Güney Azərbaycan türklərinin soyqırımı

post-img

(əvvəli 20, 22 aprel saylarımızda)

Erməni-asurilərin törətdikləri “Cilovluq” faciəsi əsasən Urmiyada olmuşdur. Qərbi Azərbaycan ostandarlığının (vilayət) mərkəzi Urmiya şəhəri tarixən Qərb dünyası üçün böyük strateji əhəmiyyətə malik bir nöqtə olub. Məsələn, İran–ABŞ əlaqələri 1834-cü ildə Urmiyada başlamış, Vatikan bu şəhərdə ilk nümayəndəliyini açmışdı.

1909-cu ildən etibarən Cənubi Azərbaycan ruslar tərəfindən işğal edilmişdi, Urmiya da rusların nəzarətində idi. Faciələr elə buradan başlanmışdı. İran–Türkiyə sərhədində yerləşən bu bölgə həm tarixən, həm də bu gün rəsmi inzibati adı “Qərbi Azərbaycan” olaraq bilinir. Urmiya, Sulduz, Səlmas, Xoy, Qoşaçay, Maku, Tikantəpə, Soyuqbulaq şəhər və qəsəbələri bölgənin mühüm yaşayış məntəqələridir.

Urmiya geosiyasi əhəmiyyətinə görə 150 il terror təşkilatlarının lövbər saldığı məkan olub. Ermənilər buranı da qurmaq istədikləri erməni dövlətinin sərhədləri içərisində görürdülər. Birinci Dünya müharibəsinin başlanması və ondan sonra Qacar (İran) hökmranlığının bitərəfliyini elan etməsi ilə Rusiya və onun müttəfiqləri olan ermənilər üçün tarixi fürsət yarandı və müdafiəsiz Qərbi Azərbaycan Ermənistan üçün əlçatan oldu.

1915-ci ilin payızından etibarən Osmanlılara qarşı Cilovları da yanlarına ala bildilər. Asurilərin dini və siyasi lideri Marşimon Urmiyaya gələrkən Səlmasda rəsmi mərasimlə qarşılandı. Qərbi Azərbaycanda ermənilər və asurilər üçün baza yaradılması planı rəsmi olaraq başlandı. Yalnız 1917-ci ildə Van, Naxçıvan və İrəvandan olan 40 min asuri və 5 min erməni Urmiya və Səlmasda yerləşdirildi. 1917-ci ilin fevralında hakimiyyətə gələn Müvəqqəti Rusiya hökuməti mayın 9-da “Türkiyə Ermənistanı” haqqında Əsasnamə” adlı beş nəfərlik Qafqaz Xüsusi Komitəsi yaratdı. “Türkiyə Ermənistanı” üçün tələb olunan Osmanlı torpaqları Ərzurum, Ərzincan, Muş, Van, Bitlis vilayətləri, Qars və bu vilayətlərin yaratdığı xəttin şərq hissəsində Rusiya sərhədinə qədər uzanan bölgələr idi. Cənubi Azərbaycanın Qərb bölgələrin bir hissəsi də, yeni qurulacaq Ermənistan dövlətinin sərhədlərinə daxil edilmişdi. “Türk Ermənistanı” adlı türk torpaqlarına erməni bir valinin təyin edilməsi erməniləri daha da şitləndirmişdi.

Hakimiyyəti ələ alan bolşeviklər də bu ideyanı dəstəkləyirdilər. 1917-ci il Oktyabr İnqilabı nəticəsində Rusiyada yeni qurulan bolşevik hökumətinin ermənilərə münasibətdə yürütdüyü siyasət əvvəlkindən fərqli olsa da, erməni iddiaları və onların oynadıqları rol dəyişməmişdi. İranın Qərbi Azərbaycan bölgəsi bolşeviklərin “Türkiyə Ermənistanı” layihəsində yer almışdı.

Anadolunun şərqində Rusiyanın bir qolu rolunu oynayan minlərcə erməni və asuri burada əvvəlcədən məskunlaşdırılmışdı. Səlmas və Urmiya şəhərlərində “dəvət edilməmiş bu işğalçı qonaqlar” xalq arasında Cilov adlandırılırdı. “Cilo” qədim assuriyalıların bir tayfasının adıdır. Ciliv dağının ətəklərində yaşadıqlarına görə onlar belə adlandırılırdılar. Qərb mənbələri 1914-cü ildə onların sayının 150 min olduğunu yazır.

Əslində, Osmanlı İmperiyasının hüdudları daxilində böyük bir qrup kimi görünməyən asurilər digər qeyri-pravoslav qruplar kimi erməni millətinə daha yaxın görünürdülər. Başqa sözlə desək, onlar Osmanlı idarəsi tərəfindən fərqli millət hesab edilmirdi. Onların sayı az olduğuna görə İran tərəfindən millət kimi tanınmırdı. Onlar daha çox İraq dağlarında yaşamaqda idilər. Cilovların Qərbi Azərbaycan bölgəsinə gəlişi Birinci Dünya müharibəsinin başlanması ilə sürətlənmişdi. Ermənilər onlara bu bölgə ilə bağlı planlarını gerçəkləşdirmək üçün müttəfiq kimi baxırdılar. Urmiya qırğınlarında da onlar birgə hərəkət etmişdilər.

Urmiya Azərbaycan türklərinin ən qədim məskənlərindəndir. Lakin burada ermənilər və asurilər (cilov) kimi milli azlıqlar da yaşayırdılar. XVІ-XVIII əsrlərdə kürdlər Urmiya vilayətinə köçürülərək, bu torpaqlarda məskunlaşdılar. Xüsusilə Rza xan hakimiyyətə gəldikdən sonra köçürmə siyasəti daha da sürətləndi. 1917-1918-ci illərdə Urmiya vilayətinin 300 min əhalisi var idi. Əhalinin əksəriyyətini Azərbaycan türkləri təşkil edirdi. Onlar şəhərdə və 699 kənddə yaşayırdılar.

XIX əsrin 30-cu illərində Cənubi Azərbaycana Amerika və Avropa missionerləri də gəlməyə başladılar. Onlar bu bölgəyə, guya, Urmiya və Səlmasda yaşayan xristian asurilər və ermənilər arasında öz məzhəblərini təbliğ etmək adı ilə girdilər. Əslində, bu gəliş missionerlik fəaliyyəti idi, müstəmləkəçilik məqsədi daşıyırdı. Birinci Dünya müharibəsində ermənilər və asurilər Osmanlı imperiyasına qarşı savaşda düşmənlərin yanında dayandılar. Onlar Güney Azərbaycanın qərb bölgəsində etnik təmizləmə siyasəti həyata keçirdilər.

1917-ci il rus inqilabı ilə rus ordusu bölgədən rəsmən geri çəkilsə də, müharibənin əvvəlindən cilovları yönləndirən rus konsulu Nikitin idi. 1917-ci il Rusiya inqilabından sonra Amerika, İngiltərə və Fransa dövlətləri təhsil və Qırmızı Xaç yardımı adı altında cilovlara maliyyə və silah dəstəyi verməkdə daha fəal rol almağa başladılar. Məlum olan rəsmi teleqramlarda və məktublarda bu siyasi nümayəndələrin ermənilərin Qərbi Azərbaycanda məskunlaşdırılması və silahlandırılmasında nələr etdikləri aydın görünür. Məşhur Fransız Qızıl Aypara Təşkilatı rəsmi olaraq cilovun silah ehtiyatlarının təchizat mərkəzi kimi fəaliyyət göstərmişdir. Onlar təpədən-dırnağadək silah və pulla təchiz olunduğu halda yerli əhalinin silahları zorla alınıb, evləri talan olunmuş, ticarət mərkəzləri, xüsusilə Urmiya və Səlmas bazarları yandırılaraq yox edilmişdi . Xüsusilə 1918-ci ilin fevralından etibarən cilovların arxa cəbhəsinin güclənməsi ilə on minlərlə Güney Azərbaycan türkü 6 ay boyunca küçələrdə, evlərdə, kəndlərdə vəhşicəsinə qətlə yetirildi.

Çərşənbə axşamı, ilaxır çərşənbə adlanan Novruz bayramı günündə isə Urmiya qan gölünə çevrildi. 19 mart 1918-ci il çərşənbə axşamından başlayaraq, 12 saat ərzində minlərlə urmulu öz torpaqlarında ən dəhşətli şəkildə qətlə yetirildi. Urmiya soyqırımı 159 gün davam etdi, 22 fevral 1918-ci il cümə günü başlayıb, 1 avqust 1918-ci il çərşənbə günü türk ordusunun şəhərə girməsi ilə sona çatdı. Erməni–asuri quldurları şəhəri tərk etməyə məcbur oldular.

Əlində, minlərlə yerli türkün qatili Marşimonun ölümündən sonra qaçan Cilov silahlıları yolda Səlmasın və onun yaxınlığındakı Köhnəşəhərin müdafiəsiz əhalisini qətlə yetirdilər.

Burada xristian bir dövlətin yaradılması ideyası sonrakı tarixlərdə də erməni planlarına daxil olmuşdur. Ermənilər İranın şimalını və Türkiyənin şərq sərhədlərini əhatə edən coğrafiyada muxtar Asuri – Ermənistan dövlətinin yaradılması planını həyata keçirməyə çalışıblar. Bölgəyə nəzarət edən İngiltərəyə müraciət edilib. Qırğınların başında dayanan erməni lider Ağa Petros 1923-cü ildə İngiltərəyə qurulması planlaşdırılan muxtar hökumət layihəsi təqdim edib. Asuri – Ermənistan dövlətinin sərhədlərini göstərən xəritə və dövlət atributları, o cümlədən bayraq layihəsi rəsmən təqdim edilib. 25 maddədən ibarət planı İngiltərə səlahiyyətlilərinin təsdiqinə göndərilib. Həmin layihənin ilk üç maddəsində bu dövlətin qurulmasının səbəbləri, altı alt başlıqdan ibarət dördüncü maddədə isə bunun ingilislər və bölgə ölkələri üçün üstünlükləri göstərilmişdir.

Türkiyə, İran və İraq arasında qurulması planlaşdırılan dövlət İraqın şimal sərhədində Türkiyənin İraqa müdaxiləsinin qarşısını almaqla yanaşı, şimalda yaşayan kürdlərlə güney kürdləri arasında əlaqənin kəsilməsinə də imkan verəcəkdi. Ermənilər bu işin gerçəkləşməsinə kürdlərin mane olacaqlarını düşünürdülər. Bundan əlavə, türk qüvvələrinin mümkün hərbi əməliyyata başlayaraq Mosula enməsi halında, İraq kralı Faysal hərbi gücünün mənbəyini asurilərdən ibarət hərbi birləşmələrdən təşkil edəcəkdi və beləliklə, ingilislər öz fəaliyyətləri üçün unikal hərbi gücə malik olacaqdılar. Təqdim olunan layihənin yekun bəyannamədə ermənilərin də bu “dövlət”in tərkibində milli azlıqlar da təmsil olunacaqdılar. Bölgənin əsas əhalisi Azərbaycan türkləri milli azlıq kimi təqdim edilirdi. Ağa Petros və başqa erməni-asuri liderlər düşünürdülər ki, bir qədər sonra Azərbaycan türklərinin buradan çıxarıb azlıq vəziyyətinə sala biləcəklər. Təbii ki, bu layihə kağız üzərində qaldı.

Sonda birmənalı şəkildə deyə bilərik ki, Güney Azərbaycanın qərbində silahlı erməni və asurilərin Azərbaycan türklərinə qarşı törətdikləri qanlı olaylar bütün parametrləri ilə soyqırımı aktı idi. Bu akt BMT-nin 1948-ci il Konvensiyasına görə soyqırımı sayılmalıdır. Onu planlaşdıran və törədənlərin rəsmi yazışmaları, qeydə alınmış ifadələri beynəlxalq soyqırımı anlayışını tam təsdiqləyir. Etnik və məzhəb zəminində müdafiəsiz xalqın öz torpaqlarında kütləvi qətli bəşəri cinayətdir.

Qafar ÇAXMAQLI,
XQ-nin Türkiyə müxbiri

Siyasət