İnsan beyni və süni intellektin yaradıcı fərqi
Dünyanın dörd bir tərəfində elmi mərkəzlər, texnoloji nəhənglər və etik komitələr eyni sualın ətrafında fırlanır: Süni intellekt (Sİ) nədir və onun inkişafı bizi hara aparır? Artıq bu texnologiya yalnız informasiya emal edən bir alət deyil. O, qərar verir, öyrənir, məsləhət verir, hətta bəzən bizə oxşar şəkildə düşünür. Amma bir sual açıq qalır: Süni intellekt zəkadırmı? Bunun üçün əvvəlcə zəkaya baxmalıyıq. Zəka nədir? Yalnız verilənləri emal etmək bacarığı? Yoxsa qavrama, empatiya, estetik duyum, intuitiv düşüncə ilə həyatın içində "yaradıcı varlığa" çevrilmək?
İnsan beyni bioloji bir fenomen olduğu qədər də mədəni bir məkandır. İnsan yalnız öyrənmir, eyni zamanda, duyur, hiss edir, xatırlayır, təsəvvür edir. Onun zəka anlayışı nəinki analitik, riyazi və verbal bacarıqlarla, həm də metaforik düşüncə, yaradıcılıq, musiqi duyumu və emosional reaksiyalarla formalaşır.
Süni intellekt isə, hər şeydən əvvəl, riyazi kodlar üzərində işləyən modeldir. Onun hafizəsi “xatırlamaq” deyil, “saxlamaq”dır. Onun danışığı “anlamaq” deyil, “nümunədən təqlid”dir. O, bir cümləni tamamladıqda bizə bənzədiyi üçün ağıllı görünür, amma arxasında şüur yoxdur.
Burada böyük filosofların və neyrobioloqların müzakirəsinə qayıdırıq: Şüurla zəka eyni qavrayışlardımı? Əgər şüur yoxdursa, zəkanın dəyəri varmı? Süni intellekt hansısa prosesin içində yaradıcı ola bilərmi, ya sadəcə, yaradıcı davranışı təqlid edirmi?
Məsələn, Sİ bir musiqi bəstələyə bilər. Onun yaratdığı kompozisiya texniki baxımdan mükəmməl ola bilər. Amma bu kompozisiyanın içindəki kədər, bir insanın yaşadığı ayrılıqdan doğan melodik sarsıntı yoxdur. Çünki o, heç vaxt sevməyib. Əgər musiqi bir həyat təcrübəsinin melodiyasıdırsa, Sİ-nin yaratdığı, sadəcə, səsin düzümüdür.
Həmçinin, Sİ bir poema yaza bilər. İntonasiyaları yerində, bənzətmələri parlaq, metaforaları zəngin. Amma bu şeirdə "vicdan" yoxdur. "Bağışlama" yoxdur. Çünki onu yazan varlıq heç vaxt xəta etməyib, üzr istəməyib, günahın ağırlığını hiss etməyib.
Bu fərq haradadır? Empatiya və təcrübə dediyimiz sahədə.
İnsan beyni uşaqlıqdan qocalığa qədər sonsuz sayda hiss, hadisə, sosial qarşılıqlı münasibətlə formalaşır. İnsan yaddaşı yalnız informasiya yığımı deyil, həm də duyğuların qat-qat yığıldığı yaddaşdır. Və insanın zəka fəaliyyəti bu zəngin təcrübə fonunda baş verir.
Süni intellektin isə təcrübəsi yoxdur. Onun yaddaşı kontekstdir, amma təfsir deyil. Onun reaksiyası sürətlidir, amma niyyət yoxdur. O, nəticə çıxarır, amma peşman olmur. O, məsuliyyət daşımır.
Bu fərq etik dilemmalara də təsir edir. Əgər qərar qəbul edən texnologiya insan kimi düşünmürsə, onun verdiyi qərarın məsuliyyəti kimə məxsusdur? Süni intellektlə idarə olunan avtomobil qəza törədərsə, günahkardırmı? Əgər onun yaratdığı səhv bir diaqnozla insan həyatını təhlükəyə atarsa, məsuliyyət kimindir – proqramçınınmı, istifadəçininmi, yoxsa sistemin özünün?
Sual artır: Süni intellekt yaradıcılıq sərgiləyəndə – məsələn, rəsmlər, musiqilər, romanlar yazanda – bu yaradıcılıq kimə aiddir? Mülkiyyət kimindir? Mənbə haradır? Bizim dünyamızda müəlliflik ideyası insan təcrübəsinə əsaslanır – yaşananın ifadəsinə. Bəs yaşanmayan bir hissin ifadəsi müəlliflik sayıla bilərmi?
Texnoloji tərəqqi, əlbəttə, dayanmamalıdır. Süni intellektin səhiyyədə, təhsildə, elmdə verdiyi töhfələr danılmazdır. Amma biz bu inkişafın içində insanı unutmamalıyıq. Daha doğrusu – insanlığın ölçülərini.
Unutmayaq ki, Sİ insan beyninin yaratdığı ən mürəkkəb texnologiyadır. Amma onu yaradan beynin özündə hələ açılmamış qapılar, dərk olunmamış sirlər qalır. Sİ bu sirri təqlid edə bilər, amma yaşaya bilməz.
Ona görə də biz bu yeni dünyanın kodlarını anlamağa çalışarkən, bir şeyi unutmamalıyıq: Texnologiyanın zirvəsi bizə bənzəyəndə deyil, bizə xidmət edəndə dəyərlidir. Və süni intellektin sınağı ondadır ki, o, bizi əvəz etməyə yox, bizi tamamlamaya gəlsin.
İnsan beyni hələ ki, təkrarolunmaz bir möcüzədir. Onun hissləri, instinktləri, qorxuları və arzuları ilə birlikdə. Süni intellekt isə bu möcüzənin aynadakı əksi kimidir – tanış, amma ruhsuz.
Əgər insanlıq bu aynaya aludə olub öz surətini itirərsə, o zaman süni intellektin gələcəyi təhlükə deyil, boşluq olar. Və bu boşluğu heç bir kod doldura bilməz.
Oğuz ARİF