik plan kimi səsləndiyini, amma praktikada həyata keçirməsini çətin layihə adlandırdı: “Çünki Ermənistanın mövcud nəqliyyat infrastrukturu çox ciddi problemlərlə üzləşir və bir çox hissələri artıq istifadəyə yararsız hala gəlib. Həmçinin, bəzi ərazilərdən keçən dəmir yolu xətləri təmir edilə bilmədiyi üçün, onların bərpa edilməsi və yenidən istifadəyə verilməsi çox ciddi maddi resurs tələb edir. Ermənistanın bu növ əlaqələr qurması üçün ən azı iqtisadi şəraitin möhkəmlənməsi və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq lazım olardı, amma indiki vəziyyətdə bunu həyata keçirmək üçün ciddi maddi maneələr mövcuddur”.

Nəticə etibarilə, Ermənistanın xarici siyasətdə fəallaşması, regional inteqrasiya istiqamətində təşəbbüsləri, potensial olaraq, müsbət dəyişikliklərə zəmin yarada bilər. Fəqət, bu proses yalnız revanşist siyasətdən uzaqlaşıb, dialoq və əməkdaşlıq ruhu ilə hərəkət edildikdə real ola bilər. Regionda davamlı sülh və sabitliyin təmin olunması üçün bütün tərəflərin məsuliyyətli və konstruktiv davranışı zəruridir.

Pünhan ƏFƏNDİYEV
XQ



Siyasət