Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı liderlik statusu

post-img

Budapeştin ev sahibliyi etdiyi Türk Dövlətləri Təşkilatının sammiti yalnız Şərqlə Qərbin qovşağında yerləşən coğrafi məkanın deyil, həm də ideoloji və siyasi mübarizələrin simvoluna çevrildidi. Bu sammitin “Şərq və Qərbin görüşdüyü məkan” devizi ilə keçirilməsi də bu baxımdan xüsusi önəm kəsb edirdi və həm də Avropa İttifaqının üzvü olan Macarıstanın bu zirvəyə ev sahibliyi etməsi yalnız məkanca deyil, siyasi baxımdan da təsadüfi deyildi. TDT-də müşahidəçi statusuna malik olan Macarıstan öz tarixi-mədəni yaxınlığını ön plana çəkərək Türk dünyasına inteqrasiya üçün nadir imkanlar təqdim edir. Budapeşt Zirvəsi Macarıstanın bu istiqamətdə oynadığı mühüm rolun təsdiqidir.

Eyni zamanda Budapeşt zirvəsi ilə TDT özünün funksional ittifaqa çevrilməsi yolunda daha bir addım atmış oldu. Xüsusilə enerji və nəqliyyat sahəsində həyata keçirilən layihələr təşkilata iqtisadi dəyər, informasiya texnologiyaları və təhlükəsizlik sahəsində əməkdaşlıqlar isə strateji dərinlik qazandırdı. Azərbaycanın və Qazaxıstanın enerji potensialı, Türkiyənin siyasi çəkisi, Özbəkistan və Qırğızıstanın Orta Asiyada yüksələn rolu birlikdə TDT-nin beynəlxalq nüfuzunu artırmaq üçün real baza yaradır.

Bu sammit son vaxtda türk dünyasının daxilində süni olaraq yaradılan psixoloji baryerlərin aşılmasında da mühüm bir mərhələ təşkil etdi. Heç şübhəsiz təşkilatın gələcəyi yalnız coğrafi inteqrasiyaya deyil, ortaq strateji şüurun formalaşmasına bağlıdır və bu strukturun hansı məqamlarda “tarixi bağ” formatından çıxaraq real gücə çevriləcəyi əhəmiyyətlidir. Eləcə də, Qərbin enerji və nəqliyyat təhlükəsizliyində türk dünyasına artan marağı təşkilatın qlobal tərəfdaşlıq imkanlarını genişləndirir. Buna görə də TDT daxilində siyasi iradənin davamlılığı, iqtisadi layihələrin real nəticə verməsi və ən əsası – təşkilat daxilindəki fərqli maraqların balanslaşdırılması vacibdir. Bu baxımdan Budapeşt sammiti göstərir ki, bu struktur artıq sadəcə istək və niyyətlərlə yox, formalaşmaqda olan konkret institutlarla, inteqrasiya mexanizmləri ilə çıxış etməyə başlayır. Sammitin sonunda qəbul edilən “Budapeşt Bəyanatı”nın məzmunu bu iqtisadi-siyasi uğurun göstəricisidir.

Budapeşt sammitində Azərbaycan prezidentinin çıxışında əks olunan tezislər də bird aha ölkəmizin birlik daxilndəki yüksək mövqeyini göstərmiş oldu. Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı liderlik statusu daha çox realist beynəlxalq münasibətlər nəzəriyyəsinin əsas prinsiplərinə uyğun olaraq, hərbi, iqtisadi və diplomatik güc elementlərinin balanslı istifadəsi nəticəsində formalaşmışdır. 2020-ci ildə İkinci Qarabağ müharibəsində əldə edilən hərbi üstünlük Bakının həm də yeni bir geosiyasi oyun quruculuğunun başlanğıcı oldu. Eyni zamanda Azərbaycan Xəzər hövzəsinin enerji nəhəngi kimi TDT-nin enerji diplomatiyasının əsas sütunlarından biridir. Azərbaycan öz “qələbə diplomatiyası” ilə bu uğuru daha geniş regional inteqrasiyaya çevirə bildi. Zəngəzur dəhlizi ideyası ümumtürk strateji inteqrasiyası baxımından mühüm bir addımdır və bu dəhliz vasitəsilə türk dövlətləri vahid iqtisadi, siyasi və enerji məkanının formalaşdırılması istiqamətində irəliləyiyəcək. Prezident İlham Əliyevin çıxışlarında tez-tez vurğulanan fikir – “Türkdilli Dövlətlət Təşkilatı keçmişin yox, gələcəyin layihəsidir” gələcək yönlü strateji əməkdaşlığın qurulmasına çağırışdır.

Fəzail İbrahimli
Milli Məclisin deputatı

Siyasət