Serj Sarkisyan və “Fəryad”ın Xoren obrazı

post-img

Ermənistanın üçüncü prezidentinin sərsəmləmələrinə sözardı

Ermənistanın üçüncü prezidenti, Xocalı canisi Serj Sarkisyan özünün rəhbərlik etdiyi Respublikaçılar partiyasının qurultayındakı çıxışı ilə kimi xatırlatdı. Bunu yazımızın sonunda diqqətə çatdıracağıq. Hələlik isə Serjikin sərsəmləmələri ilə bağlı bəzi nüansların üzərində dayanaq. Daha doğrusu, üç məqamı vurğulayaq.

Birincisi, S.Sarkisyan “Artsax” ağlaşması qurur. İkincisi, o, ölkənin hazırkı iqtidarını hədəfə alır və onu ölkədə baş alıb gedən qanunsuzluqlarda, ən başlıcası, Qarabağın itirilməsinə görə günahlandırır. Üçüncüsü isə Serjik ad çəkmədən baş nazir Nikol Paşinyanın hakimiyyətə gətirilməsinə kömək göstərmiş qüvvənin mövcudluğu üzərində dayanır və həmin qüvvəyə xitab edərək, bir növ, onun seçiminin düzgün olmadığını əsaslandırmağa çalışır.

Əlbəttə, S.Sarkisyan erməni faşizminin təmsilçisidir və belə bir şəxsin hələ də Ermənistanın siyasi həyatında qalması, onun həmfikirlərinin və ardıcıllarının mövcudluğu göstərir ki, avantürizm hay cəmiyyəti üçün aktuallığını saxlamaqdadır. Nəzərə alaq ki, Ermənistanda Serjik kimi düşünənlərin çevrəsi genişdir. Ən pisi isə odur ki, ölkənin hazırkı hakimiyyəti də mahiyyətcə Sarkisyan xislətlilərdən bir o qədər geri qalmır. Sadəcə, Paşinyan iqtidarının avantürizmi qorumağa yönəlmiş forma və metodları fərqlidir.

S.Sarkisyan Paşinyanı hakimiyyətə gətirən “gözəgörünməz” qüvvələri ittiham edərkən, təxminən bunu demək istəyirdi: Biz erməni avantürizmini Nikoldan və komandasından daha yaxşı həyata keçirirdik. Paşinyana dəstək verməklə və hakimiyyətdən getməyimizə şərait yaratmaqla böyük səhvə yol verdiniz. Digər tərəfdən, Sarkisyanın fikirlərindən onun erməni xalqını da günahlandırdığı duyulur. O, faktiki olaraq, sadə ermənilərin yalandan xoşbəxt gələcək vəd edən yaramaza aldandıqlarını vurğulayır.

S.Sarkisyanın partiya qurultayındakı çıxışından gəlinən daha bir nəticə budur ki, Serjik Paşinyanın komandasının onu təqib etməsindən narahatlıq keçirir. Amma geri çəkilməyi düşünmür və bildirir ki, hazırda Ermənistanda bütün səviyyələrdə keçmiş SSRİ dövrünün repressiyaları təkrarlanır. Nikolu hakimiyyətə gətirən amorf qüvvələrə buna görə də ittiham yağdıran Sarkisyan obrazlı danışmaq bacarığına güc verərək deyir: “Bizim sonuncu qurultayımızda bu mövzunu gündəmə gətirdim və dedim ki, sürüdə ən möhkəm anqıran uzunqulağın alnından öpmək barədə onlara məsləhəti mən görməmişdim. Deyəsən, bu onların çox böyük səhvləri oldu. İndi son dövrlər baş verən hadisələri nəzərə alaraq, öz fikrimi deyirəm: “Öpdüyünüz uzunqulağı bizim qızımıza yaxın qoymayın”. Uzunqulağın alnından öpən hər kəs məsuliyyət daşıyır”.

Tam aydındır ki, S.Sarkisyanın uzunqulaq kimi qələmə verdiyi şəxs baş nazir Nikol Paşinyandır. Xocalı cəlladının subliminal xarakterli çıxışının, əslində isə püskürdüyü kin və hikkənin digər müxtəlif təzahür formaları barədə də söz açmaq mümkündür. Amma buna ehtiyac duymuruq. Ancaq onun sərsəmləmələri bir neçə məqamın üzərində dayanmağa əsas yaradır.

Birincisi, Ermənistan siyasi həyatı gərginlik fazasını qoruyur və azacıq qığılcım baş versə, partlayış mütləqdir. Əlbəttə, demək olmaz ki, Sarkisyan və onun tərkibində təmsil olunduğu qatı revanşist və şovinist kəsim güclüdür. Əksinə, erməni cəmiyyətində bu qütbə münasibətdə qəzəb və hiddət var. Qəzəb və hiddət Sarkisyan-Koçaryan xunta rejiminin erməni xalqına yaşatdığı səfalət və zülmdən qaynaqlanır. Ona görə də xalq Paşinyanın “Çörək və tamaşa” vədinə hələ də inanır.

Ermənistanda güclü mahiyyətini qoruyan isə Sarkisyan kimilərin daşıdığı revanşist ideya və avantürizmdir. Böyük ölçüdə yanaşsaq, erməni cəmiyyəti həmin avantürizmin davam trayektoriyası baxımından Paşinyandan başqa kimisə tapa bilmir və sonuncu bu səbəbdən də hakimiyyət kreslosundan möhkəm yapışmağı bacarır. Deməli, haqqında söz açdığımız gərginlik fazasının iqtidarın dəyişməsi durumunu formalaşdıracaq partlayış üçün qığılcımı yoxdur və ümumən, bu, mümkünsüz görünür.

İkincisi, ümumən müstəqil dövlətinə malik dünya xalqlarının siyasi sistemində başqa ölkəyə qarşı ərazi iddiasının səsləndiyi məmləkətə çox az rast gəlinir, bəlkə heç yoxdur. S.Sarkisyanın “Artsax” ağlaşması qurması Ermənistanı bu baxımdan ön plana çıxarır. Azərbaycan rəhbərliyi də məhz buna görə vurğulayır ki, Ermənistandakı faşizmin kökünü kəsmək lazımdır, bunu ya erməni iqtidarı özü, ya da biz edəcəyik. Çünki faşist zehniyyət sahibləri ölkənin müxalifət kəsimini təmsil etməklə hakimiyyətə iddialıdırlar. Onların iqtidar köklənişi Cənubi Qafqazda sülhü və sabitliyi təhlükə altına alır. Təhlükəyə düşən isə bütövlükdə regiona tarixən bağlı xalqların maraqları, bölgənin gələcək inkişafıdır. Yaxşı olar ki, beynəlxalq ictimaiyyət məsələyə diqqət yetirsin və həssas yanaşsın. Həm də ona görə həssas yanaşsın ki, Paşinyan iqtidarı bir tərəfdən Sarkisyana bənzər revanşist canilərin öhdəsindən gələ bilmir, digər yandan özü də onlar kimi davranır.

İndi də əvvəldə diqqətə çatdırdığımız məqama qayıdaq. Yəqin, oxucularımızın böyük əksəriyyəti Azərbaycan kinematoqraflarının 1993-cü ildə çəkdiyi, ssenari müəllifi Vaqif Mustafazadə, baş rol ifaçısı və rejissoru mərhum Ceyhun Mirzəyev olan “Fəryad” filmini izləyib. Həmin filmdə bir çox erməni obrazları var ki, onlardan biri də Xorendir. Hesab edirik ki, S.Sarkisyan partiyasının çıxışında “Artsax” vay-şüvəni qaldırmaqla məhz həmin Xoreni xatırlatdı. Yəni, “Qarabağ” deyib başını divara döyən xəstə ermənini. Bugünkü Ermənistan reallığında xorenlər başlarını divara çırpmaqdan başqa heç nəyə yaramırlar. Sarkisyan da həmçinin. Divara vurulan baş isə yarılmalıdır. Özgə yolu yoxdur.

Ə.RÜSTƏMOV
XQ

Siyasət