“The New York Times” (NYT) qəzeti ABŞ Konqresindəki Kiyev tərəfdarlarına istinadən yazır ki, Ağ evdə Ukraynaya növbəti hərbi yardım paketi ilə bağlı ciddi müzakirələr “faktiki olaraq aparılmır”. Qəzetin yazdığına görə, avropalı rəsmilər də ABŞ-dan Ukraynaya kəşfiyyat məlumatlarını ötürməyə davam edəcəklərinə dair zəmanət almayıblar. Bütün bunların da fonunda Ukrayna və onun müttəfiqləri ABŞ-ın yardımının mümkün kəsilməsinə hazırlaşmağa başlayıblar.
Bu günlərdə ABŞ prezidenti Donald Tramp bildirib ki, münaqişənin həlli üzrə danışıqlar nəticə verməsə, Kiyevə hərbi tədarükləri dayandıra bilər. Dövlət Departamenti də təsdiqləyib ki, tərəflərdən biri və ya hər ikisi əməkdaşlıqdan imtina edərsə, Vaşinqton münaqişənin həlli istiqamətində səylərə rəhbərlik etmək niyyətində deyil. “The Economist” qəzeti də yazıb ki, prezident Trampın köməkçiləri Avropanın Ukraynanı gücləndirmək cəhdlərindən “boğaza yığılıblar”. Ancaq “Qoca qitə”də tam fərqli mövqe sərgiləyirlər. Məsələn, Avropa diplomatiyasının rəhbəri Kaja Kallas 2025-ci ildə Avropa İttifaqının Ukraynaya daha çox hərbi yardım göstərəcəyini bildirib.
Ümumiyyətlə, ABŞ-ın dəstəyinin azalması ilə bağlı narahatlıqlar fonunda, Ukrayna Rusiya ilə qarşıdurmasında əsas silahın - artilleriyanın istehsalını artırır. “The Washington Post” (WP) yazır ki, müharibənin gələcəyi getdikcə qeyri-müəyyənləşdikcə, avropalı müttəfiqlər Ukrayna istehsalı olan artilleriyaya, xüsusən Rusiya ilə müharibə zamanı istehsalı kəskin şəkildə artmış “Boqdana” özüyeriyən haubitsalarına daha çox sərmayə yatırırlar. Avropalı məmurlardan biri qəzetə deyib ki, daha çox ölkə Ukraynanın müdafiə sənayesinə silah tədarük etmək əvəzinə pul verməyi düşünür, çünki Avropanın öz ehtiyatları Kiyevə silah tədarükündən sonra sürətlə tükənir.
Məmurun sözlərinə görə, bu strategiya həm də NATO ölkələrinə Ukraynadan silahların istehsalı üçün sınaq meydançası kimi istifadə etməyə də imkan verir. Avropa rəsmisi əlavə edib ki, “Bu, uduşsuz vəziyyətdir, Avropaya daha ucuz başa gəlir. Kiyevə istehsal lazımdır. Ukraynalılar da bizimlə təcrübələrini bölüşürlər”.
WP qeyd edir ki, cəbhə xəttində pilotsuz təyyarələrin sayının artmasına baxmayaraq, artilleriya münaqişənin əsas hissəsi olaraq qalır. Pilotsuz təyyarələrlə müqayisədə artilleriya səngər əməliyyatlarını daha effektiv şəkildə yatıra, hücumları dayandıra və rəqibləri məhv edə bilər.
Ukrayna Müdafiə Nazirliyinin Müdafiə təchizatları agentliyinin direktoru Arsen Jumadilov qeyd edib ki, Ukrayna Rusiyanın 2022-ci ildə hücumundan sonra NATO sdandartlarına uyğun silahların istehsalı sahəsində “böyük irəliləyiş” əldə edib. Onun sözlərinə görə, “Boqdana” üçün lazım olan hissələrin 85 faizindən çoxu Ukraynada istehsal olunur və ilin sonuna qədər bu rəqəm 95 faizə yüksəlməlidir: “Hazırda Ukraynada özüyeriyən silahlar Avropada analoqu olmayan həcmdə istehsal olunur”.
Mütəxəssislər bildirirlər ki, Ukrayna silah istehsalında irəliləyiş əldə etməklə yanaşı, əsgər çatışmazlığı problemini də həll etməyə çalışır. “Forbes” yazır ki, Ukrayna daimi piyada çatışmazlığını kompensasiya etmək üçün yerüstü robot sistemlərinin istifadəsini artırır. Mart ayında Ukrayna rəsmiləri bildirmişdilər ki, 2025-ci ildə cəbhə xəttində 15 min yerüstü robot yerləşdirmək planlaşdırılır. Vaşinqtondakı Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin əməkdaşı Yekaterina Bondarın sözlərinə görə, heç kimə sirr deyil ki, Ukrayna kəskin hərbi qulluqçu çatışmazlığı ilə üzləşir. Buna görə də, robotların tətbiqi bu problemin həllinə az da olsa, təsir göstərir.
Bundan başqa, Ukrayna dron istehsalını sürətlə artırmaqda əla nəticələr göstərib. Amma yerüstü dronlarla bağlı vəziyyət bir qədər mürəkkəbdir. Belə ki, Ukrayna Müdafiə Nazirliyi 50-yə yaxın yerüstü robotun istifadəsinə icazə verib, lakin reallıqda onlardan yalnız 10-15 ədədi sistemli şəkildə cəbhədə istifadə olunur. Bu, praktiklik problemləri ilə bağlıdır, çünki robotların tətbiqi ilə bağlı yaranmış vəziyyət kiçik FPV dronları ilə müqayisədə daha mürəkkəbdir. Bondarın sözlərinə görə, əgər robot yanacaqla işləyirsə, onu da daşımaq lazımdır, əgər batareyalarla işləyirsə, onlar böyük və ağır olacaq və generatorların doldurulmasını tələb edəcək”.
Döyüş meydanının mürəkkəb relyefi də problem olaraq qalır. Robotlar qar və palçıqda ilişib qalırlar. Bununla yanaşı, sadə avtomatlaşdırılmış sistemlər artıq müdafiədə yaxşı nəticələr göstərir. Bütün bu addımlar onu göstərir ki, Ukrayna və Avropa ABŞ-ın mümkün geri çəkilməsini nəzərdən qaçırmırlar və cəbhədə vəziyyətin kritik həddə çatmasına imkan verməmək üçün hərbi sahəyə sərmayələr yatırırlar.
S.ELAY
XQ