Hər bir əlamətdar gün, bayram hesabat xarakteri daşımaqla yanaşı, həmin tarixin ölkənin, xalqın taleyində hansı rola malik olduğunu təhlil etmək, indiki və gələcək nəsillərə çatdırmaq üçün geniş imkanlar yaradır. Məsələyə bu kontekstdən yanaşdıqda əminliklə söyləmək olar ki, Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazılan 15 İyun 1993-cü ilin ölkəmizin bu günü və gələcəyi üçün əhəmiyyəti misilsizdir. “Konstitusiya və Suverenlik İli”ndə 15 İyun –
Milli Qurtuluş Gününü tamamilə fərqli bir ovqatda, sonsuz qürur və iftixar hissi ilə qeyd edirik. Bu baxımdan ki, hazırda Azərbaycan dövləti xalqımızın milli maraqlarını rəhbər tutaraq, yaratdığı yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, qüdrətli Azərbaycan dövləti Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.
Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasıdır ki, 2025-ci il bu ali sənədin qəbul edilməsinin 30 və Vətən müharibəsində Qələbəmizin 5 ilinin tamam olması ilə tarixə yazılır. Hər iki əlamətdar hadisə 15 iyun 1993-cü ildən başlanan yolun təqdimatlarıdır.
Gerçək müstəqilliyimizin başlanğıc günü
Bu gün böyük sevinclə, sonsuz qürur hissi ilə müstəqilliyimizin başlanğıc tarixi olan 15 İyun – Milli Qurtuluş Gününün 32 illiyini qeyd edirik. Zamanın hökmü ilə ötən əsrin 90-cı illərinin əvvəlində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşdı. AXC-Müsavat cütlüyü bir illik iqtidarı dövründə yalnız hakimiyyətini saxlamağı düşünərək ölkəmizə faciə gətirmiş, günahsız insanların həlak olmasına səbəb olmuşdu. Dövlət əmlakının talan edilməsi xalqı acınacaqlı duruma salmışdı. Dövlət idarəetməsində heç bir təcrübəsi olmayan şəxslərin vəzifəyə gətirilməsi suverenliyimizə təhdid yaratmışdı. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu Azərbaycan dövlətinin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Heç də təsadüfi deyil ki, Ümummilli liderin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına qazandığı müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələ kimi qiymətləndirilir.
Xilaskarlıq missiyası
Dahi rəhbər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən, ilk növbədə, onun xilaskarlıq missiyası göz önünə gəlir. Məhz bu səbəbdən 1993-cü il 15 iyun tarixi Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ulu öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi.
XX əsrin sonu həqiqətən də Azərbaycan dövlətinin, xalqının həyatında taleyüklü bir dövr idi. Tarixin bu mərhələsində baş verən hadisələr Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışını şərtləndirdi. Həm o dövrün çətinliklərini, həm vətəndaş qarşıdurmasını, həm də bütün dövrlərdə ölkəmizə diqqət və marağın artmasına səbəb olan coğrafi mövqeyimizi nəzərə alsaq, belə bir çıxılmaz vəziyyət düşən ölkənin lideri olmağın nə qədər böyük məsuliyyət, ən əsası siyasi bacarıq və təcrübə tələb etdiyini təsəvvür etmək çətin deyildi. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində çox nadir hallarda rast gəlinən unikal hadisədir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Onun dövlətinə, xalqına bağlılığı ilə yanaşı, Azərbaycanı daim zirvələrdə görmək istəyi atdığı hər bir addımda özünü aydın şəkildə nümayiş etdirirdi. Əsas amal, məqsəd Azərbaycanın dünyaya Günəş kimi doğması idi ki, Ümummilli liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində bu arzu, bu istək qısa zamanda reallığa çevrildi. Azərbaycanın qısa zamanda sabitlik diyarı kimi nüfuz qazanması malik olduğu təbii resurslardan səmərəli istifadəsinə geniş imkanlar yaratdı. Halbuki 1991-1993-cü illərdə iqtisadi əlaqələrin qurulmasından, ölkə iqtisadiyyatına sərmayələrin yatırılmasından danışmaq mümkünsüz idi. Çünki ölkədə ictimai-siyasi vəziyyət olduqca ağır idi. İqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlər hər zaman ilk olaraq ölkədə sabitliyə, demokratik inkişafa diqqət yetirirlər. Ulu öndər Heydər Əliyevi digər dövlət xadimlərindən və siyasi liderlərdən fərqləndirən onun dərin biliyində, qətiyyətində, işgüzarlığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi. Azərbaycanı qorumaq, saxlamaq, dövlətçiliyimizi möhkəmləndirmək və inkişaf etdirmək yolları hamar olmasa da ümummilli lider Heydər Əliyev dərin zəkası ilə bütün çətinliklərə sinə gərmək əzmində olduğunu nümayiş etdirdi. Azərbaycanın inkişaf yolu 15 İyun- Milli Qurtuluş Gününə aparan 9 iyun 1993-cü ildən başlandı. Uğurla davam edən Azərbaycanın müstəqilliyinin Heydər Əliyev dövrü dövlətçilik tariximizə xilaskarlıq missiyası kimi yazıldı.
Müstəqil dövlətin lideri
İstər çağdaş Azərbaycan tarixində, istərsə də xalqımızın yaddaşında ümummilli lider Heydər Əliyev müstəqil və suveren dövlətin lideri, xarizmatik siyasət dahisi, əsl vətəndaş kimi özünəməxsus yer tutub. Bu çətin məqamda xalqı ilə birlikdə olduğunu bəyan edən ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da Bakıya gəlişi, qardaş qırğınının qarşısını almaq istiqamətində göstərdiyi səylər Onda olan Vətən, xalq sevgisinin aydın ifadəsi idi. Ümummilli lider iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Ulu öndər yekdilliklə Azərbaycan Respublikasının Prezidenti seçildi. Dövlət başçısı İlham Əliyev çıxışlarında daim müstəqillik tariximizin Heydər Əliyev dövrünün reallıqlarını əsaslı şəkildə qeyd edərək bu çağırışı edir ki, o dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi: “Biz bu tarixi bilməliyik, bilirik və bundan sonra öz fəaliyyətimizi bu möhkəm təməl üzərində quracağıq, necə ki, bu vaxta qədər qurmuşuq. 1993-2003-cü illər həlledici illər olmuşdur.”
Dövlətçiliyin əsasının qoyulduğu illər
1993-2003-cü illərdə dövlətçiliyin əsasları qoyuldu. Milli Konstitusiyamız qəbul olundu. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Azərbaycan beynəlxalq təcriddən çıxdı. Azərbaycan hörmətə layiq olan ölkə kimi tanınmağa başladı. Böyük investisiyalar cəlb edildi. Ordu quruculuğuna start verildi. Kadrların yetişdirilməsi ilə bağlı önəmli addımlar atıldı. O kadrlar ki, bu gün də ölkəmizin müxtəlif sahələrinin inkişafına öz töhfələrini verirlər.
İllər biri-birini əvəzlədikcə 15 iyun 1993-cü il tarixinin önəmi daha aydın dərk olunur. Qurtuluşdan başlanan yol bu gün tam müstəqil və suveren Azərbaycanın daha yüksək zirvələri fəth etməsini şərtləndirir. Qurtuluş Azərbaycanın bugünkü reallıqlarına yol açdı. 1993-2003-cü illər çağdaş tariximizdə sabitlik, inkişaf dövrü, 2003-cü ildən sonrakı dövr isə böyük yolun davamı kimi yer tutur. Böyük şəxsiyyət Heydər Əliyevin dahiyanə uzaqgörənliklə müəyyənləşdirdiyi siyasət nəticəsində müstəqil Azərbaycan xaos, anarxiya, özbaşınalıq və iqtisadi böhrandan xilas oldu, sabitlik, inkişaf dövrünə qədəm qoydu. Ulu öndər
Heydər Əliyev bildirirdi ki, əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz. Uğurlu gələcəyə hesablanmış siyasət Azərbaycanı qısa müddətdə sabitlik diyarına çevirdi. Ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də işğalçı Ermənistanla atəşkəs sazişinin imzalanması ölkəmizdə sabitliyin daha da möhkəmlənməsini, eyni zamanda, digər sahələrdə uğurlu addımların atılmasını təmin etdi.
Ulu öndərin yeni neft strategiyası
Məhz həmin ilin sentyabrın 20-də dünyanın aparıcı transmilli şirkətləri ilə tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişi imzalandı. Bununla Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. Bu saziş ölkəmizin iqtisadi imkanlarını artırmaqla yanaşı, beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirdi. Çoxlarına əfsanə kimi görünən Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum neft-qaz layihələri 2006–2007-ci illərdə reallığa çevrildi. Regional çərçivədə qurulan əməkdaşlıq illər keçdikcə beynəlxalq miqyas aldı. Azərbaycan regional inkişafın aparısı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrildi. Onu da qeyd edək ki, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq 1999-cu ildə Dövlət Neft Fondu yaradıldı. Məqsəd neft gəlirlərinin idarə edilməsində şəffaflıq prinsipinin qorunması, ölkənin hərtərəfli inkişafına xidmət edən sosial-iqtisadi layihələrin uğurlu icrası idi. Ulu öndər bildirirdi ki, neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur. Hazırda Dövlət Neft Fondunun bu ilin 31 mart tarixinə olan məlumata əsasən aktivlərinin həcmi 62 milyard dollardan artıqdır. Neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişaf etdirilməsində neft gəlirlərinin xərclənməsində şəffaflıq kriteriyalarının yüksək səviyyədə qorunması mühüm rol oynayır. Ölkəmizin iqtisadi imkanlarının artması əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində biri-birindən əhəmiyyətli addımların atılmasına yol açdı.
Göründüyü kimi, dahi şəxsiyyətin ölkə iqtisadiyyatının inkişafında neft amilinə böyük dəyər verməsi bu günümüzə və gələcəyimizə hesablanmış inkişaf konsepsiyasının əsas tərkib hissələrindən biridir. Məhz bu mühüm amilə söykənərək dövlətimizin başçısı İlham Əliyev bildirir ki, neftlə zəngin çox ölkələr var. Amma heç də onların hamısında bu resurslar inkişafa, tərəqqiyə xidmət etmir. Əhali arasında təbəqələşmə prosesi sürətli hal alır. Amma Azərbaycanın öz neft strategiyasını, inkişaf konsepsiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə uyğun müəyyənləşdirməsi bu kimi problemləri yaşamamasını şərtləndirdi. Neft gəlirlərinin ədalət prinsipinə uyğun olaraq bölgüsünün həyata keçirilməsi ölkəmizdə uğurlu sosial siyasətə geniş imkanlar açdı.
Ümummilli lider, eyni zamanda, bildirirdi ki, dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsindən istifadə etməklə yanaşı, həm də islahatlar aparmaq, bazar iqtisadiyyatı yolu ilə getmək, insanlara sərbəstlik vermək, torpağı kəndlilərə vermək, onları torpağın sahibi etmək, mülkiyyət formasını dəyişmək lazımdır. Ulu öndər Heydər Əliyevin 1993-cü ildən başladığı islahatlar dahi rəhbərin hakimiyyətinin birinci dövründə gördüyü işlərin davamı idi. Məhz o dövrdə həyata keçirilən islahatlara əsaslanaraq bildirilirdi ki, yaradılmış iqtisadi potensial böyük sərvətimizdir. Bu sərvət Azərbaycanın tam sərbəst, heç bir dövlətdən asılı olmayaraq yaşamasına imkan verir.
Azərbaycan dünyaya Günəş kimi doğdu
Ümummilli lider Heydər Əliyev hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş İttifaqın ən qabaqcıl respublikalarından birinə çevirdiyi kimi, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra xilaskarlıq missiyasını uğurla gerçəkləşdirməklə onun şah əsəri kimi dəyərləndirilən Azərbaycanı zirvələrə qaldırdı, Günəş kimi dünyaya doğmasını təmin etdi, ən əsası xalqımızın öz tarixi torpaqlarına qovuşması, tarixi ədalətin bərpası, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması üçün möhkəm baza yaratdı.
Ərazi bütövlüyümüzün və suverenliyimizin qarantı olan ordu quruculuğu sahəsində görülən işlərin, yaradılan möhkəm təməlin nəticəsidir ki, Silahlı Qüvvələrimiz bu gün dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb. 44 günlük İkinci Qarabağ müharibəsi, eyni zamanda, bir günlük lokal antiterror tədbirləri Azərbaycan Ordusunun gücünün, qüdrətinin dünyaya təqdimatı oldu. Azərbaycanın tarixi Zəfərini şərtləndirən amillər sırasında yer alan diplomatik mübarizədə də Ümummilli liderin düşünülmüş siyasəti öz sözünü dedi. İstər döyüş meydanında, istərsə də diplomatik cəbhədə üstünlüyü ələ alan Azərbaycan Heydər Əliyev siyasətinin uğurlarını dünyaya təqdim etdi. Ümummilli lider hakimiyyətə qayıdışının ilk günündən bu çağırışı etdi ki, müstəqilliyimizi və suverenliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıdan bir amal-azərbaycançılıq ideologiyası ətrafında sıx birlik, həmrəylik tələb olunur. Azərbaycanın diplomatik uğurlarında diasporumuzun rolu da inkaredilməzdir. Ulu öndər Heydər Əliyev bir dövlətin xaricdəki varlığının təsdiqi kimi Azərbaycan diasporunun birliyini, həmrəyliyini vacib amil kimi önə çəkirdi. Məhz onun təşəbbüsü ilə 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Qurultaydan əvvəl Ümummilli liderin çağırışına uyğun olaraq dünyanın müxtəlif ölkələrində Azərbaycan cəmiyyətləri, mərkəzləri yaradıldı. Onların vahid mərkəzdən idarə olunmasına xidmət edən Dünya Azərbaycanlılarının I Qurultayı soydaşlarımızın bir araya gəlməsinə geniş yol açdı. Artıq 2001-ci
ildən başlayaraq hər 5 ildən bir Dünya Azərbaycanlılarının qurultayları keçirilir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyi, həmrəyliyi fonunda həmin ölkələrdə cərəyan edən proseslərə təsir imkanları artır.
Müzəffər xalq əbədi yaşayacaq
Bu gün qürurla tarixi Zəfərimizdən, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından bəhs edərkən onun yaratdığı reallıqlar fonunda 2022-ci ildə Qarabağın tacı Şuşanın 30 ildən sonra dünya azərbaycanlılarını bir araya gətirərək Zəfər Qurultayına şahidlik etməsini xatırlamaya bilmərik. Prezident İlham Əliyev həmin qurultaydakı çıxışında bildirdi ki, buraya gələrkən 2001-ci ildə keçirilmiş ilk qurultayı xatırlayırdım. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk qurultay 2001-ci ildə keçirilmişdir. Ulu öndər dərin məzmunlu çıxışında, eyni zamanda, təbii ki, Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmişdir və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır. Biz - Ulu öndərin davamçıları bu sözləri gerçəyə çevirdik və V qurultaya hazırlıq işləri başlayarkən mənə məruzə edildi və dedim ki, bu qurultay mütləq Şuşada keçirilməlidir. Dövlətimizin başçısı onu da qeyd etmişdir ki, bu gün alnımız açıqdır, üzümüz gülür, başımız dikdir və həmişə belə olacaq. Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz.
Zamanın tələbi ilə yaradılan Yeni Azərbaycan Partiyası
Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edərkən milyonların partiyası kimi nüfuz qazanan Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd etməliyik. Xalqın böyük əksəriyyətinin istəyini özündə əks etdirən 91 nəfər ziyalının ulu öndər Heydər Əliyevə müraciəti, həmçinin dahi şəxsiyyətin bu müraciətə cavabı xalqın ümidinin yalnız ümummilli liderə olduğunu, ulu öndərin isə xalq, dövlət sevgisinin aydın mənzərəsini yaratdı. Zamanın tələbi, xalqın istəyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının çox keçmədən, yəni siyasət meydanına atılmasından 7 ay sonra iqtidar partiyası kimi fəaliyyət göstərməsi xalqın ulu öndər Heydər Əliyevə sevgisini, Yeni Azərbaycan Partiyasına inamını bir daha ortaya qoydu. Çox qısa zamanda xalqın partiyası adını qazanan Yeni Azərbaycan Partiyası daim tutduğu yola sadiqliyi ilə nüfuzunu artırır, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirir. Partiya ilk gündən öz adını qələbələr partiyası kimi də tarixə yazdı. Ölkədə keçirilən seçki proseslərində partiyanın qələbələri xalqın YAP-ın gələcəyinə, həyata keçirilən siyasətə inamına işıq salır. Bu gün hansı sahədən bəhs etsək uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimizdən sonra həmin istiqamətdə baş verən dəyişikliklərdən, təkmilləşdmədən danışmamaq mümkün deyil. Bu baxımdan Yeni Azərbaycan Partiyası da şanlı Qələbəmizin reallıqları əsasında 2021-ci ildə VII qurultayını keçirdi. Zəfər qurultayında dövlətimizin başçısı İlham Əliyev partiyanın qarşısında dayanan vəzifələri açıqladı. Qurultaydakı çıxışında “Yeni Azərbaycan Partiyasının adı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi” söyləyən Prezident İlham Əliyev onu da xüsusi qeyd etdi ki, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq. Həmin Qurultayda formalaşan yeni tərkib, qəbul olunan yeni Nizamnamə, eyni zamanda, 2021-ci ilin sonunda təsdiqlənən “Biz birlikdə güclüyük!” devizi altında yeni Proqram partiyanın yeni dövrdə qarşıya qoyduğu vəzifələrin uğurlu icrasını təmin edir.
(ardı var)
Vüqar RƏHİMZADƏ,
Milli Məclisin deputatı